İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gözlər Tehranda: İranın cavabı necə olacaq?

Həsən Nəsrullahın öldürülməsi Yaxın Şərqdə hadisələrin inkişafını qeyri-müəyyən istiqamətə yönəldir: Hizbullahın taleyi necə olacaq? İran necə cavab verəcək? İsrailin növbəti addımı nə ola bilər?

Musavat.com xəbər verir ki, bu barədə siyasi-şərhçi Asif Nərimanlı qeyd edib.

Hizbullahın gücü Nəsrullahın yoxluğunda qruplaşmanın mövcudluğunu saxlayacağı fikrini önə çıxarsa da, ciddi itkilərin olacağı qaçılmazdır. 1992-ci ildən qruplaşmaya rəhbərlik edən Nəsrullah birləşdirici fiqur idi, həm də təkcə Hizbullahda və Livan siyasətində yox, İranın "müqavimət oxu" adlandırdığı coğrafiyada həlledici gücə malik idi. Onun yoxluğunda Hizbullahın gələcəyi sual altına düşür, məsələ qruplaşmanın mövcud olub-olmaması yox, Livan siyasətində və "müqavimət oxu"nda nə qədər təsiredici olacağıdır. Burada əsas problematika yeni liderin kimliyidir. Nəsrullahın varisi kimi əmisi oğlu Haşim Səfiəddinin adı çəkilir. Onun qruplaşmadakı nüfuzu, eləcə də İranla bağlantıları (Qumda təhsil alıb, Qasım Süleymaninin qızı ilə evlidir) Xameneinin də dəstəyini alacağı deməkdir və o, Hizbullahda bəzən Tehran üçün maneələr yaradan "ərəb millətçiliyi"nin ranqını da aşağı sala bilər. Hərçənd, Haşim Səfiəddindən səs çıxmır. Texniki olaraq, Nəsrullahın ölümündən sonra Hizbullahın Şurası toplanmalı və yeni lideri seçməli idi. Bunun hələ də baş verməməsi bombalanma zamanı Nəsrullahla birlikdə qruplaşmanın bir çox liderinin də öldürülmə ehtimalıdır. Bu amil də Hizbullahın gələcəyinə təhdidlər yaradır.

Haniyənin ölümündən sonra olduğu kimi, indi də diqqətlər İranın üzərinə yönəlib: Tehranın cavabı necə olacaq? 

Cavabın necə olacağı hadisələrin də inkişafını müəyyənləşirəcək. İran birbaşa hücuma keçəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq; cavab olmasa, yaxud adekvat addım atılmasa, İran xüsusilə "müqavimət oxu" coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər; Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz "cavabın verilməməsi" üzərində fikir ayrılığı yaranmışdı, bu "uçurum"un dərinləşəcəyi ehtimalı böyükdür.

Bu dəfə zərbənin birbaşa Hizbullaha vurulduğunu nəzərə alanda, qruplaşmanın İrandan "cavab" tələbi daha da kəskinləşəcək. Ki, bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır. Lakin birbaşa cavab zərbəsi beynəlxalq koalisiya ilə üzləşmək təhlükəsini yaratdığı üçün Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini Hizbullah vasitəsilə vurmaq xəttinə üstünlük verə bilər, hərçənd, bu onun "müqavimət oxu"nda təsir imkanlarına yenə də risklər yaradır. İran hazırda "pis" və "ən pis" arasında seçimlə üzləşib.

Bu, İsrailin arzuladığı situasiyadır. İranın birbaşa müdaxiləsi İsrailə ABŞ başda olmaqla beynəlxalq koalisiya yaratmaq, geri çəkilməsi isə Tehrana bağlı proksi qüvvələrin sıradan çıxarılması istiqamətində daha da irəliləmək imkanı verir. İstisna deyil ki, İsrail Livanda, xüsusilə şimal sərhədlərinə yaxın ərazilərdə Hizbullah mövqelərinə qarşı quru əməliyyatına başlayacaq. Peycerlərin sıradan çıxarılması mümkün müdaxilə planının tərkib hissəsi kimi görünürdü və məqsəd quru əməliyyatında qruplaşma üzvləri arasındakı koordinasiyanı pozmaq olub. Çünki Nəsrullah bu ilin fevral ayında İsrailin izləməsi təhlükəsinə qarşı qruplaşma üzvlərinə mobil telefondan istifadəni qadağan etmişdi, əvəzində xaricdən sifariş verilən 5 min peycerdən istifadə olunurdu. İsrail peycerləri partlatmaqla Hizbullahın koordinasiyana ziddi zərər vurdu və bu, mümkün quru əməliyyatında effektiv ola bilər.

Bütün bunların fonunda Nəsrullahın öldürülməsi "müqavimət oxu"nun zəifləməsini qaçılmaz edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR