Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanda iqtidarı ələ keçirən Taliban hərəkatı ölkənin üsyankar şimal vilayətlərində interneti kəsib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, internetin kəsilməsi hələ ki, yalnız Bəlx vilayətini əhatə edir.
Lakin Reuters yazır ki, kabel interneti ölkənin beş şimal bölgəsində – Bəlx, Kunduz, Bədəxşan, Bağlan və Taxarda mövcud olmayacaq.
“Həmin addım əxlaqsızlığın qarşısını almaq üçün atılıb, əhalinin ehtiyaclarını ödəmək məqsədilə alternativ qurulacaq”, – deyə Əfqanıstan hökumətinin nümayəndəsi jurnalistlərə bildirib.
Reuters qeyd edir ki, daha əvvəl “Taliban” üzvləri internetdə əfqanların pornoqrafiyaya baxdıqlarını və qadınlarla flirt etdiklərini iddia etmişdilər.
Nəticədə kabel interneti olmadan həm hökumət, həm də dövlət idarələri qalıb. Mobil internet hələ də mövcuddur, lakin yerli sakinlərin sözlərinə görə, o həm bahalı, həm də zəifdir.
Bəzən Əfqanıstan hakimiyyəti ölkədə dini bayramlar zamanı mobil interneti də müvəqqəti olaraq kəsir. Yerli hökumət bunu təhlükəsizlik məsələləri ilə izah edir.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ