Onlayn ictimai-siyasi qəzet
Dekabrın 5-də axşam saatlarında Hama şəhərini ələ keçirən HTŞ (Heyət Təhrir əş-Şam) liderliyi altındakı silahlı qruplar gecə boyunca hücumu davam etdirərək Hama və Hums şəhərləri arasında yerləşən Rastan rayonunu ələ keçirib və bununla da hazırda faktiki olaraq Hums şəhərini mühasirəyə alıblar.
Dünən axşam Hamanı itirən Suriyanın Müdafiə naziri Əli Mahmud Abbas bildirib ki, hökumət qüvvələrinin Hama şəhərini tərk etməsi taktiki gediş olub.
Ancaq gecə ərzində əks-hücum cəhdləri və Rastan şəhəri yaxınlığındakı Hama-Hums yolunun üzərindəki körpünün partladılması belə hücumu dayandırmağa kifayət etməyib. Suriya rəsmi mənbələrinin yaydığı məlumatlardan belə aydın olur ki, rəsmi Dəməşq elitar silahlı birlikləri Hums-a göndərib.
Lakin görünür ki, yaxşı hazırlanmış və sürətli hücum planı həyata keçirən Heyət Təhrir əş-Şam silahlıları sürətli hərəkət etməklə və müxtəlif istiqamətlərdə davamlı hücum edərək Suriya ordusuna müdafiə səddi qurmasına imkan vermir. Bu da bir daha təsdiq edir ki, İdlibdəki qüvvələrin hücum əməliyyatı əvvəlcədən yaxşı hazırlanmış olub.
Hums şəhəri Suriyanın mərkəzində, ölkənin şimalı ilə cənubunu və şərqi ilə qərbini birləşdirən nəqliyyat qovşağıdır. Hums alınarsa, paytaxt Dəməşq şəhəri Aralıq dənizi sahilində yerləşən və Bəşər Əsədin vətəni olan Laziqiyyə və Tartus şəhərləri arasında nəqliyyat əlaqəsi qırıla bilər. Bundan başqa, İranın İraq üzərindən Suriya və oradan da Livana əsas keçid yolu məhz Hums üzərindən keçərək qərbə, Quseyr şəhəri yaxınlığından Livan ərazisinə daxil olur. Başqa sözlə, Hums-un alınması həm də Tehranın Livan və Fələstinlə birbaşa quru yolu ilə əlaqəsini qoparacaq. Bu səbəbdən də dünən axşamdan Suriya hökuməti hava desant qüvvələri də daxil olmaqla hücum birliklərini Hums ətrafına toplayıb.
Lakin son 10 gün ərzində baş verənlərdən çıxış etsək, Hums-u qorumaq o qədər də asan olmayacaq. Suriya ordusuna əlavə canlı qüvvə dəstəyi olmasa, Hums ətrafında sürətlə böyüyən hücum dalğasının qarşısını kəsmək çətin olacaq.
Bu gün səhər saatlarında İsrail hərbi aviasiyası Hums yaxınlığında, Livanla sərhəddə yerləşən Quseyr şəhərində Hizbullaha aid mövqeləri vurduğunu açıqlayıb. Belə görünür ki, Hizbullah Quseyr üzərindən Hums-a kömək qüvvələri göndərməyə çalışır. Eyni zamanda İraq-Suriya sərhədi yaxınlığında Suriya Demokratik Qüvvələri Koalisiyasının nəzarətindəki ərazilərdən Deyr əz-Zor şəhəri istiqamətində hücuma keçib.
Yeri gəlmişkən, bu ayın əvvəlində Amerika antiterror koalisiyası qüvvələri burada İran proxy qruplarına havadan və artilleriya zərbələri endirmişdi. Çox güman ki, Amerika koalisiyası Deyr əz-Zor yolunu ələ keçirməklə İraqdan keçən qüvvələrin yolunu bağlamağa çalışır. Maraqlıdır ki, bu gün səhər saatlarında Suriya ordusunun bu ərazidən daşındığı haqda görüntülər yayılıb. Bir qədər sonra isə Deyr əz-Zor aeroportunun kürd qüvvələrinin nəzarətinə keçdiyi xəbərləri yayılıb. Eləcə də İŞİD silahlılarının hökumət qüvvələri postlarına hücum etdiyi bildirilir.
Son 10 gün ərzində davam edən əməliyyatların gedişindən doğan ilkin qənaət budur ki, Suriyada hazırda 3 əsas cəbhə var: HTŞ və onun ətrafındakı silahlı qüvvələr; Türkiyə və onun dəstəklədiyi Suriya Milli Ordusu və müttəfiq gücləri; nəhayət, Suriya ordusu, həmçinin İran və Rusiya, habelə İraq ordusu (Həşd-Şabi).
Rusiya və İran mənbələri HTŞ-nin hücum əməliyyatının İsrail və Qərb tərəfindən hazırlandığını iddia edirlər. Başqa sözlə, hazırda 3 əsas qrup var: Qərb, Rusiya və İran, nəhayət Türkiyə və qismən Qətər. Obrazlı ifadə etsək, hücum edən (Qərb-İsrail), müdafiə olunan (Rusiya-İran) və qismən neytral (Türkiyə-Qətər).
Yeri gəlmişkən, bu gün İran, Suriya və İraq xarici işlər naziri, sabah isə Qətərdə İran, Rusiya, Türkiyə və Qətər xarici işlər nazirlərinin görüşü olacaq. Belə demək olar ki, Rusiya və İran Türkiyəni HTŞ hücumundan ayıraraq yenidən Astana prosesinə qaytarmağa çalışır. Ankara isə hazırda davam edən hərbi əməliyyatların nəticəsinə əsasən, Dəməşq və müttəfiqlərini yeni bir danışıq masası qurmağa məcbur etmək istəyir. Ankara hazırda müxaliflərin Suriya ordusunun müqavimətini qırmasından məmnun olsa da, proseslərin ümumi olaraq nəzarətdən çıxması, HTŞ-nin əsas gücə çevrilməsi və kürdlərin güclü mövqeyə çıxmasından narahatdır. Bu səbəbdən də Ankara ehtiyatlı açıqlama verməklə prosesin gedişini izləyir. Ərdoğan dünən bildirdi ki, əsas öncəlik Suriyanın ərazi bütövlüyünün qorunması (Kürdlərin muxtariyyət əldə etməməsi – K.R.) və qaçqınların evlərinə qayıtması, ya da yeni qaçqın ordusunun yaranmasının qarşısının alınmasıdır.
Bu gün isə Türkiyə prezidenti bildirib ki, müxaliflərin hədəfi Dəməşqdir.
Sitat: “İdlib, Hama, Hums. Hədəf təbii ki, Dəməşqdir. Suriyada müxalif qüvvələrin bu yürüşü davam edir. Ümid edirik ki, bu yürüş problemsiz bir şəkildə davam edəcək”.
Təbii ki, açıqlamadan da göründüyü kimi, Hums müharibəsinin nəticəsi həm də Türkiyənin Suriya siyasətinin gələcək şəklini müəyyən edəcək.
Əgər müxaliflər Hums-un müqavimətini qıra bilsələr, o zaman növbəti “dayanacaq” Dəməşq olacaq. Bu zaman Ankaranın Rusiya və İran “ikilisi” ilə anlaşmasına gərək qalmayacaq, Ankara Əsəd sonrası üçün planlar quracaq, kürd məsələsi və Suriyanın taleyi ilə bağlı məsələləri Moskva və Tehranla deyil, Cenevrədə Vaşinqton və Brüssellə müzakirə edəcək. Yəni hər şey döyüş əməliyyatlarının gedişindən asılı olacaq.
Hələlik isə Suriya ordusu və müttəfiqlərinin HTŞ gücləri qarşısında zəif müqavimətini görürük. Buradan belə nəticə çıxır ki, Suriya ordusu qüvvələri bu cür qəfil hücumlara qarşı tamamilə hazırlıqsız olub, ya da içəridə satqınlıq var, generalları Əsədə xəyanət edir. Yoxsa 10 gün ərzində HTŞ-nin Hələb də daxil olmaqla bu qədər şəhər və kəndləri sürətli şəkildə alaraq irəliləməsinin başqa bir izahı yoxdur.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ