İnsanlara hürriyət, millətlərə istiqlal!

Supergüclərin Arktika savaşı qızışır

Həm ABŞ, həm də Rusiya bu həftə sonu Arktika bölgəsinə fəal diqqət yetirib. Rusiya prezidenti Vladimir Putin martın 27-də Murmanskda "Arktika: Dialoq ərazisi" forumunda iştirak edib.

Səhəri gün ABŞ-ın vitse-prezidenti J.D.Vens ABŞ-ın hazırkı hökumətinin ilhaq etmək istədiyi Arktika ölkəsi olan Qrenlandiyaya gedib.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, Murmanskda keçirilən forum zamanı Putin Arktikada ABŞ-la əməkdaşlığa çağırıb və mahiyyətcə Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarını dəstəkləyib: "ABŞ-ın Qrenlandiyanı ilhaq etmək planlarını hamı yaxşı bilir. Bilirsiniz, bu, ilk baxışdan kimisə təəccübləndirə bilər. Və bunun Amerikanın yeni administrasiyasının bir növ ekstravaqant söhbəti olduğuna inanmaq çox səhvdir. Belə bir şey yoxdur. Bu planların uzun tarixi kökləri var və ABŞ-ın Arktikada geosiyasi, hərbi-siyasi və iqtisadi maraqlarını sistematik şəkildə təşviq etməkdə davam edəcəyi göz qabağındadır. Qrenlandiyaya gəlincə, bu, iki konkret dövlətə aid olan və bizimlə heç bir əlaqəsi olmayan bir məsələdir".

Putin Avropa ölkələrinin, xüsusilə də Finlandiya və İsveçin Arktikada qoşun yerləşdirmək çağırışlarına aqressiv reaskiya verib. Rusiya prezidentinin sözlərinə görə, buna cavab olaraq Rusiya regionda öz hərbi potensialını artırmaq niyyətindədir: “Biz ölkəmizin suverenliyinə hər hansı bir müdaxiləyə imkan verməyəcəyik və onun milli maraqlarını etibarlı şəkildə müdafiə edəcəyik” Qrenlandiyada ABŞ hərbi bazası var. Və Vens dünən həmin bazada olub. Səfər əvvəlcə ABŞ-ın ikinci xanımının şəxsi səfəri və mədəniyyət turu kimi planlaşdırılmışdı. Oğlu ilə birlikdə onlar it sürmə yarışında və digər tədbirlərdə iştirak etməli idilər.
Lakin sonra Vens özü həyat yoldaşına qoşulmağa qərar verdi.

Nümayəndə heyətinin tərkibində dəyişiklik edildikdən sonra səfər proqramı sadəcə bazaya səfərə endirilib. Kopenhagendə səfərin formatındakı bu dəyişiklik Vaşinqtonun növbəti təzyiq mərhələsi kimi qiymətləndirilir.

Amerika nümayəndə heyətinin səfəri tarixən Danimarka tacına aid olan ada ilə bağlı ABŞ və Danimarka arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi fonunda baş verir.

Qrenlandiya səlahiyyətliləri də səfəri adanın daxili siyasətinə müdaxilə cəhdi kimi qiymətləndirərək, bu səfəri “narahatedici addım” adlandırırlar.

Qrenlandiyanın baş naziri səlahiyyətlərini icra edən Mute B. Egede bunu "təxribat" və "güc nümayişi" adlandırıb və beynəlxalq ictimaiyyətdən addım atmağı xahiş edib: "Məlumat üçün qeyd edək ki, Qrenlandiya hökuməti istər şəxsi, istərsə də rəsmi səfərlər üçün heç bir dəvət göndərməyib".

Qrenlandiya vətəndaşları da öz narazılıqlarını bildirərək, Amerika nümayəndə heyətinin isti qarşılanmayacağına söz veriblər.
Trampa Qrenlandiya niyə lazımdır?

Donald Tramp birinci müddətinin sonunda Qrenlandiyanı almağa çalışdı, lakin Danimarka satmaqdan imtina etdi – 80 il əvvəl ABŞ Konqresinin də bu məsələni qaldırdığı kimi.

Tramp hələ Ağ Evə qayıtmazdan əvvəl bu fikri gündəmə gətirib, lakin təhdidlərlə.

BBC-nin Rus Xidmətinin müxbiri Aleksey Kalmıkovun dediyinə görə, son beş ildə planetin ən böyük adasının hərbi və iqtisadi əhəmiyyəti yalnız artıb – qlobal istiləşmə, Rusiyanın Ukraynaya təcavüzü və ABŞ-ın əsas rəqibi olan Çinin hərbi və iqtisadi mövqeyinin güclənməsi səbəbindən.

Qrenlandiyanın 80 faizindən çoxunun buzla örtülməsinə baxmayaraq, onun ərazisində neft, uran və nadir torpaq metalları var: neodim, praseodim, disprosium və terbium.

Onlar müasir yüksək texnologiyalı istehsal üçün həyati əhəmiyyət kəsb edir, lakin 70 faizindən çoxu ABŞ-ın səkkiz ildir ticarət müharibəsi apardığı Çində istehsal olunur.

Donald Tramp açıq şəkildə deyir ki, Amerika Qrenlandiyaya “iqtisadi təhlükəsizlik üçün” lazımdır və adanı ilhaq etmək üçün hərbi gücdən istifadə etməyi istisna etmir.

Lakin Vens adada olarkən ölkəsinin vətəndaşların iradəsinə zidd heç bir addım atmaq niyyətində olmadığını bəyan edib. O, Qrenlandiya ilə əməkdaşlığın dərinləşdirilməsinə çalışdıqlarını və hər hansı hərbi ilhaqa hazırlaşmadıqlarını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR