İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanla Qırğızıstanın bitməyən sərhəd davası

Onlara da Rusiya imkan vermir?; Tacikistan demək olar ki, bütün suvarma sistemlərini öz nəzarəti altına keçirib və...

Tacikistanla Qırğızıstan sərhədində baş verən toqquşmalar kritik vəziyyət yaradıb və faktiki olaraq iki ölkə böyük müharibəyə doğru irəliləyir. Sərhəddə kəndlilər arasında başlayan toqquşmanın ardınca baş verən hərbi döyüşlər nəticəsində ölən Qırğızıstan vətəndaşlarının sayı 100-ə yaxınlaşıb. Tacikistan tərəfdən də ölənlər çoxdur, lakin konkret rəqəm açıqlanmayıb.

Nəzərə çatdıraq ki, Qırğızıstan-Tacikistan sərhədinin xeyli hissəsi mübahisəlidir.

SSRİ yarandığı ilk illərdə Tacikistan Özbəkistandan ayrılaraq müstəqil dövlətə çevrilib. 

Tacikistanın şimal qonşusu Qırğızıstanla 10 illərdir davam edən sərhəd davası MDB məkanında SSRİ-dən miras qalan daha bir konflikt ocağı kimi qiymətləndirilir.

971 kilometrlik Tacikistan və Qırğızıstan arasındakı sərhəd xəttinin 471 kilometri mübahisəli bölgə hesab edilir. İki ölkə arasında təxminən 25 il öncə başlanan delimitasiya və demarkasiya prosesi elə ilk vaxtlardan dalan vəziyyətindədir. Başlıca səbəb isə tərəflərin delimitasiya və demarkasiya prosesində müxtəlif geosiyasi xəritələri əsas götürmək istəməsidir. Qırğızıstan 1958-59-cu illərin, Tacikistan isə 1924-39-cu illərin xəritələrini əsas götürür. Bu üzdən delimitasiya və demarkasiya prosesi başa tutmur. Nəticədə sərhədyanı ərazilərdəki qeyri-müəyyənlik, otlaqların, suvarma sistemlərinin hansı ölkə və icmaya məxsus olması iddiaları mütəmadi olaraq toqquşmlara səbəb olur: dava öncə sıravi taciklər və qırğızlar arasında soyuq silahlarla, dəyənəklə başlayır, sonra hərbçilər döyüşə qarışır.

Tacik-qırğız qırğını nə vaxtadək davam edəcək? Bunda kim maraqlıdır? Rusiyanın prosesdə marağı nədir? Bəzi iddialara görə, Tacikistanı təsir altında saxlamaqla Rusiya delimitasiyaya imkan vermir və burada konflikt ocağı saxlamaq maraqlarını təmin edir.

Hər şey qaydasındadır, yaxşıyam" -

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb:

“Taciklərlə qırğızlar arasında tarixin dərinliklərinə söykənən bir ixtilaf var. Ümumiyyətlə, taciklər narahat xalqdır. Az qala Orta Asiyanın bütün respublikalarına qarşı ərazi iddiası qaldırsınlar, xüsusilə Qırğızıstana və Özbəkistana qarşı. İş artıq o yerə çatıb ki, taciklər Xarəzmşah dövründə yaradılmış çox böyük tarixi abidələrin guya onlara məxsus olması haqda saxta iddialar irəli sürürlər.

Məlum olduğu kimi, bu gün Qırğızıstanla Tacikistan arasında əsas məsələ sərhəd və eləcə də sovet dövründən qalma su irriqasiya sistemlərinin bölüşdürülməsi məsələsidir. Sovet dövründə dövlətlərin inzibati ərazisi təxmini tanındığından həm Qırğızıstan, həm də Tacikistanın suvarma mənbələri demək olar ki, eyni çaydan, eyni kanallardan irriqasiya sistemlərindən təşkil edilirdi ki, burada da sərəncamverici hakimiyyət Moskvada oturan su və meliorasiya nazirliyinə tabe olurdu. Bununla da hər hansı narazılıq yaranmırdı. Müstəqillik dövründə isə Tacikistan demək olar ki, bütün suvarma sistemlərini öz nəzarəti altına keçirib və öz sərhədini həmin suvarma sistemlərinin olduğu hissəyə qədər çəkib. Beləliklə də Qırğızıstan həm ərazi  itkilərinə məruz qalıb, həm də geniş şəbəkəli suvarma sistemlərindən məhrum edilib. Bu, sözün əsl mənasında Qırğızıstan üçün çox ciddi itkidir və indi də ərazisində rus qoşunlarının yerləşdiyi Tacikistan həmin ərazilərdə bir növ “qolu zorluluq” etməyə çalışır.

Əlbəttə ki, burada Rusiyanın da təsirləri var. Belə ki, Rusiya Tacikistanın arxasında dayandığını gizlətmir. Baxmayaraq ki, Qırğızıstan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, hər iki ölkə yüksək dağlıq zonasına daxildir, müharibənin getdiyi bölgədə əkinəyararlı torpaqlar və suvarılması lazım olan torpaqlar var ki, bunun da üzərində ciddi mübahisə gedir. Mübahisəni də yaradan Tacikistanın qanunsuz olaraq  həm suvarma sistemlərinə, həm də həmin suvarma sistemlərinin gəldiyi su mənbələrinə, çaylara, həmçinin Qırğızıstan ərazisi hesab ediləcək yerlərə öz nəzarətini təmin etməsidir.

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarda ölənlərin sayı 37-yə çatıb

Beləliklə, müharibə gedir, Qırğızıstan çalışır ki, həmin əraziləri geri qaytarsın, suvarma sistemlərinin də sovet dövründə olduğu kimi ədalətli surətdə bölünməsini təmin etsin, Tacikistan isə buna razı olmur. Rusiya isə bu məsələlərdə ədalətli münsif olmaq kimi bir missiyanı yerinə yetirə bilməz. Bu səbəbdən müharibə də uzanır və görünür, bu məsələlərin müzakirə edilməsi ya MDB, ya da Orta Asiya respublikaları daxilində bir komissiyanın yaradılması və yaxud məsələnin BMT-nin müzakirəsinə çıxarılması ilə öz həllini tapa bilər. 

İndi hər iki tərəf özünü haqlı hesab edir, bu və digər ərazilərə,  su mənbələrinə özünü iddialı hesab edir, bu baxımdan qarşıdurma dayanmır".

Politoloqun fikrincə, silahlı qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı yoxdur:

“Çünki bunun üçün hər iki ölkənin yetərli potensialı yoxdur. Həm də ki, prosesləri genişmiqyaslı hərbi əməliyyatla çevirməyin mənası da yoxdur. Üstəlik, qırğız xalqı çox cəsur bir xalqdır, torpaqlarının, çaylarının itkisi ilə barışmaq istəmir və  hesab edirəm ki, razılaşmayacaq da. Buna görə də hesab edirəm ki, bu cür məsələlərin beynəlxalq təşkilatlarda müzakirəsi daha yaxşı olardı”. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR