Onlayn ictimai-siyasi qəzet
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan çikungunya virusunun qlobal miqyasda sürətlə yayılmasından ciddi narahatlıq keçirir.
Musavat.com xəbər verir ki, təşkilatın açıqlamasına görə, artıq bu virus 119 ölkədə qeydə alınıb və nəzəri olaraq 5,6 milyard insan üçün yoluxma riski mövcuddur.
Virusun yeni ocaqlarından biri Çinin cənubudur. Çin dövlət televiziyasının yaydığı məlumata görə, Guangdong əyalətinin Foşan şəhərində 2 659 yoluxma halı qeydə alınıb. Bu səbəbdən şəhərdə 53 xəstəxana bu xəstəliklə mübarizə üçün ayrılıb. Rəsmilər bildirir ki, qeydə alınan hallar yüngüldür.
Çin hökuməti beynəlxalq səyahətlərin artması fonunda virusun yayılma riskinin yüksək olaraq qaldığını bəyan edib və insanlara profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib.
Çikungunya virusu (CHIKV) Asiya pələngi də daxil olmaqla bir neçə növ ağcaqanad tərəfindən yayılır. Ölümcül olmasa da, virus yüksək qızdırma, oynaq və əzələ ağrıları, baş ağrısı, eləcə də həddindən artıq yorğunluqla müşayiət olunur.
Əksər hallarda xəstəlik 1-2 həftə ərzində keçib getsə də, ÜST-nin məlumatına görə, yoluxanların təxminən 40 faizində bu simptomlar aylarla, bəzən illərlə davam edə bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar və körpələr üçün virus təhlükəlidir.
Təşkilat bildirir ki, aşağı immunitetə malik əhali arasında virus çox sürətlə yayılır. Məsələn, Fransanın Reunion adasında virusun qısa zamanda əhalinin üçdə birinə sirayət etdiyi qeyd olunur. Mayotte və Mavrikiy kimi digər adalarda da böyük miqyaslı epidemiyalar qeydə alınıb.
ÜST ölkələri təcili tədbirlər görməyə çağırıb. Hazırda virus insandan insana keçmir.
Bununla yanaşı, Avropada müşahidə edilən güclü istilər virusu daşıyan pələng ağcaqanadlarının qitə üzrə yayılmasını sürətləndirib. Bu günə qədər yoluxmalar əsasən çikungunya yayılmış ölkələrdən gələn insanlarda aşkarlansa da, artıq Aralıq dənizi bölgəsində lokal yoluxmalar qeydə alınır. İyulun əvvəlində Fransanın Strasburq şəhəri yaxınlığında, Almaniya sərhədinə yaxın ərazidə yoluxma hadisəsi təsdiqlənib.
Almaniyada isə pələng ağcaqanadları artıq Baden-Vürtemberq, Hessen, Reynland-Pfalz, Bavariya, Türingiya, Berlin və Şimali Reyn-Vestfaliya kimi əyalətlərdə geniş yayılıb.
Hazırda virus əleyhinə İkşik və Vimkunya adlı iki peyvənd mövcuddur. Lakin yaşlı insanlarda müşahidə edilən bəzi yan təsirlərlə bağlı İkşik peyvəndi Avropa Dərman Agentliyi tərəfindən əlavə araşdırmalara cəlb edilib.
Qeyd edək ki, çikungunya adı Tanzaniyanın cənubundakı yerli dildən götürülüb və tərcümədə “qorxulu” mənasını verir. Xəstəlik ilk dəfə 1950-ci illərin əvvəllərində həmin bölgədə aşkarlanıb.
İqbal RZAYEV,
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ