Onlayn ictimai-siyasi qəzet
Ölkədə arpa və buğda biçini mövsümü başlayıb. Xüsusilə aran rayonlarında prosesin qızğın çağıdır. Ancaq ənənəvi olaraq yenə də bəzi ərazilərdə kombayn çatışmazlığı iddiası var və bundan xüsusilə kiçik əkin sahələri olanlar əziyyət çəkir, məhsulu itkiyə gedir.
“Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov kombayn çatışmazlığı ilə bağlı məsələyə bu cür mövqe bildirdi:
“Artıq 5 ildir ki, ölkədə kombayn çatışmazlığı problemi yoxdur. İndi də hələ taxıl biçini başlamayıb, iddia olunur ki, kombayn çatışmazlığı var. Harada, hansı rayonda kombayn çatışmazlığı var? Qeyd edim ki, əvvəlcədən bütün rayonlar lazım olduğundan artıq kombaynla təmin olunub”.
Vüqar Hüseynov
“Bu il taxıl sahələrinin nə qədəri sığortalanıb?” sualımıza isə Vüqar Hüseynov cavab olaraq bildirdi:
“Taxıl sahələrinin nə qədərinin sığortalandığını konkret rəqəmlərlə deyə bilmərəm, amma qanunvericiliyə əsasən 10 hektardan yuxarı olan taxıl sahələri mütləq icbari qaydada sığortalanmalıdır. Əgər sığortalanma olmazsa, vətəndaş subsidiya ala bilmir. Yəni sığortalanma artıq icbari xarakter daşıyır”.
Bəs bu il ölkədə nə qədər taxıl yığımı planlaşdırılır? İdxaldan asılılığımız bu il nə qədər azalacaq?
Pərviz Heydərov
İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Onu deyə bilərəm ki, taxılla bağlı idxaldan asılılığımızın ciddi şəkildə azalmasını nəinki bu il ərzində, yaxın gələcəkdə də gözləməyə dəyməz. Ona görə ki, bu il tədarük yığımının yüksək olmayacağı proqnozlaşdırılır. Bu da ondan irəli gəlir ki, əkin sahələri azaldılıb, iqlim şəraiti əlverişli olmayıb, digər obyektiv və subyektiv səbəblər olub. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, bu il artıma, irəliləyişə nail ola bilməyəcəyik və bu, əslində ciddi bir məsələdir.
Ümumiyyətlə, hesab edirəm ki, ölkədə taxıl istehsalı, tədarükü yığımı ilə bağlı dövlət siyasəti dəyişməlidir. Yəni neçə il bu sahəyə subsidiyalar ayrılsa da, maliyyət dəstəyi göstərilsə də biz yenə də 48-49 faiz həcmində xarici məhsul idxalından asılıyıq. Ona görə də bu il üçün ciddi irəliləyiş olacağı gözlənilmir.
Həmçinin tarazlaşdırıcı siyasətin son illərə qədər qorunmaması nəticəsində taxıl paylarının azalmasına səbəb olub. Amma bir məsələni də qeyd edim ki, yenidənqurma işləri aparılan işğaldan azad olunmuş ərazilərdə gələcəkdə ərzaq taxılı tədarükü və istehsalı sahəsində çox böyük töhfələr əldə etmək perspektivi mövcuddur".
Pərviz Heydərov qeyd edib ki, dövlət taxıl əkənlər üçün kifayət qədər güzəştlər tətbiq edir: “Bu güzəştlər olduqca böyükdür. Hökumətin kənd təsərrüfatında ən çox güzəştlər etdiyi sahə taxılçılıqla bağlıdır. Lakin ortada olan nəticə göstərilən təşəbbüs, həyata keçirilən tədbirlərə müvafiq deyil. Bu problemin kökü araşdırılmaldır. Yəni bu qədər subsidiyalar verilir, maliyyə dəstəyi göstərilir, hər bir güzəştlər edilir, amma biz hələ də taxıl sahəsində kənardan asılı vəziyyətdəyik. Suallar var ki, niyə qiymətlər əlverişli deyil, nəyə görə taxılın keyfiyyəti idxal olunan analoji məhsuldan aşağı salınır, burada maraqlı qüvvələr varmı?
Məsələyə çox dərindən nəzər salanda görürsən ki, sanki kimlərsə bu məhsulun daha çox kənardan idxalına maraqlıdır, nəinki yerli istehsalına".
Qeyd edək ki, ötən ilin iyul ayında imzalanan “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezident fərmanına əsasən 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə subsidiya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən bu subsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda dövlət pilot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır - dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.
Azərbaycan Hesablama Palatası aqrar sektora yönəldilən dövlət subsidiyasının effektivliyini qiymətləndirib. Palata qeyd edir ki, dövlətin birbaşa subsidiyalaşdırma ilə bitkiçilik sahəsinə dəstəyinin 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması bir o qədər də önəmli olmayan meyvə əkinlərini 50,7 min ha (97,4 faiz) və çiyələk əkinlərini 409,3 ha (87,6 faiz) genişləndirib.
Hesablama Palatasının 2022-ci il üzrə bitkiçilik sahəsində yeni subsidiya mexanizminin qiymətləndirilməsi ilə bağlı auditinin nəticələrinə əsasən bu proses önəmi daha yüksək olan buğda əkinlərinin 89,0 min ha (15,9 faiz), çəltik əkinlərinin 1,1 min ha (38,8 faiz), kartof əkinlərinin 2,5 min ha (20,1 faiz), tərəvəz əkinlərinin 6,9 min ha (43 faiz), bostan bitkiləri əkinlərinin isə 4,9 min ha (47,2 faiz) azalması fonunda baş verib.
2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsi 572 min 309 hektar olmaqla, 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7 faiz, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6 faiz azalıb.
Əkin sahəsinin azalması buğda istehsalında da azalma ilə nəticələnib. Belə ki, ölkədə istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1 faiz artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2 faiz azalıb. Bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3 faiz azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3 faiz azalaraq 359,5 min ton) təşkil edib.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara düşüb.
DSK-nın rəqəmləri buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı biröncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ