İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin adi mübahisəsi ölümlə bitib- 15 il həbsdə qalacaq Nicatın CİNAYƏT İŞİ

Gəncədə bir nəfərin ölümü bir nəfərin isə 15 il azadlıqdan məhrum edilməsi ilə nəticələnən cinayət hadisəsinin təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki, qətl hadisəsi kiçik bir mübahisə üstündə başlayıb. Belə ki, mərhum maşının qapısını açan zaman təqsirləndirilən şəxsin maşınına dəyibmiş…

Mübahisə ilk olaraq şəhərin Üzeyir Hacıbəyli küçəsində başlayıb. Mirağa Əliyev maşına əyləşən zaman qapını açıb. Onun maşının qapısı Nicat Dajbanın maşınına dəyib. Onlar arasında mübahisə yaranıb. Mübahisə ölümlə nəticələnib.

Qətli törədən 1990-cı il təvəllüdlü Dajban Nicat 2 uşaq atasıdır.

Hadisə zamanı Mirağa Əliyev sərxoş olub. Ətrafda olanlar Nicatı sakitləşdiriblər ki, Mirağa içkilidir, onu yola versin. Amma mübahisə davam edib.

Nicat mübahisəni şəhərdən kənar yerdə davam etdirməyi təklif edib. Onlar şəhərin Elbrus Allahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına gediblər. Orada da mübahisə davam edib. Nicat avtomobilində gəzdirdiyi ov bıçağını götürərək Mirağaya zərbələr endirib. 4 bıçaq zərbəsi alan Mirağanın həyatını xilas etmək mümkün olmayıb. Bıçaq zərbələrindən biri onun ürək nahiyyəsindən dəyib.

Nicata qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və qanunsuz olaraq soyuq silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat 16 il 6 ay azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan Nicatın vəkili Gəncə Apellyasiya Məhkəməsinə üz tutub. Məhkəmənin qərarı ilə Nicatın cəzası yüngülləşdirilib. Onun cinayəti xuliqanlıq niyyəti ilə törətmədiyi qənaətinə gəlinib və əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Nicatın cəzası 16 il 6 aydan 9 il aya endirilib. Məhkəməbelə qərara gəlib ki, hadisə mərhumun qanunsuz hərəkətləri nəticəsində baş verib.

Gəncə Apellyasiya Məhkəməsinin bu qərarından prokuror və mərhumun ailə üzvləri narazı qalaraq Ali Məhkəməyə üz tutublar. Onlar Nicatın cəzasının ağırlaşdırılmasını tələb ediblər. Ali Məhkəmə şikayəti əsaslı hesab edib və işi yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb.

Bu dəfə isə Nicatın cəzası ağırlaşdırılıb. Ona yenidən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib. Amma bu dəfə ona qarşı irəli sürülmüş qanunsuz olaraq soyuq silah gəzdirmə maddəsi ilə elan edilmiş ittihama xitam verilib. Onun cəzası 15 il olaraq hesablanıb.

Bu hökmdən Nicat narazı qalaraq yenidən Ali məhkəməyə müraciət edib. Cəzasının yüngülləşdirilməsini istəyib.

Nicat ifadəsində deyib ki, mərhumu öldürmək niyyəti olmayıb: “Mənim əlimdə bıçaq olmayıb. Qapını mənim maşınıma vuranda dedim ki, zərəri ödəsin. Mübahisə eləməyə başladı. Onun əlində bıçaq var idi. Üstümə bıçaqla hücum edəndə yanımdakı adamı yaraladı. Mən özümü qorumaq üçün maşından bıçaq götürdüm. Mən onu vurmasaydım, o məni vuracaqdı. Özümü qəsdən adam öldürmədə təqsirli bilirəm. Əməlimdə xuliqanlıq yoxdur”.

İstintaq zamanı müəyyən edilib ki, mübahisə zamanı Mirağa tək olub. Nicatın yanında olan şəxslər isə hadisəni sakitləşdirməyə cəhd etməyiblər. Şahidlərdən biri deyib ki, mübahisə zamanı orada olan şəxslərdən biri Mirağaya şillə vurub. Buna görə də Mirağa bıçaq çıxarıb. Bundan sonra Nicat da maşından bıçaq götürüb.

Son olaraq Ali məhkəmədə Nicat barəsində çıxarılmış 15 il azadlıqdan məhrum etmə cəzasını qüvvədə saxlayıb.

 

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR