Onlayn ictimai-siyasi qəzet
Əvvəl bir idi, sonra iki, daha sonra isə üç oldu, indisə dörddür – bəli, mən Ukrayna, İsrail-HƏMAS-“Hizbullah” münaqişələrini, Gürcüstandakı ən son olayları və nəhayət, bu günlərdə Suriyada baş verən ən son prosesləri nəzərdə tuturam.
Mübaliğəsiz demək olar ki, iki proses – Gürcüstandakı olaylar, Suriyada baş verən proseslər indi daha çox diqqətdədir.
Necə deyər, bir gözümüz Gürcüstanda, digərisə Suriyadadır, bəlkə də ona görə ki, bu proseslərdən bizim üçün də çıxarılası çox nəticələr var – özü də yalnız sıravi insanlarımız üçün yox...
Gürcüstandan çox yazılır. Biz də xeyli yazmışıq. Bəzi KİV-lərimizin hətta bu ölkədən birbaşa xəbər vermək imkanları da var. Odur, burada Suriyadakı proseslərlə bağlı bir-iki, çox kiçik ştrix qeyd etmək istərdik.
Prosesin “geosiyasi palitrası”nın detallarına varmayacağıq, burada özümüzçün də müəyyən qaranlıq məqamlar var, onlar aydınlaşmalıdır.
Təkcə onu deyək ki, burada da Qərb-Rusiya-İran cəbhələşməsi (qardaş Türkiyənin çox böyük iştirakı oldu prosesdə, amma düşünürük ki, tək Ankara bu boyda yükün altına girə bilməz!) bütün kontrastlarıyla olmasa da, hər halda, sezilməkdə, hiss olunmaqdadır. Bircə onu deyə bilərik ki, deyəsən, qoca Bayden getmək ərəfəsində bütün “pedal”ları sıxıb – bütün hallarda, Əsədin qovulması İran üçün də, Rusiya üçün heç də kiçik zərbə deyil.
Bir daha deyirik ki, güman, lap yaxın dövrlərdə prosesin “kartları” tamam açılacaq və onda hər şey detalları ilə aydın olacaqdır hamımıza –lap köhnə bir sovet filmində deyilən kimi, “kölgələr günorta yox olur” və böyük ehtimalla Yaxın Şərq kimi qaranlıq məkanda da tezliklə günorta bərqərar olacaq...
Belədəsə, güman, oxucu da soruşmaq istəyir: ən azı ümumi şəkildə, axı nə baş verdi?..
Hələlik, bilinən budur ki, Əsəd hakimiyyəti çökdü və ata Hafiz Əsəddən başlayan qeyri-formal monarxiyaya son qoyuldu.
Bizi isə tamam başqa məsələ düşündürür. Məsəl var, deyirlər ki, ilan vuran ala çatıdan qorxar...
İndiki Suriya müxalifətini çox yaxşı tanıyırıqmı? Onlar da hamını məyus etməyəcəklər ki?
Onlar da durub “Taliban”ın bir tayı olmayacaqlarmı? Bax, məsələ bundadır! Məşhur filmin qəhrəmanı yoldaş Suxov demişkən:” Şərq çox incə məsələdir”...
“Ərəb baharı”, Qəzzafinin devrilməsi (orada da vaxtilə fransızlar çox fəal olmuşdular), Misirdəki proseslər, İraqdakı hadisələr yadımızdadır... Düşünürük, məsələn, özünü Napoleonla müqayisə edən siyasi liliput Qəzzafilə bağlı ən son kadrlar elə oxucunun da yaddaşından silinməyib hələ. Amma nə oldu? Qəzzafidən sonra Liviya demokratikləşdimi? İraq Səddam Hüseyndən sonra demokratik ölkə oldumu?
Hətta Misirdə də yenidən hərbçilər hakimiyyətə gəlib diktatura qurmadılarmı? İkinci Hüsnü Mübarək - Əs - Sisi açıq şəkildə “Ən azı 2050–ci ilədək misirlilər demokratiya görməyəcək!” demədimi? Yaxın Şərqdə daha bir “Pandora yeşiyi” peyda olmayacaq ki?..
Adətən, bütün bu proseslərdə hamı ABŞ-ı qınayır, hətta “Vaşinqton bunları qəsdən edir” deyənlər var. Belədirmi? Bizə elə gəlir ki, məsələ görünəndən və düşünüləndən çox-çox qəlizdir.
Götürək Əfqanıstanı. Qərb bir yana, axı burada Rusiyanın da “layihəsi” alınmadı. Sovetin vaxtında ruslar SSRİ-nin bütün ali məktəblərini əfqan tələbələrilə doldurmuşdu. Savad-mədəniyyət vermək istəyirdilər onlara. Amma nə oldu?..
Lap tutaq ki, SSRİ kommunist dövləti idi, bəs Qərbə nə deyirsiniz, buna sözünüz nədir? Axı onlar buralara heç də ateizm və ya kommunizm gətirmək fikrində deyildilər.
Fəqət, nə oldu? Bir ara Əfqanıstanla bağlı bir amerikalı hərbçinin qeydlərini oxuyurdum. Yazırdı ki, bu xalqın narkotik becərib-satmaqdan və qəbul etməkdən başqa əlindən heç nə gəlmir və biz başladıq buna da göz yummağa, amma hətta bu da kömək etmədi...
Qərəz, axırı nə oldu? Sonda Qərb də qaçdı Əfqanıstandan və ölkə “Taliban”kimi mağara təfəkkürlü siyasi qüvvənin əlinə keçdi. Bunlar indi Əfqanısatanda elə bir “siyasi sistem” yaradıblar ki, nəinki İran rejimi, hətta quldarlıq dövrü də bunun yanında yalandır...
Hamımız “Taliban” və digərlərini xarakterizə edəndə “orta əsrlər” və s. kimi ifadələr işlədirik. Amma axı hətta orta əsrlərdə də elm, mədəniyyət və sənət olub. Quldarlıq Yunanıstanında və Romasında nə boyda mədəniyyət yaranmışdı... Dediyim budur ki, “Taliban” dəhşət gerilikdir!
Yəni sözümün canı budur ki, təkcə Əfqanıstana yox, bir çox müsəlman ölkələrinə də “demokratiyanın ixracı” ona görə alınmadı ki, bu xalqların elementar demokratik vərdişləri yoxdur, şəriətdən başqa heç nə bilmirlər!
Bilirəm, oxucu deyəcək ki, bəs əfqanların, məsələn, Xalid Hüseyni kimi yazıçıları var, hansı ki, hələ bizim özümüzdə də yoxdur..
Birincisi, yanılmıramsa, Xalid Hüseyni ABŞ-da doğulan və yaşayan bir əfqandır, yəni tamam başqa sivilizasiyanın yetirməsidir.
İkincisi, qətiyyən inkar etmirəm ki, onun kimi başqa çox istedadlı əfqanlar da var dünyada. Amma bir, hətta iki – üç güllə də bahar olmur, əzizlərim! Söhbət indiki əfqan cəmiyyətinin bir toplum kimi siyasi və ictimai mədəniyyətindən gedir!..
Əfqanlar, eləcə liviyalılar, hətta iraqlılar və suriyalılar çox geri xalqlardır. Burada Qərbdə - filanda səbəb axtarmayın. Bunların bəzisi, bir az marksistsayağı alınmasın, kapitalizm nə olduğunu bilmir, hələ də, az qala, feodalizmdə yaşayırlar.
Bu, geri və “mürgüləyən bir sivilizasiyadır” və yalnız onlara baxanda adam razılaşmalı olur ki, Xantinqton tək politoloqların “sivilizasiyaların toqquşmması” haqqındakı nəzəriyyələri tamam predemtsiz də deyil...
Odur ki, Suriya məsələsində də çox da optimist deyiləm. Bəli, bu “geosiyasi qambit”də də bir “piyada” – Bəşər hakimiyyəti qurban (hərçənd, onun özünün sağ-salamat, ailəsilə birtlikdə Moskvada olduğu deyilir) verildi, üstəlik, mən də hesab edirəm ki, bu, elə də böyük faciə deyil, çünki Bəşər də bu aqibətə layiq siyasət adamıdır, çünki o da, atası da on illərlə imkan vermədilər ki, suriyalıların elementar demokratiya və özünüidarə vərdişləri yaransın. Bu adam da cinayətlərinə görə tapılıb mühakimə olunmalıdır əslində! Olunacaqmı?..
Amma yenə də sual yaranır: sonra nə olacaq? Çox təəssüf, təkcə bu sıravi bəndənizin yox, hətta prosesin ən aparıcı “rejissorlar”ının, bu “geosiyasi partiya”nın qrossmeysterlərinin belə bu suala ağlabatan cavabı yoxdur. Bir vaxt rusların Əfqanıstandan qovulması da böyük alqışlarla müşayiət olunmuşdu. Di gəl, sonra nə oldu? Bəli, rusların protektoratlığı altında olan daha bir rejim çökdü. Bunun özü böyük bir irəliləyiş sayıla bilər, fəqət, suallar, yenə də suallar...
Suriyada nə olacaq? Ölkə ayrı-ayrı “geosiyasi nəzarət zona”larına, “anklav”lara bölünməyəcək ki? Axı, məsələn, Rusiyanın hərbi bazaları hələ də, səhv etmirəmsə, oradadır! Baxmayaraq ki, artıq Əsəd qaçan gün rusların öz bazalarını buradan çıxarmağa başlaması haqqında məlumatlar yayıldı – principcə, onlara inanmaq olar, çünki Kremlin Suriyada daha heç kimi yoxdur. Amma gəlin bir az tələsməyək – məsəl var, deyirlər ki, bir xəbər azı iki mənbədən təsdiqlənəndən sonra dəqiq xəbər olur...
Bu xalqı da Liviyanın, Əfqanıstanın və s. aqibəti gözləmir ki? Tək ümidimiz budur ki, proses axıradək qardaş Türkiyənin nəzarətində qalsa, bəlkə nəsə alındı! Amma qalacaqmı? Həm də Türkiyə bu boyda yükü axıradək çəkmək iqtidarındadırmı? Hamı hələ də Suriya müxalifətinin dosyesini öyrənməyə çalışır. Hələliksə, bu xüsusda təskinlikverici detal budur ki, guya bunların çoxu terrorçu yox, eks-terrorçulardır...
Odur, hələ bircə onu deyə bilərik ki, səhv etmiriksə, indilər üçün bir nəticə var: Ərdoğan növbəti dəfə həqiqətən də güclü siyasətçi olduğunu sübut etdi: Bəşəri axır ki, bitirdi!
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ