Onlayn ictimai-siyasi qəzet
Bəşər Əsəd və onun atası Hafiz rejimi dövründə itkin düşən, öldürüldüyü güman edilən yüz minlərlə insandan bir soraq yoxdur. Əvəzində ölkənin hər yerində kütləvi məzarlıqlar aşkarlanır. Lakin cəsədlərin kimə məxsus olduğunu müəyyən etmək o qədər də asan deyil.
Musavat.com xəbər verir ki, bunun üçün Suriyada xüsusi identifikasiya mərkəzi açılıb.
Mərkəzdə Bəşər Əsədin hakimiyyəti dövründə itkin düşən, kütləvi məzarlıqlarda aşkarlanan cəsədlərin tanınması keririləcək.
Əsəd hakimiyyəti illərində yüz mindən çox insanın itkin düşdüyü bildirilir. Təkcə kişilər və qadınlar deyil, azyaşlı uşaqların da itkin düşməsi halları var.
Suriyalı həkimlər kütləvi məzarlıqlarda qazıntılar aparır və ölənlərin kimliyini müəyyənləşdirməyə çalışırlar. Mərkəzə gətirilən sümüklərin sayı-hesabı yoxdur. Burada qurbana işgəncə verilib-verilmədiyi sualına da cavab axtarırlar.
DNT analizi qurbanı dəqiq müəyyən etmək üçün ən yaxşı üsuldur. Bununla belə, Suriyada DNT testlərini apara bilən yalnız bir mərkəz var. Vətəndaş müharibəsi zamanı bir çox laboratoriyalar dağıdılıb. Hazırda laboratoriya tamamilə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən maliyyələşdirilir.
Suriyanın yeni hökuməti keçmiş rejim dövründə törədilən cinayətlərin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və “keçid dövründə ədalətin bərqərar olmasını” prioritetlərindən biri elan edib.
Suriyada illərdir davam edən vətəndaş müharibəsi zamanı yüz minlərlə insan həlak olub, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi hesablamalara görə, 130 mindən çox insan itkin düşüb. Dəməşqin kənarında 11 qarışıq qəbiristanlıq yerləşir.
Suriya ordusunda sürücü işləmiş Əbu Əli BBC jurnalistlərinə deyib ki, 2011-ci ildən 2013-cü ilə kimi həftədə orta hesabla iki dəfə bura cəsəd daşıyıb. Cəsədləri hərbi və ya təhlükəsizlik orqanlarına aid yerlərdən götürüblər.
“Mənim 16 metrlik qoşqum var idi. Həmişə dolu olmurdu. Amma orta hesabla hər səfərdə 150-200 cəsəd daşıyardım”, - Əbu Əli bildirib.
Qeyd edib ki, onlar adi vətəndaşlar olub. Onların cəsədləri şikəst edilmişdi və bədənlərinin çox hissəsi yox idi. Skelet yalnız sinəsinə və ya alnına vurulmuş rəqəmlərlə müəyyən edilə bilər. Bu rəqəmlər onların harada öldürüldüyünü müəyyən etmək üçün istifadə olunub.
Əbu Əlinin sözlərinə görə, onların əksəriyyətində “215” rəqəmi olub. Bu, Dəməşqdə yerləşən hərbi kəşfiyyat xidmətinə məxsus təcridxanadır. “Branch 215” kimi tanınır.
Əbu Əlinin maşınında hidravlik avadanlıq olmayıb. Buna görə də əsgərlər sümükləri əllə çuxura atıblar. Sonra traktor gəlib sümükləri basdırıb.
Əbu Əli isə dövlətin dilsiz xidmətçisi olmağı öyrəndiyini deyib:
“Yaxşı və ya pis heç nə deyə bilməzsən. Əsgərlər cəsədləri yeni qazılmış çuxurlara atarkən mən sadəcə ulduzlara və ya Dəməşqə baxaraq oturmuşdum”.
Uzun illər Türkiyədə mühacirətdə olan Mələk Audeh isə bu yaxınlarda Dəməşqə qayıdıb. Onun iki oğlu 2012-ci ildə Suriyada Əsədə qarşı etirazlar başlayandan bir il sonra itkin düşüb. Məhəmməd Əsəd ordusunda xidmətə çağırılanda yeniyetmə olub. Həmin vaxt nümayişlər başlayıb və hökumətin repressiyaları getdikcə genişmiqyaslı müharibəyə çevrilib.
Mələk Audehin dediyinə görə, oğlunda belə yaşayışa nifrət oyanmışdı. Məhəmməd ordudan yayınıb gizlənməyə, hətta Əsədə qarşı mitinqlərdə iştirak etməyə başlayıb. Günlərin birində onu tutublar.
“Qollarını sındırıb o ki var döymüşdülər. O, üç gün xəstəxanada huşsuz vəziyyətdə yatdı”, - Audeh bildirib.
Buna baxmayaraq, Məhəmməd yenə də ordudan qaçıb.
“Mən rəsmi olaraq onun itkin düşdüyünü bildirdim. Amma əslində mən onu gizlədirdim”, - Mələk deyib.
2012-ci ilin mayında 19 yaşlı Məhəmməd dostları ilə birlikdə həbs olunub, sonradan əsgərlər tərəfindən güllələnib.
Mələk rəsmi bildiriş almayıb, ancaq oğlunun öldürüldüyünə inanır.
Altı ay sonra polis Məhəmmədin kiçik qardaşı Mahiri həbs edib. Bu, Mahirin ikinci həbsi idi. Birincisi, 2011-ci ildə 14 yaşında ikən nümayişlərdə iştirak etdiyinə görə həbs olunub, 1 aydan sonra sərbəst buraxılıb.
Anası xatırlayır ki, oğlu evə alt paltarında yanıq və çoxsaylı yaralarla gəlib. Mələk 13 ildən sonra ilk dəfə oğlunun məktəbinə gedib, Mahir haqqında bir az da olsa öyrənmək ümidi olub.
Yeni direktor bir neçə cırılmış qırmızı kitab çıxarıb. Mələk uşaq adları siyahısında oğlunun adını tapıb.
Mahir 2012-ci ilin dekabrında iki həftə dərs buraxdığı üçün məktəbdən qovulub. Onun yoxa çıxmasının arxasında dövlətin dayanması ilə bağlı heç bir izahat yoxdur. Lakin Mahirin məktəb sənədlərinin olduğu qovluq tapılıb. Onun üz qabığını uzaqdan düşüncəli baxan “müdrik Bəşər Əsəd”in şəkli bəzədilib.
Mələk məktəb direktorunun stolundan qələm götürüb şəkil çəkib. Yarım il əvvəl belə bir hərəkətə görə onun həyatına son qoyula bilərdi. İllərdir Mələk Audehə ümid verən yeganə şey Mahiri “215”də gördüyünü iddia edən iki nəfərin sözləri olub.
Əsəd rejiminin süqutu bir çox suriyalı kimi Mələk üçün də təkcə sevinc deyil, həm də ümid günü idi.
“Mən düşünürdüm ki, Mahirin həbsdən çıxma şansı 90 faiz idi. Mən onu gözlədim” - deyib.
Amma oğlunun adını həbsxana siyahısında tapa bilməyib. Buna görə də kədəri böyükdür.
“Özümü tamamilə itmiş və çaşqın hiss edirəm”, - Mələk Audeh bildirib.
Onun kiçik qardaşı Mahmud 2013-cü ildə tank hücumu nəticəsində həlak olub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ