İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil erməniəsilli vətəndaşlara amnistiya tətbiqindən DANIŞDI

“Azərbaycan Qarabağda silahı yerə qoyan erməni döyüşçülərə amnistiya tətbiq etməyi nəzərdə tutur”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

“Hətta keçmiş hərbçi və yaraqlılar barəsində də, əgər onları belə adlandırmaq mümkündürsə, amnistiya tətbiq edilməsi və yaxud bu məsələnin gözdən keçirilməsi nəzərdə tutulur”, - deyə H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Qarabağda bəzi erməni birləşmələri və zabitləri Bakının şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməyə davam edəcəklərini bəyan ediblər. Prezidentin köməkçisi Azərbaycanın Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasını arzu etdiyini vurğulayıb. O, həmçinin xatırladıb ki, Azərbaycan bu gün Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.

Azərbaycan xalqına qarşı soyqırım, torpaqlarımızın işğalı zamanı cinayət törətmiş şəxslərin amnistiya qaydasında cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü ilə bağlı tanınmış vəkil Cavad Cavadovun fikirlərini öyrəndik.

CAVAD.jpg (64 KB)

Cavad Cavadov Musavat.com-a dedi ki, Azərbaycan dövlətinin qətiyyətli şəkildə həyata keçirdiyi antiterror əməliyyatından sonra qanunsuz erməni silahlı birləşmələri tərk-silah olunub və işğal faktı aradan qalxıb, Qarabağda yaşayan ermənilər də separatçı rejimdən xilas olublar:

“Hazırda əsas məsələ Qarabağda yaşayan erməniəsilli şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində reinteqrasiya olunmalarıdır. Bu dönəmdə sülh prosesinin tezləşdirilməsi məqsədilə geniş amnistiya elan olunması, erməniəsilli vətəndaşların törətdikləri cinayətlərə görə məsuliyyətdən azad olunmaları üçün Amnistiya Aktının qəbul edilməsi kimi fikirlər yaranmış real durumdan qaynaqlanır. Lakin hüquqi cəhətdən xalqımıza qarşı təcavüzkar müharibəni başlamış və aparmış, soyqırım cinayətini törətmiş şəxslərin cinayət məsuliyyətindən amnistiya qaydasında məsuliyyətdən azad edilmələrinin mümkünlüyünə diqqət edək.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Amnistiya Aktının qəbul edilməsi Milli Məclisin müstəsna hüququdur. Bu zaman qəbul ediləcək Amnistiya Aktının əsaslarını, cinayət məsuliyyətindən azad edilmə meyarlarını, şərtlərini, tətbiqi qaydasını və digər qeyd-şərtləri də məhz parlament müəyyən edir. Lakin 24 fevral 1994-cü ildə qəbul edilmiş “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilən cinayət əməlləri ilə mübarizəni gücləndirmək, təqsirli şəxslərin real məsuliyyətə cəlb olunmalarını, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini təmin etmək məqsədilə 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunmasını istisna edir. Həmin qanun mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib və çox mühüm siyasi addım olması şübhəsizdir. Bu gün Milli Məclis tərəfindən Amnistiya Aktı qəbul edilsə belə, bu qanun əsasən sadalanan cinayət törətmiş şəxslərə tətbiq oluna bilməz”.

Cavad Cavadov bildirdi ki, məhz bu səbəbdən qəbul edilən amnistiya aktlarında yuxarıda göstərilən qanuna xüsusi vurğu olunur və belə cinayət törətmiş şəxslərə amnistiya tətbiq olunmur:

“Ümumiyyətlə, sülh və insanlıq əleyhinə cinayətlərdə cinayət məsuliyyətinə cəlb etmə müddəti yoxdur. Bu, təkcə Azərbaycan qanunlarında deyil, dünyanın bütün sivil dövlətlərinin qanunları ilə təsbit olunub. Belə cinayətlər törətmiş şəxslərin zamanından və törədilmə məkanından asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməsi hər bir dövlətin öhdəliyidir. Eyni zamanda “Soyqırım cinayətinin qarşısının alınması və cəza haqqında” Konvensiyaya əsasən, belə cinayətlərdə təqsirləndirilən şəxslərin təhvil verilməsi (ekstradisiyası) məsələsində soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməllər siyasi cinayət sayılmır. Təqsirli şəxslərin verilməsi məsələsində Konvensiya iştirakçısı olan dövlətlər birmənalı öhdəlik daşıyırlar”.

Tanınmış vəkil qeyd etdi ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Qarabağda cəmi 50 minə yaxın erməniəsilli sakinin yaşadığını, bu rəqəmə 10 min silahlının daxil olduğunu açıqlayıb:

“Deməli, Qarabağda 10 min nəfər tərk-silah olunub, ərazimizi tərk etməlidir. Əlbəttə ki, bu sıraya hərbi canilər, separatçılar daxil olmamalıdır. İndiki vəziyyətdə terrorçuların, separatçıların sayıqladığı “Artsax” xülyası da aradan qalxıb. Belə bir xülya yoxdur və olmayacaq. Ölkədə yeganə dövlət dili Azərbaycan dilidir. İşğaldan azad olunan ərazilər bərpa olunacaq, vətəndaşlarımız tezliklə doğma yurdlarına qayıdacaqlar. Torpaqlarımız uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir.

Azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı, ermənilər isə ölkəmizin qanunlarına, Konstitusiyasına və dövlətçiliyimizə hörmət edərək dövlətimizdə yaşaya bilərlər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR