İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist Prezidentə müraciət etdi

Aslan İsmayılovla bağlı məhkəməyə çəkilən, haqsız olduğunu düşünən jurnalist, “Prime TV” İnternet kanalının rəhbəri Aygün Muradxanlı Prezident İlham Əliyevdən kömək istəyir. 

Musavat.com xəbər verir ki, müraciətdə deyilir: 

Hörmətli cənab Prezident!

Son 1 ildə haqqımda 2 cinayət işi açılıb. Hazırda Sabunçu və Səbail məhkəmələrində proseslər davam edir. Guya hazırladığımız proqramlarda şərəf və ləyaqət tapdalamışıq... Toplam 17 məhkəmə prosesi keçirilib. Əməlimizdə heç bir sübut, heç bir dəlil tapa bilməsələr də, məhkəmə-hüquq sistemində müdafiəçilər tapıblar və həmin müdafiəçilər heç bir vəsatətimizin qəbuluna imkan verməyərək, proseslərin birtərəfli qaydada Azərbaycanda söz azadlığının, hüquq bərabərliyinin əleyhinə başa çatması üçün nə mümkündürsə edirlər.

İş o yerdədir ki, cənab Prezident, həbsimi tələb edənlərdən biri – Aslan İsmayılov 11 məhkəmə prosesinin birinə də gəlməyib, lakin Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanova hansısa gözəgörünməz əlin dirijorluğu ilə Azərbaycanda hüququn ömrünü Kremlə nökərçilikdə keçirənlərin iradəsinə tabe etdirilməsi üçün əlindən gələni edir.

Aslan İsmayılov məşhur birisidir. 1988-ci il KQB-nin Azərbaycana qarşı ən qəddar, ən riyakar planlarından biri olan Sumqayıt hadisələrinin istintaqına Kremlin prokuror təyin etdiyi, məhkəmədə Kreml tərəfindən ələ alındığı onlarla şahidin ifadəsilə sübut olunan Qriqoryanın törətdiyi cinayətə görə 11 azərbaycanlıya ölüm hökmü tələb edən şəxs necə ünlü olmasın?

Bu o şəxsdir ki, 1993-cü ildə Kremlin Azərbaycan dövlətinə qarşı qaldırdığı qiyamdan sonra bağlı olduğu Kreml mənsubları tərəfindən Milli Məclis tribunasına çıxarılaraq ölkədə yeni qanlı planların icrası üçün görəvləndirilmişdi, lakin, mərhum atanız, rəsmən Milli Məclisə, ümumilikdə isə ölkəyə rəhbərlik edən Heydər Əliyev onun sözünü yarımçıq kəsib, bütün millətin gözü önündə tribunadan, daha sonra isə Prezident Administrasiyasındakı tutduğu vəzifədən qovmuşdu. Bu şəxsi bir də 4 oktyabr çevriliş cəhdində ortaya atdılar – yenə Kreml əlaltısı kimi. Prezident Heydər Əliyevə qarşı qiyama hazırlaşan baş nazir Surət Hüseynovun tərəfdarı qismində. Birgə mətbuat konfransı keçirəcəkdilər, məkan və vaxt da təyin edilmişdi, xüsusi xidmət orqanları zamanında qarşısını aldı... Bu haqda dövrün mediasında nə qədər yazılar var.

Bu, o şəxsdir ki, bir neçə il öncə Kremlə qulluğu kimsədə şübhə doğurmayan Ramiz Mehdiyevə - müxalifətə keç, sənə dəstək verəcəm – yazır, özü də yazdıqlarını ictimailəşdirirdi. Biz də həmin filmdə haqlı olaraq sual vermişik – müxalifət kimə qarşı olur? Bizim oxuduğumuz kitablarda ‘’iqtidara qarşı’’ yazılıb. Demək, açıq-aydın bu şəxs Ramiz Mehdiyevi sizə qarşı müxalifətə keçməyə çağırıb. Bəlkə də oğlunu da yanına alıb oxuduğu ABŞ və Macarıstan Soros məktəblərində ona başqa cür öyrədiblər, amma bu çağırışın başqa yorulmu olduğunu qəbul etmək çətindir.

Bu şəxs həm atanız mərhum prezident Heydər Əliyevin, həm də sizin hakimiyyətiniz dönəmində Azərbaycana qarşı bir çox pozuculuq əməllərində aparıcı rol alıb. Buna baxmayaraq, çox yüksək səviyyədə dəstəklənir. Bu dəstək vasitəsilə məhz Azərbaycanın milli, dövlətçi qüvvələrinə qarşı kampaniyalar, qarayaxmalar başladır, özəlliklə Ermənistanla informasiya savaşının aparıcı şəxslərini qaralayır. Söylədiyim kimi, bizə Kremlin adamı deyir. Məqsəd aydındır – vətəndaşlarda bizə qarşı etimadsızlıq yaratmaq.

Təbii ki, bu hədyan və qarayaxmalar qarşısında susacaq deyildik. Ona görə sonuncu adı Aslan İsmayılov olan şəxsi hüceyrələrinə qədər araşdırıb 2 film hazırladıq, onu tam deşifrə etdik.

Hər iki film suallar üzərində qurulub. Necə olub ki, bu şəxsin ata adı daxil adı, soyadı bir neçə dəfə dəyişdirilib?

Hansı qara əl onu Krasnodar vilayətinin ucqar Zelençuk kəndində 3 kolxozun birləşməsindən yaranan sovetliyin məhkəməsində işlədiyi halda SSRİ miqyaslı işdə dövlət ittihamçısı təyin edilməsi üçün Azərbaycana göndərib?

ƏN ÖNƏMLİSİ...

Necə olub ki, həmin məhkəmə prosesinin cild-cild materialları Azərbaycan Baş Prokurorluğunun arxivində heç bir əskiksiz qala-qala, prokuror Aslan İsmayılov imzası ilə yazılan ittiham aktı yoxa çıxıb? Bunu biz demirik... Həmin işə məhkəmədə hakimlik edən Mənsur İbayev, məsələni araşdıran hüquqşünaslar, jurnalistlər deyirlər...

Ən ilginci bilirsinizmi nədir, cənab Prezident? Filmlərdə səslənən heç bir fikrə münasibət, suala cavab verməyib, sadəcə, “dələduz” kəlməsinə görə haqqımda Cinayət Məcəlləsinin düz 3 maddəsi ilə cinayət işi açdırıb. Bu qədər ittiham kənarda qalıb, “dələduz” sözündən yapışıb.

Bir qədər də ikinci məhkəmə haqqında.

Ondan başlayaq ki, ikinci məhkəmə də tam eyni senari üzrə davam edir. Qəti şübhə etmirik ki, burada da bizi cəzalandırmaq istəyən sonuncu adı Aslan İsmayılov olan şəxs və onun bağlı olduğu çetedir. Apardığımız araşdırma, ortaya çıxardığımız faktlar kənarda qalıb, bizi faktiki olaraq şər və böhtanla həbs etmək istəyirlər.

İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev baxır. Nərimanov rayonunda yaşamış, bu gün isə bir cinayətkar şəbəkəsinin əməli sayəsində evsiz-eşiksiz qalmış 200-ə yaxın ailənin şikayəti əsasında hazırladığımız proqram bizə qarşı çevrilib.

İddiaçı Vahidə Əzizova EAST Residansın Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb və bu gün onun şirkətdən külli miqdarda – 1 milyon 250 min tələb etməsi nəticəsində, 200-ə yaxın ailə sərgərdan, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edir, üstəlik təmiri də boynuna götürür. Qadın deyir yox, mənə Nizami küçəsindən ev alın, ya da 1 milyon 250 min nağd pul verin, yoxsa, məhkəmə iddialarımı geri götürməyəcəyəm.

O məhkəmə iddialarını ki, onlara görə tikinti şirkəti tikinti icazəsi ala, tikintiyə başlaya bilmir. Hər ay vətəndaşlara kirayə ödəyərək nə qədər ziyan çəkir. Sabah bu şirkət tamamilə müflis olduğunu açıqlasa, faktiki olaraq açıq səma altında qalacaq 200 ailəni hansı mexanizm qoruyacaq, bunun məsuliyyəti kimin üzərinə düşəcək – bizim reportajda əsas sualımız burdur, cənab Prezident!

Ondan da vacibi - oktyabrda sökülən binaya noyabr ayında Əmlak Məsələləsi Dövlət Komitəsində özəlləşdirmə sənədini kim verib? O sənədə bu məsələdən sonadək xəbərdar olan Nərimanov və Bakı İcra Hakimiyyətləri niyə etiraz etməyiblər? Nərimanov Rayon Məhkəməsi Nazirlər Kabinetinin qərarına uyğun olaraq söküntü aparan, özəlləşdirmə sənədləri olan sakinlərə yeni tikiləcək binada yer verəcəyi haqqında hüquq qaydasında öhdəlik götürən EAST Residans şirkətinin və 200 ailənin tələblərini gözardı edərək harada yaşadığı bəlli olmayan, heç yerdə işləməyən və sağlıq durumu ilə bağlı fərqli fikirlər söylənən 65 yaşlı qadının iddiasını niyə, hansı marağa görə təmin edir?

Hörmətli cənab Prezident!

Azərbaycan dövlətinin sözün əsl mənasında fövqəladə çətin bir dönəmdən keçdiyinin fərqindəyik. Siz çağın deyil, dövlətimizin gələcək yüzillərinin taleyini müəyyən edəcək tarixi qərarlar verməlisiniz. Parçalanmış torpaqlarımızı birləşdirib edib vahid, böyük Azərbaycan qurmalısınız. Uca Tanrı Sizə güc, qüvvət, zehin açıqlığı versin, yar və yardımçı olsun.

Biz bu dar boğazdan dövlət və millət olaraq arınaraq, güclənərək çıxmalıyıq. Hər bir fərd olduğu postda, kürsüdə, mövqedə vətəndaşlıq görəvini əskiksiz yerinə yetirməlidir. Azərbaycan Resublikasının müqəddəs bayrağının kölgəsində oturub bu ölkəni müstəmləkə kimi görmək istəyənlərin arzularını gözlərində qoymalıyıq.

Demək istəyirəm, sizinləyik...

Qəzamız mübarək olsun!

Dərin hörmətlə: 

Aygün Muradxanlı 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR