Onlayn ictimai-siyasi qəzet
90-larda, müstəqilliyə atıldığımız dövrdə yağışdan sonra çıxan göbələk misalı çoxlu özəl universitetlər yaranmışdı. Bunların bəzilərinin çox qəribə adları yadımda qalıb. Məsələn, biri San Marino Universiteti, ya da onun Bakı filialı kimi bir şey adlanırdı. Niyə San Marino, bu cırtdan Avropa ölkəsini bizimlə nə bağlayır, heç kəsə məlum deyildi. Yaxud, Futurologiya kimi dəbdəbəli, fısqırıq adlı ali məktəb qayırmışdılar. Deyirdilər ki, bunu yaradan kişi Əbülfəz Elçibəyin dostudur, ona görə imkan veriblər.
Biləcəridə dəmiryolu xəstəxanasının binasında bir kişi nəsə universitet açmışdı, sonra içində qaynanası, arvadı, qaynı-filan olmaqla toplu qətliam törətdi, yanılmıramsa, ömürlük həbs verdilər. Beyləqanda hüquq universiteti açılmışdı, təsəvvür elə. Daşburun kanalında çimib Roma hüququnu öyrənirdilər.
Beynəlxalq Universitetin müdiri Elşad müəllimin əhvalatını təxminən bilirsiniz, tozanağı nisbətən təzə yatıb. İndi isə qəfildən Təfəkkür Universitetini yadımıza saldılar. Prokurorluq 12 il qabaq TU prorektorunu qətlə yetirməkdə şübhəli kimi həmin dövrün rektorunu tutubdur.
Əlbəttə, indiyə universitet qalmayıb. Təfəkkür 1992-də açılıb, 2016-da birdəfəlik bağlanıb. Həmin rektor Müşfiq müəllim hazırda ETN nəzdində İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyirmiş. Bu institut son illərəcən AMEA-ya daxil idi. Baş direktoru isə köhnə AMİP-çi deputat Nazim İmanovdur.
Prokurorluğun iddiasına görə Müşfiq müəllim 12 il qabaq Tariyel müəllimi (rəhmətlik prorektorun adı belədir) universitetin maliyyəsini tam ələ keçirmək üçün sifarişlə qətlə yetirib.
Maraqlıdır ki, Müşfiq müəllim uzun illər bizim Ali Attestasiya Komissiyasında iqtisadiyyat sahəsinə baxıb. Kim bu elm üzrə dərəcə almaq istəsə, onun bığının altından keçməliymiş. Obrazlı yazsaq, sifarişlə adam öldürənlər bizdə oxşar həvəs və sifarişlə elmi öldürürlər. İqtisadiyyatımız necədirsə, elmi də o gündədir. Başqa nə cür olmalıydı?
Hələ mənim, hesab edin, elmdən qandığım qrafa yoxdur, bəs Müşfiq müəllimin doktorluq işinin, alimlik mövzusunun adı sizcə nədir? Buyurun: “Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri”. Sanarsan adam bp şirkətinin-zadın müdiridir. Ya da Şell şirkəti harda quyu qazmağı şəxsən bundan soruşurmuş. Bu qədər əlaqəsiz, amorf, cəfəngiyyat elmi mövzu ola bilərmi? Mövzunun axmaqlığı elə ilk sözlərdən məlumdur, çünki neftçıxarma elə özlüyündə istehsaldır, təkrar yazmağın mənası yox idi. Ya neft istehsalı yazacaqsan, ya da neftçıxarma. İkisi bir yerdə tavtologiya ilə məşğul olmaqdır. Yıxılana balta çalmaq kimi çıxır, anlayıram, ancaq biz nə edək ki, bu “görkəmli iqtisadiyyat alimi”nin ismi-şərifini ilk dəfə prokurorluğun məlumatından öyrənirik?
Ancaq mən bir şeyi anlamıram ki, Təfəkkür Universitetini o zaman niyə bağladılar. Guya kimdən əskik idilər? Bütün başqa ali məktəblərimiz kimi, adına dəxli olmayan bir yer idi. Mən 2000-lərin əvvəlində təsadüfən orda olmuşdum, təfəkkür nədir, heç qığını da görməmişdim. Bəlkə tələbələrə sifarişlə qətl törətməyi öyrətsəydilər daha faydalı olardılar. Cəmiyyətimizdə yaşayış qaydalarını, insanın insana canavar olduğunu təfəkkür edərdilər. Latıncasını da yazaq, lap elmi olsun: homo homini lupus est. Yoxsa auditoriyalardan quzu kimi uşaqlar çıxır, sonra işsizlikdən, iqtisadi, sosial problemlərin əlindən mələşirlər.
Bu arada “Bravo”da inkasatoru qətlə yetirənlərin məhkəməsində maraqlı elmi fakt ortaya çıxıb: müttəhim deyib ki, biz basqın edəndən öncə falçıya baxdırmışdıq, əməliyyatın uğurlu olacağını söyləmişdi.
Heç zad. Ölkəmizdə falçılar da düz işləmir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ