İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan məsələsi Ağ Evlə Konqresi üz-üzə qoydu

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatsa da, bununla bağlı həm Pekində, həm də Vaşinqtonda siyasi ehtiraslar səngimək bilmir.

Hazırda Co Bayden administrasiyası ABŞ-ın adadakı siyasəti ilə bağlı Konqresdəki temperaturu soyutmağa ehtiyac duyur.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Ağ Ev bu məqsədlə Konqresdə iki partiyanın da dəstəklədiyi, Çin əleyhinə olduğu bilinən yeni qanun layihəsində nümayiş olunan aqressiv dili yumşaltmağa çalışır.

“Tayvan Siyasəti Aktı” adlandırılan qanun layihəsi Tayvanın müdafiəsini gücləndirməyi və ABŞ-ın ada ilə əlaqələrini dərinləşdirməyi nəzərdə tutur.

Saytın xəbərinə görə, Bayden administrasiyası Konqresdə Çinə qarşı döyüşkən əhval-ruhiyyəni cilovlamağa çalışır.

Ötən həftə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uotson qanun layihəsinin prezident Co Baydenin səlahiyyətlərinə və onun diplomatik fəaliyyətinə zidd olduğunu deyib.

Lakin bununla bərabər, o, qanun layihəsi üzərində Konqreslə işləməyi səbirsizliklə gözlədiklərini də ifadə edib.

Konqres üzvləri isə Co Baydenin həm spiker Pelosinin səfərinə, həm də hazırlanan yeni qanunvericilik aktına olduqca ehtiyatlı reaksiya nümayiş etdirdiyini bildirirlər.

Qanun layihəsi “ABŞ-Tayvan” münasibətlərinə yeni bir baxış bucağı gətirir və adaya “NATO üzvü deyil, ABŞ-ın əsas müttəfiqi” statusu verir.

Bayden administrasiyası artıq senatorların hazırladığı qanun layihəsinin yekun variantına edəcəkləri düzəlişləri gətirib.

Senator Cim Riş isə administrasiyanın hərəkətlərinin yanlış olduğunu ifadə edib.

"Ağ Ev artıq Tayvan siyasətinə kifayət qədər ziyan vurub və bu həftə onu artırmağa davam edir. Prezident qanunvericilik prosesinə qarışmamalıdır”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR