Onlayn ictimai-siyasi qəzet
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə vergi qanunvericiliyinə gözlənilən dəyişikliklərlə bağlı danışarkən maraqlı açıqlama və təklif verib. Onun “Vergi Məcəlləsində təklif edilən dəyişikliyi yeni iş yerlərinin açılacağı ilə əsaslandırırlar. Tutaq ki, bu addım Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək məqsədi ilə atılır və sair.
Amma əvvəlcə ayırd etmək lazımdır ki, "Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır” açıqlaması kifayət qədər ciddi məsələdir. Qüdrət Həsənquliyev Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib ki, buna avtomobil istehsalı demək üçün ehtiyat hissələrinin heç olmasa 30 faizi bu ölkədə istehsal olunmalıdır: “Yoxsa avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır, bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və böyük pullar qazanılır. Bu qanunun əsaslandırılması əslində belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazanmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal onsuz da ildən-ilə artır. Tutaq ki, soyuducu, kondisioner, yaxud digər sənaye məhsulunun istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab etmirəm. Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə belə güzəştlər nəzərdə tutularsa, bu, başadüşülən olar. Mən istəyərdim ki, biz Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatı maşınları, traktorlar istehsal edən mərkəzə çevirməliyik. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Biz isə Neftçalada İranla birlikdə bir müəssisə açdıq. Mən o vaxt da söyləmişdim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər, qısa müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur. Bəlkə də daha doğru olardı ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu sahədə araşdırma aparsın, məlumat versin. Ümumiyyətlə, Azərbaycanda sənaye məhsulları istehsal edən, yeni qanun qüvvəyə minəndən sonra yaradılan bütün müəssisələr, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə tutaq ki, vergilərdən azad olunsun. Bu, investisiya cəlbinə töhfə vermiş olar, insanlar da vəsaitlərini xaricə çıxarmaz, ölkəyə yatırarlar. Xarici investorlar da Azərbaycana gələr. Ona görə də hesab edirəm ki, avtomobil ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bundan böyük pullar qazanırlar. Bizim isə hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”.
Deputatın təklifi kifayət qədər əsaslıdır. Azərbaycanda bugünədək istehsal adı altında sadəcə yığılan maşınlar gerçəkdən bazar tuta bilmir, çünki keyfiyyətsizdir. İkincisi, bir yerli brendlə çıxış etmək mümkün olmur. Bəs bunu mümkün edə bilərikmi? Necə? Təkliflər varmı?
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib (yığılıb və ya montaj olunub). Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64,6% artıb. İstehsalda artım ilə bərabər anbarlarda yığılan hazır avtomobillərin sayı 2023-cü ilin ilk 2 ayındakı istehsal sayından çoxdur. Belə ki, 01.03.2023-cüil vəziyyətinə hazır məhsul ehtiyatı 465 ədəd təşkil edib. Eyni zamanda 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 164 ədəd traktor, 112 ədəd yük avtomobili istehsal olunub. İstehsal müvafiq olaraq 2,8 dəfə və 2,2 dəfə artıb. 01.03.2023-cü il vəziyyətinə traktor üzrə hazır məhsul ehtiyatı 16 ədəd, yük avtomobilləri üzrə 9 ədəd olub. Nəzərə çatdıraq ki, Azərbaycanda avtomobillər Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda olan zavodlarda istehsal olunur.
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O, millət vəkilinin dediklərini şərh etmək istəmədiyini deyib: “Sadəcə, avtonəqliyyat eksperti olaraq demək istəyirəm ki, əmtəənin hansı ölkədə yığılmasından asılı olmayaraq, o maşın ölkədə istehsal olunmursa belə, əgər yığılırsa, iqtisadi terminologiyada o, "həmin ölkədə istehsal olundu" deyə şərtləndirilir. Bizim ölkədə avtomobillər istehsal olunur. Avtomobillər əsasən xaricdən gətirilib Azərbaycanda yığılsa da, bu, Azərbaycan istehsalı sayılır. Avtomobili ölkəmizdə istehsal etmək üçün mərhələ ilə ehtiyat hissələrinin istehsalı prosesi burada qaydasına qoyulmalıdır, ehtiyat hissələri istehsal olunmalıdır. Bunun üçün də ƏDV-dən azad olunmalara, güzəştlərə ehtiyac var. Əgər biz bu gün avtomobil sənayesini inkişaf etdirmək istəyiriksə, öz mili brendlərimizi yaratmaq istəyiriksə, həm gömrükdə, həm vergidə güzəştlərə ehtiyac var. Ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad olunması imkan verir ki, bu prosesi Azərbaycanda sürətləndirsin. Əgər sahibkara avtomobilin istehsalı ucuz başa gəlibsə, o bazarda onu ucuz təqdim edəcək. Bu gün Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı təxminən iki minə qədərdir. Bu avtomobillər xüsusi reklam olunmadan satılır. Çünki qiyməti münasibdir və sayı da o qədər çox deyil, satıla bilir. Düşünürəm ki, yaxın gələcəkdə istehsal sayını artırmağa ehtiyac var. Sadəcə, ölkəmizdə elə avtomobillər istehsal olunmalıdır ki, gələcəyin, hətta 10 il sonranın təhlükəsizlik və digər standartlarına cavab versin. Azərbaycan bu gün avtomobil seqmentində Avropa spesifikasına aiddir. Bizim ölkəmizdə istehsal olunan avtomobillər də avrostandartlara cavab verən avtomobillərdir. Burada söhbət təhlükəsizlik və ekoloji standartlardan gedir".
Ekspert əlavə edib ki, bu gün bizim ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri ƏDV-dən azad olunub: “Elektromobillər, ümumiyyətlə, gömrük rüsumundan azad olunub. Gibrid avtomobillər də ölkəyə idxal zamanı ƏDV-dən azad olunublar. Belə olan halda, əlbəttə, həmin avtomobillərin qiyməti enib. Vətəndaşlar üçün qismən əlçatan olub. Həmçinin bu avtomobillərə təklif olunan kredit şərtləri də sadələşdirilib. Vətəndaşlar artıq çox məbləğ ödəmədən belə avtomobillər ala bilirlər. Bunu ona görə misal çəkirəm ki, bizim ölkəmizdə də istehsal olunacaq avtomobillər üçün lazım olan ehtiyat hissələrinin ƏDV-dən azad olunması bu sahədə inkişafa təkan verəcək. Artıq Azərbaycan hökuməti özünün milli avtomobil brendini istehsal etmək üzərində düşünür. Bununla bağlı xarici dövlətlərin avtomobil konsernləri ilə müəyyən danışıqlar aparılıb. Sonuncu danışıq Özbəkistanın iri avtomobil konserni ilə oldu. Bizim ölkəmizdə Özbəkistanda istehsal olunan Avropa spesifikasiyalı ehtiyat hissələri istehsal olunacaq. Sonrakı mərhələdə isə həmin avtomobillər artıq Azərbaycanda istehsal olunacaq”.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli isə deyir ki, Azərbaycanda yığılan avtomobillərin əsas müştərisi dövlət və hökumət orqanlarıdır: “Əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Dövlət proqramları çərçivəsində əngəlli insanlara, qazilərə, həmçinin başqa qanunvericiliyə görə hüququ çatan şəxslərə həmin avtomobillər dövlət tərəfindən bağışlanılır. Yəni Azərbaycanda yığılmış avtomobillərin böyük əksəriyyətinin müştərisi dövlət və hökumət orqanlarıdır, bazara çıxarılan hissə isə çox azdır. Bu da Azərbaycanda avtomobillərin yığılmasının mənasını xeyli aşağı salır. Çünki bu, istehsal olsaydı, yan sahələr yaransaydı, detalların Azərbaycanda istehsalı baş versəydi, halbuki ehtiyat hissələrinin xammalı neft olduğuna görə, buna imkanlar da var, həm əlavə iş yerləri yaranardı, həm də avtomobil istehsal edilməsi üçün bir məntiq olardı. İndiki dövrdə isə bu avtomobillərin yığılmasının Azərbaycana böyük bir xeyir gətirdiyini söyləmək mümkün deyil”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ