Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın milli neft şirkəti SOCAR iki gün əvvəl Özbəkistanda neft-qaz sazişi imzalayıb. Verilən məlumata görə, SOCAR-"Uzbekneftegaz" Konsorsiumu ilə Özbəkistan Hökuməti arasında imzalanan saziş “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatını nəzərdə tutur.
Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. HPBS çərçivəsində ən azı 1000 kvadrat kilometr ərazidə 3D seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Onun nəticələrinə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılacaq.Saziş “Üstyurt” investisiya bloklarının - Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy, - kəşfiyyatı, işlənməsi və hasilatını əhatə edir.
Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, 2018-ci ilin may ayında Uzbekneftegaz, SOCAR və BP Exploration (Caspian Sea) memorandum imzalamışdılar - şirkətlər Ustyurt bölgəsinin Aralomorsky, Samsko-Kosbulaksky və Baitereksky investisiya bloklarının birgə geoloji tədqiqatını nəzərdən keçirməyə dəvət edilmişdi. 2021-ci ildə BP Ustyurtdakı neft və qaz yataqlarının işlənməsindən imtina edib. “Uztransqaz”ın keçmiş rəhbəri Bekhzod Normatov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib ki, Britaniya şirkətinin layihədən çəkilməsinə səbəb onun strategiyasında kəskin dəyişiklik olub.
2024-cü ilin avqustunda “Özbəkneftqaz” və SOCAR arasında neft-qaz sektorunda əməkdaşlıq haqqında saziş imzalanıb.
Neft-qaz hasilatının artırılması istiqamətində rəsmi Daşkənd Rusiya şirkətləri ilə də əməkdaşlıq edir. 2004-cü ildə Özbəkistan hökuməti Lukoil ilə Kandım-Xauzak-Şadı layihələri (35 il müddətinə, 2014-cü ildə daha 7 il - 2046-cı ilə qədər uzadılıb) və Cənub-Qərbi Hisar (2007-ci ildə qüvvəyə minib və 3203-cü ilə qədər nəzərdə tutulub) üzrə hasilatın pay bölgüsü sazişi (PSA) imzalayıb.
Rusiyanın “Qazprom” şirkəti ilə “Şaxpaxtı” yatağı (2004-cü ildən - 15 il müddətinə, 2018-ci ildə 5 il uzadılıb) və Djel (2018-ci ildə 25 il müddətinə imzalanıb) üzrə PSA sazişləri imzalayıb.
Digər HPBS 2017-ci ilin aprelində Surxandərya rayonunda yerləşən “Müstəqilliyin 25 İlliyi” (M25) yatağı üçün - qaz-kimya kompleksinin tikintisi üzrə 35 il müddətinə imzalanıb. Energetika naziri Jurabek Mirzamaxmudov qeyd edib ki, bu layihə üzrə geoloji kəşfiyyat işləri ən azı 8 il çəkəcək.
İyulun 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətin xarici tərəfdaşlarla birgə layihələrin gedişi və perspektivlərinə dair məlumatını aldıqdan sonra neft-qaz sənayesində layihələrin icrasını sürətləndirmək və karbohidrogen hasilatını artırmaq barədə göstəriş verib. Özbəkistan mətbuatının məlumatına görə, prezidentə Azərbaycanın neft-qaz şirkəti SOCAR ilə Ustyurt rayonunda karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsi haqqında sazişə dair məlumat da verilib. Özbəkistan Milli Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Özbəkistanda 21,78 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır. Neft hasilatı da 11,2 faiz azalaraq 323,8 min tona düşüb. Benzin istehsalı daha kəskin - 14,8 faiz azalaraq 575,6 min ton təşkil edib. Bununla yanaşı, kömür hasilatı 16,5 faiz artaraq 3,07 milyon tona, dizel yanacağının istehsalı 10,4 faiz artaraq 557,5 min tona çatıb.
Qeyd edək ki, Özbəkistan son illərdə elektrik enerjisi və yanacaq təminatı sahəsində ciddi problemlər yaşayır. Soyuq qış ayları ilə yanaşı hazırda yay mövsümündə də ölkənin əksər ərazilərində enerjinin verilməsində fasilələr tətbiq olunur. Buna görə də Özbəkistan rəhbərliyi enerji istehsalının artırılması üçün xarici investorlarla əməkdaşlığı genişləndirir. O cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyədən olan şirkətlərlə milyardlarla dollar dəyərində alternativ enerji istehsalı layihələrinin icrasına başlanıb.
Prezident Ş.Mirziyoyev hökumət qarşısında ölkənin bütün enerji və qaz infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi, o cümlədən əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin edilməsi ilə bağlı vəzifələr qoyub. Hazırda Özbəkistanda eyni vaxtda şəbəkələrin və yarımstansiyaların təmiri və modernləşdirilməsi işləri aparılır, generasiya qurğularının stabil işləməsi üçün yanacaq ehtiyatları, ehtiyat hissələri və avadanlıqlar formalaşdırılır.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, müstəqillik dövründə Azərbaycanda cəmi bir neft yatağı - “Qarabağ”, iki qaz-kondensat - “Şahdəniz”, “Abşeron” və “Ümid” yataqları aşkarlanıb: “Bundan başqa, müstəqillik illərində heç bir yeni neft-qaz yatağı aşkarlanmayıb. Buna görə də SOCAR çox düzgün addım ataraq Azərbaycandan kənarda mümkün qədər azriskli kəşfiyyat və hasilat layihələrinə yatırımlar edir. 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində neft layihəsinə, 2025-ci ilin yanvarında İsraildə qaz yatağına yatırımlar edilib. İndi də növbəti addım Özbəkistanda atılıb. Hələlik kəşfiyyat layihəsidir, iqtisadi baxımdan səmərəli ehtiyatlar aşkarlanarsa, kommersiya şərtləri razılaşdırılmaqla hasilata başlanacaq. Ümid edək ki, kəşfiyyat işləri uğurlu nəticələr verəcək”.
Yazını hazırladı: Dünya SAKİT
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ