Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz “Telegram” kanalında İvan Ayvazovskinin rəsm əsərlərini paylaşaraq bildirib.
“Kimlərsə onun heykəllərini sökür, mən isə onun əsərlərini xatırladaraq savadsızlığı ləğv edirəm.” , - deyə Zaxarova qeyd edib.
Musavat.com xəbər verir ki, bu açıqlama, sözsüz ki, Xankəndidə Azərbaycanın suveren qərarı ilə Ayvazovskiyə aid qanunsuz qoyulmuş heykəlin sökülməsinə gizli eyhamdır.
Bu, bir daha göstərir ki, rəsmi Moskva, xüsusilə də onun ritorik maşını olan Zaxarova, Azərbaycanın suveren ərazisində apardığı daxili dəyişikliklərə müdaxilə etməyə çalışır. Hansı ki, həmin heykəl vaxtilə Rusiya sülhməramlılarının mandatına zidd olaraq, Bakının icazəsi olmadan Xankəndidə ucaldılmışdı.
Zaxarovanın “savadsızlığı ləğv etmək” iddiası isə, əslində, tarixi və siyasi reallıqları təhrif etmək cəhdindən başqa bir şey deyil. Azərbaycan xalqı və dövləti Ayvazovskinin rəssam kimi dəyərini inkar etmir, lakin onun abidəsinin qanunsuz şəkildə Azərbaycan ərazisində ucaldılmasına qarşı çıxmaq suveren hüquqdur.
Zaxarovanın ritorikası Rusiya diplomatiyasının nə dərəcədə tərəfli, qərəzli və provokativ olduğunu bir daha ortaya qoyur. Xüsusilə, Azərbaycanın 30 il boyunca kütləvi şəkildə dağıdılmış məscidlərinə, məhv edilmiş şəhər və kəndlərinə, təhqir olunmuş dini və tarixi irsinə susan Moskvanın indi bir heykəlin sökülməsinə bu qədər həssaslıq göstərməsi riyakarlıq nümunəsidir.
Əgər Zaxarova doğrudan da “savadsızlıqla mübarizə” aparmaq istəyirsə, öncə ermənilərin işğal dövründə Azərbaycanın tarixi-mədəni abidələrini necə sistematik şəkildə məhv etdiyini öyrənsin. Bu savadsızlığın, daha doğrusu, qərəzli unutqanlığın nəticəsidir ki, indi Ayvazovskinin abidəsinin müdafiəsinə qalxıblar.
Azərbaycanın mövqeyi birmənalıdır:
– Bu ərazi Azərbaycanın beynəlxalq hüquqla tanınmış torpaqlarıdır;
– Orada hansı abidənin qalacağına yalnız Azərbaycan dövləti qərar verir;
– Rusiya nümayəndələri isə öz “heykəl duyğusallığını” imperiya nostalgiyasına çevirmədən öncə, beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidirlər.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ