Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa bildirib ki, ölkəsinin xalqı müharibədən qorxmur və öz ləyaqəti uğrunda döyüşməyə hazırdır.
Musavat.com xəbər verir ki, onun fikirlərini ərəb mediası yayıb:
"Biz müharibədən qorxanlardan deyilik. Biz həyatımızı çətinliklərlə üzləşərək və xalqımızı müdafiə etməklə keçirmişik, lakin suriyalıların mənafeyini xaos və dağıntıdan üstün tutmuşuq".
Suriyanın prezidenti qeyd edib ki, İsrail onun ölkəsini münaqişə zonasına çevirməyə çalışır və buna yol vermək olmaz.
Əl-Şaraa druzları Suriyanın ayrılmaz hissəsi adlandırıb və İsrailin nifaq salan hərəkətlərini pisləyib: "Biz öz sıralarımıza nifaq salmaq üçün istənilən xarici və ya daxili cəhdi rədd edirik. Biz hamımız bu torpaqda ortağıq və heç bir qrupa Suriyanın gözəl imicini və onun müxtəlifliyini təhrif etməsinə icazə verməyəcəyik".
Suriyanın keçid prezidenti vurğulayıb ki, druzların hüquq və azadlıqlarının qorunması “bizim əsas prioritetlərimizdən biridir”:
"Biz yerli qruplara və druzların ruhani liderlərinə vəziyyətin ağırlığını və ölkəni yeni müharibəyə sürükləməmək zərurətini dərk edərək Suveydada təhlükəsizliyi qorumaq məsuliyyətini həvalə etdik".
Buna baxmayaraq, onun sözlərinə görə, Suriya xalqı ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq, əksəriyyət druzların yaşadığı Suveyda şəhərindən bütün hərbi qüvvələrin çıxarılmasını elan edib. Bəyanatda qeyd edilir ki, “qoşunlar şəhərin qeyri-qanuni qruplardan təmizlənməsini başa çatdırdıqdan sonra Əs-Suveydanı tərk edir və polis qüvvələri ora nəzarəti həyata keçirəcək”.
Druzilərin ruhani lideri Şeyx Yusif Jarbua hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmanı alqışlayıb. O, X hesabında qeyd edib: "Biz Dəməşq hökuməti ilə əlaqə saxladıq və milli suverenliyə sadiqliyimizi bir daha təsdiqlədik. Suriyanın qanun və qaydalarına uyğun olaraq Əs-Suveydanın bütün bölgələrində hökumət orqanlarının işi bərpa olunacaq".
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ