İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada döyüşən 13 azərbaycanlının məhkəməsi başlayır

Ekspert: “Ayıq-sayıqlığı əldən vermək olmaz, çünki...”

Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşları ilə bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, Suriyada “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etdiyinə görə 13 nəfər Azərbaycan vətəndaşı həbs olunub. Bunlar Şəmil Töhüd oğlu Abdullayev, Murad Əlibala oğlu Ağamətov, Murad Firudin oğlu Quliyev, Fərhad İsə oğlu Rüstəmov, Sultan İdris oğlu Sultanov, Nəcməddin Nəzir oğlu Hüseynov, Hikmət Sahib oğlu Mahmudov, Mais Telman oğlu Əliyev, İsmayıl Aydın oğlu İsmayılov, Şəhriyar Rahim oğlu Babayev, Hacı Arif oğlu Muradov, Əlövsər Əlisafa oğlu Baxışov və İntiqam Şirin oğlu Əsədovdur.

Qeyd olunub ki, onlar bu ilin iyunun 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı beynəlxalq axtarışa dair prosedur çərçivəsində saxlanılaraq Azərbaycana gətiriliblər. Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Bir neçə gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Tutulanlardan biri Azərbaycan vətəndaşı, digəri isə Rusiya vətəndaşıdır. Onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.

Gürcüstan DTX-nın antiterror mərkəzi hər iki şəxsi saxlamaq üçün Tiflisdə eyni vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı vasitələr və İŞİD simvolları olduğu aşkarlanaraq müsadirə edilib. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə istintaqa başladılıb. Antiterror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd olunub.

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir -  AZƏRTAC

 Arzu Nağıyev

Təhlükəsizlik məsələləri üzrə ekspert, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, vaxtilə Azərbaycandan da beynəlxalq terror qruplaşmalarının sıralarına qoşulmaq üçün yüzlərlə insan Suriya və İraqa gedib. İstisna deyil ki, onları həvəsləndirən və beynəlxalq terror təşkilatları ilə əlaqələndirən hansısa qruplar olub: “Dövlət Təhlükəsizliyi Xidməti bundan əvvəl də uğurlu əməliyyatlar həyata keçirib və xaricdə terror qruplaşmalarında təlim keçmiş Azərbaycan vətəndaşları həbs olunaraq ölkəyə gətiriliblər. Təbii ki, belə şəxslər ölkəmiz üçün də təhlükədir. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallara qarşı mübarizə aparılır və indiyə kimi bir sıra şəxslər ifşa edilib. Azərbaycandan İŞİD-ə qoşulan, orada ölənlər və ya sağ qalanlar var. Eyni zamanda həbs olunanlar və olunmayanlar da var. Terror elə təzahürdür ki, bundan heç kim sığortalanmayıb. Ona görə də hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu sahəyə çox ciddi nəzarət edir. Buradakı əməliyyat şəraitini nəzərə alırlar. Amma ayıq-sayıqlıq həmişə olmalıdır. Ayıq-sayıqlığı əldən vermək olmaz. İŞİD üzvü olan və qaçıb gizlənənlər, yayınanlar hələ ki sakit durub. Onları kənardan idarə edənlər bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur, hər hansı bir atılacaq addımın qarşısı yüksək peşəkarlıqla alınacaq”.

Deputat bildirib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR