İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşaya qovuşduğumuz o gün...

Azərbaycan Ordusunun əzmkarlığı, Ali Baş Komandanın güclü liderliyi və xalqın inamı ilə qazanılan Zəfər

Azərbaycanın möhtəşəm Qələbəsindən 4 il ötür. 44 günlük müharibədə qəhrəman ordumuz noyabrın 5-dən artıq Şuşa uğrunda döyüşlərə başlamışdı. Noyabrın 7-dən 8-nə keçən gecə keçilməz qalanı yüngül silahlarla yaran igidlərimiz bayrağımızı Şuşada ucaltdılar. 

İlk olaraq onu qeyd edək ki, Şuşa Azərbaycan üçün tarixi, mədəni və strateji baxımdan böyük əhəmiyyətə malik bir şəhərdir. XVII əsrin sonlarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər Azərbaycanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilib. Şəhər Azərbaycanın tarixi keçmişini, xanlıqlar dövrünü və Qarabağın qədim dövrlərdən etibarən Azərbaycan torpağı olduğunu simvolizə edir. Şuşanın azad edilməsi, tarixi ədalətin bərpası olaraq qəbul edilir.

Ağdamın işğaldan azad olunmasının ildönümüdür - 20.11.2021, Sputnik  Azərbaycan

Şuşa həm də Azərbaycanın “mədəniyyət beşiyi” sayılır. Azərbaycan musiqisinin və poeziyasının böyük nümayəndələri - Üzeyir Hacıbəyli, Bülbül, Natəvan və bir çox digər sənətkarlar Şuşada doğulub və yaradıblar. Qarabağ xanəndəlik məktəbinin və Azərbaycan musiqisinin inkişafında Şuşanın böyük rolu olub. Şuşanın azad edilməsi Azərbaycan mədəniyyətinin dirçəlişi və qorunması üçün də böyük əhəmiyyət daşıyır. 

Şuşa dağlıq ərazidə yerləşdiyi üçün strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Şəhər həmçinin Laçın dəhlizinə yaxın olması səbəbilə Qarabağda hərbi və logistika baxımından əhəmiyyətli bir mövqedədir. Şuşanın geri qaytarılması Azərbaycanın hərbi mövqeyini daha gücləndirdi və müharibədə qələbəyə gedən yolu sürətləndirdi.

Şuşada bayrağımızı ucaldan hərbçi: “Yaralı olsam da, sonadək döyüşdüm”

Şuşa eləcə də Azərbaycanın mənzərəli dağlıq ərazilərində yerləşdiyi üçün turizm potensialına malikdir. Şuşanın tarixi məkanları, mədəniyyət abidələri və təbii gözəllikləri turistlər üçün cəlbedici bir məkandır. Şuşanın azad edilməsi və bərpası bu şəhərin gələcəkdə turizm sahəsində də inkişaf edəcəyinə və regionun iqtisadi canlanmasına səbəb olacaq.

Şuşa həm də Azərbaycan xalqının milli birliyini, mübarizə ruhunu və vətən sevgisini simvolizə edir. Şuşanın azad edilməsi Azərbaycan xalqı üçün qürur mənbəyi oldu və Vətən müharibəsində qazandığı qələbənin simvoluna çevrildi. Bu şəhərin azad edilməsi təkcə bir ərazinin geri alınması deyil, həm də Azərbaycanın mənəvi qələbəsi idi.

Şuşanın geri alınmasında Azərbaycan Ordusu qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək mühüm rol oynadı. Şuşa kimi strateji və mürəkkəb relyefə malik şəhəri geri almaq böyük hərbi bacarıq, hazırlıq və taktiki yanaşma tələb edirdi. Azərbaycan Ordusunun əzmkarlığı və qəhrəmanlığı nəticəsində Şuşa 28 il işğal altında qaldıqdan sonra 2020-ci il noyabrın 8-də azad edildi. Bu qələbə Azərbaycan xalqı üçün tarixi bir an olmaqla yanaşı, müharibənin həlledici dönüş nöqtələrindən biri oldu. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu illər boyu döyüş hazırlığını artırmışdı. Müasir texnologiyalarla təmin olunmuş, müxtəlif döyüş şəraitlərinə uyğun təlimlər keçmiş hərbi qüvvələr yüksək döyüş qabiliyyətinə malik idi. Bu hazırlıq və nizam-intizam Şuşa əməliyyatında uğurlu nəticələr əldə edilməsinə kömək etdi.

Şuşanın azad edilməsində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin xüsusi rolu oldu. Dağlıq və çətin şəraitdə hərəkət edən qüvvələrimiz piyada olaraq döyüşə girdilər və Şuşanın küçələrinə yaxın döyüş əməliyyatlarını həyata keçirdilər. Xüsusi təyinatlıların təlimli, sürətli və çevik əməliyyatları nəticəsində düşmənin müdafiə mövqeləri darmadağın edildi.

Şuşaya əsas yollardan deyil, dağ yolları ilə daxil olmaq əməliyyatı isə gözlənilməz və sürpriz hücum effekti yaratdı. Azərbaycan əsgərləri ağır şəraitdə, çətin relyeflə hərəkət edərək şəhəri mühasirəyə aldılar. Bu, düşmənin müdafiə strategiyasını pozdu və onların gözləmədiyi istiqamətlərdən şəhərə girməyi mümkün etdi.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi ərzində müasir hərbi texnologiyalardan, xüsusilə də dronlardan geniş şəkildə istifadə etdi. Şuşa istiqamətində də bu texnologiyalar düşmənin mövqelərini izləmək, zərbələr endirmək və ordunun təhlükəsiz irəliləməsini təmin etmək üçün əsas rol oynadı.

Azərbaycan əsgərlərinin milli ruhu və Qarabağın azadlığı uğrunda mübarizə əzmi onların döyüşlərdə göstərdikləri cəsarətə böyük təsir göstərdi. Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyildi, həm də milli birliyin, vətən sevgisinin simvolu oldu. Azərbaycan Ordusu Şuşa əməliyyatında misilsiz qəhrəmanlıq göstərərək öz torpaqlarını azad etməklə xalqına qürur və sevinc bəxş etdi.

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, güclü liderlik qabiliyyəti və dövlət idarəetmə bacarığı sayəsində Azərbaycan Şuşa daxil olmaqla, Qarabağın bir çox ərazilərini işğaldan azad edərək tarixi ədaləti bərpa etmiş oldu. O, Azərbaycan Ordusunun və xalqının milli maraqlarını təmin etmək, torpaqların işğaldan azad edilməsi üçün ardıcıl və qətiyyətli addımlar atdı. Prezident Əliyev uzun illər boyu dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara Azərbaycanın mövqeyini çatdırıb. O, Ermənistanın işğalçı siyasətini ifşa etməklə, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanıtdırmağa nail olub. Müharibə zamanı da Azərbaycanın legitim müdafiə haqqını beynəlxalq aləmdə müdafiə etdi və haqlı mübarizəsini bütün dünyaya izah etdi. Əliyev hakimiyyətdə olduğu illərdə ordu quruculuğuna böyük diqqət ayırdı. Azərbaycan Ordusu müasir silah-sursatla təmin edildi, hərbçilərin hazırlığına və təlimlərinə xüsusi önəm verildi. Bu hazırlıq Şuşanın da daxil olduğu Qarabağ ərazilərinin azad edilməsində həlledici rol oynadı.

Ali Baş Komandan milli həmrəyliyi gücləndirdi, cəmiyyətdə birliyə və ərazi bütövlüyü uğrunda mübarizəyə ruhlandırıcı təsir göstərdi. Onun rəhbərliyi ilə dövlətin siyasi iradəsi möhkəmləndi və Qarabağ məsələsini ölkənin milli prioritetinə çevirdi, bu istiqamətdə strateji planlama həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu müharibə dövründə yüksək koordinasiya və strateji yanaşmalarla irəlilədi, xüsusilə də Şuşa kimi mürəkkəb ərazilərdə qələbə qazandı. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Şuşanın azad edilməsindən sonra İlham Əliyevin Rusiya və Ermənistan rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində, noyabrın 10-da atəşkəs razılaşması imzalandı. Bu müqavilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və Ermənistanın işğal etdiyi digər ərazilərdən çıxmasını rəsmiləşdirdi.

Türkiyə televiziyalarına müsahibə verərkən Prezident İlham Əliyev xüsusi vurğulamışdı ki, Şuşasız bizim qələbəmiz tam sayılmaz. Ermənistan rəsmiləri də xüsusi vurğulamışdılar ki, Şuşa kimdədirsə Qarabağ onundur. Bu bir daha Şuşanın strateji və siyasi əhəmiyyətini göstərir. 

Şuşanın azad edilməsi planının DETALLARI

Şuşanın bərpasına 2021-ci il yanvarın 14-dən başlanılıb və həmin vaxtdan ötən müddət ərzində burada çox sayda layihələr icra olunub. İlk növbədə, yol çəkilib, şəhərin elektrik təsərrüfatı bərpa edilib, düşmən Şuşanı tərk edərkən dağıtdığı su xətləri yenidən qurulub və bura iki mənbədən suyun verilməsi reallaşdırılıb. “Xarıbülbül” hotelində yuxarıda vurğulanan ilin may-iyun aylarında ilk qonaqlar qəbul edilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixi-mədəni abidələrin yenidən qurulması diqqət mərkəzində saxlanılıb.

İşğal dövründə zərər görən tarixi abidələr, məscidlər və digər mədəniyyət ocaqları bərpa edilib. Şuşadakı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi və digər abidələr bərpa edilərək turistlər üçün açılıb.

Şuşaya gedən yeni avtomobil yolları və tunellər inşa edildi. Zəfər Yolu adlanan yeni yol Şuşanın Qarabağla daha rahat əlaqəsini təmin etdi.

Şuşada bir sıra mədəni tədbirlər və festivallar keçirilir. “Xarıbülbül” musiqi festivalı və “Vaqif Poeziya Günləri” ənənəvi olaraq yenidən təşkil olunub. Bu tədbirlər həm mədəni irsin yaşadılması, həm də turizmin inkişafı üçün böyük addımlar idi.

Şuşada yerli sakinlərin geri dönməsi üçün yeni yaşayış kompleksləri və ictimai binaların inşasına başlanıldı. Məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilərək əhali üçün yaşamağa uyğun şərait yaradılır. 

Şəhər ərazisində yaşayış və qeyri-yaşayış binaları ilə yanaşı, yeni dövlət qurumlarının obyektləri istifadəyə verilir. “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, “Nöqtə Buludu” texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən tədbirlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunub. 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisnteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şuşada yeni yaşayış və qeyri-yaşayış binalarının sürətlə inşası sakinlərin doğma yurd-yuvalarına qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndikcə, küçələr abadlaşdırılır və adlar verilir. Yol boyu küçələrin adlarının əks olunduğu lövhələr bunu təsdiqləyir. Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Atatürk, Xurşidbanu Natəvan, Xan Şuşinski, Molla Pənah Vaqif və Pənahəli xan küçələri Azərbaycanın tarixi irsinin Şuşada bərpa olunduğunun bariz nümunəsidir.

Bütün bu quruculuq işlərinin, tədbirlərin isə əsas məqsədi Şuşanı əvvəlki mədəni əhəmiyyətinə və gözəlliyinə geri qaytarmaq, eyni zamanda onu Azərbaycanın mədəniyyət mərkəzi kimi dünya səviyyəsində tanıtmaqdır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR