Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hökuməti dövlət büdcəsinə dəyişiklikləri əhatə edən qanun layihəsini Milli Məclisə təqdim edib. Layihədən aydın olur ki, 2023-cü il dövlət büdcəsinə 4 milyard 338,4 milyon manat əlavə edilir. Bildirilir ki, bu vəsait büdcə gəlirlərinin və Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin artırılması, təsdiq olunmuş bəzi xərclərin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanacaq. Bu zaman Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertin həcmi 457,7 milyon manat, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödədiyi mənfəət vergisinin həcmi isə 985 milyon artırılır.
Büdcənin əlavə xərclərinin daha 1 milyard 562,8 milyon manatı əlavə qeyri-neft gəlirləri hesabına təmin ediləcək. Dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və xərcləri arasında yerdəyişmə nəticəsində 1122,9 milyon manat təmin olunacaq. Bundan əlavə, dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi dövlət borclanması və özəlləşdirmədən daxilolmalar hesabına 210,0 milyon manat artırılması nəzərdə tutulur.
Beləliklə, 2023-cü il dövlət büdcəsinə dəyişiklikdən sonra gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri isə 36 milyard 568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz çoxdur.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək: “Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyin manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək.
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1.0 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyar 70 milyon manat təşkil edəcək.
Digər zəruri xərclər 973,4 milyon manat nəzərdə tutulur. Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işlər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər,dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin muxtar respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı daxildir".
Qeyd edək ki, büdcənin xərc maddələrində aparılan dəyişikliklər səhiyyə xərclərində çox hiss olunacaq. Belə ki, dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102,432 milyon manat və yaxud 5,4 faiz azaldılaraq 1 milyard 906,389 milyon manatdan 1 milyard 803,957 milyon manata endirilir. Azalma səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərcləri əhatə edir. Bu istiqamətdə xərclər 102,432 milyon manat və yaxud 5,9 faiz azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 628,252 milyon manata endirilir.
Bu il dövlət büdcəsində Prezidentin Ehtiyat Fondu üçün nəzərdə tutulan vəsaitlərin həcmində ilk dəfə azalma olacaq. Layihəyə əsasən Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2 faiz azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir. Bu zaman Prezidentin Ehtiyat Fondu 200 milyon manat və yaxud 40 faiz azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilir, büdcənin ehtiyat fondu isə 9,5 milyon manat və yaxud 8,6 faiz artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılır.
Azaldılan xərclər arasında təhsil xərcləri də var. Bu xərclər 15,939 milyon manat və yaxud 0,4 faiz azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir. Azalma təhsil sahəsində digər müəssisə və tədbirlər xərc maddəsində ediləcək: bu xərclər 15,939 milyon manat və yaxud 0,9 faiz azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilir.
Büdcə dəyişikliyindən daha çox pay alan xərc maddələrindən biri də ümumi dövlət xidməti xərcləridir. Bu xərclər 316,254 milyon manat və yaxud 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır. Bu zaman qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı xərclər 29,538 milyon manat və yaxud 1,9 faiz artırılaraq 1 milyard 568,845 milyon manatdan 1 milyard 598,383 milyon manata, beynəlxalq münasibətlər üzrə xərclər 26 milyon manat və yaxud 5,5 faiz artırılaraq 472,4 milyon manatdan 498,4 milyon manata, xarici yardımlarla bağlı xərclərin 100 milyon manat və yaxud 8,4 dəfə artırılaraq 13,5 milyon manatdan 113,5 milyon manata, seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə xərclərin 16,199 milyon manat və yaxud 53,1 faiz artırılaraq 30,531 milyon manatdan 46,73 milyon manata, dövlət borcu ilə bağlı xərclərin isə 177,516 milyon manat və yaxud 17,7 faiz artırılaraq 1 milyard 5 milyon manatdan 1 milyard 182,516 milyon manata çatdırılması, elm xərclərinin, əksinə, 3,169 milyon manat və yaxud 1,4 faiz azaldılaraq 228,473 milyon manatdan 225,304 milyon manata, büdcələrarası transfertlərin 29,831 milyon manat və yaxud 6,1 faiz azaldılaraq 489,481 milyon manatdan 459,65 milyon manata endirilməsi, nəzərdə tutulub.
Bununla yanaşı, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanması xərcləri 68,865 milyon manat və yaxud 2,5 faiz artırılaraq 2 milyard 762,927 milyon manatdan 2 milyard 831,792 milyon manata çatdırılır.
Pərviz Heydərov
İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, cari ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas etibarı ilə hansı məqsəd daşıdığı əslində elə qabaqcadan bildirilmişdi: “Qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən hələ xeyli əvvəl anons verildiyi və bir sıra parametrləri də açıqlandığı bu dəyişiklik-dürüstləşdirmə ilin birinci rübünün yekunlarına əsasən vacib və zəruri görünürdü. Hər şeydən əvvəl ona görə ki, ölkədə böyük işlər görülür. Söhbət xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işlərindən gedir ki, bütün bunlar möhtəşəmdir. Eyni zamanda ölkənin müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daha da artırmaq tələbləri üçün əlavə maliyyə təminatı məsələləri və sair mövcuddur. Elə cənab Prezident də məhz bu istiqamətdə xərclərin artırılacağını bildirmişdi.
Odur ki, nəzərə alsaq ki, gəlir hissə cəmi 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7 faiz, xərclərsə 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6 faiz artırılır, bu vəsaitin əsasən elə qeyd olunan məsələlərin həllinə sərf oluna bilinəcəyi aydın görünür".
Ekspert bildirir ki, bütövlükdə dəyişikliklər müsbət xarakter daşıyır: “Lakin toxunmaq istədiyim bəzi məqamlar vardır. Bunlardan biri odur ki, Neft Fondundan (ARDNF) transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4,05 faiz artırılır. Keçən il isə dövlət büdcəsinə dəyişiklik zamanı adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Və nəticədə, ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artırılması müqabilində təqdirəlayiq addım sayılmışdı.
Yəni qeyd etmək istədiyim budur ki, neftin dünya bazar qiymətlərinin neçə illərdir həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olmasından, ikincisi də qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfertə tələb azaldığı şəraitdə görəsən, builki dövlət büdcəsinə dəyişikliklər zamanı fonddan transfertin təxminən, 458 milyon manat artırılmasına ehtiyac vardımı? Üstəlik, neftin büdcədə fiksə edilən qiyməti də 10 ABŞ dolları qaldırılır.
Elə digər məsələ də neftin qiymətinin 10 dollar qaldırılmasıdır. Hesab edirəm ki, dövlət büdcəsinin neft-qaz sektorundan asılılığını azaltmaq gedişatına və tendensiyasına uyğun olaraq neftin orta illik ixrac qiymətini nəinki ilin ortasında dəyişmək, qarşıdakı 3 il ərzində də olsa belə 50 ABŞ dolları səviyyəsində götürmək ən optimal və uyğun variant sayılırdı.
İnflyasiya və sosial istiqamətdə artımlara gəldikdə isə görünən budur ki, ilin yekunanadək çox ehtiyatlı mövqe tutulacaq. Belə ki, inflyasiya gözləntisinin əvvəlki proqnoza nəzərən 3,5 faiz artırılaraq 10,4 faiz təşkil edəcəyi gözlənilsə də, sosial xərclərə toxunulmayacaq. Bu, əhalinin gəlirlərinin qiymət artımının yeminə çevrilməməsi üçün bəlkə də zəruri siyasətdir".
Dünya SAKİT,
“Yeni Müsavat”
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ