İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya Rusiya ilə münasibətlərini keçmiş üzərində qurmayacaq - Əsəd Əl-Şeybani

Rusiya ilə Suriya arasında əməkdaşlıq “keçmiş üzərində qurulmayacaq”.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu bu gün Moskvaya səfər edən ərəb dövlətinin xarici işlər naziri  Əsəd Əl-Şeybani Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanunlara hörmət ölkələrin münasibətlərinin əsasını təşkil edəcək: "Biz Rusiyanın beynəlxalq hüquq və xalqımızın maraqları baxımından Suriya iqtisadiyyatının bərpasında necə iştirak edə biləcəyini müzakirə etdik. Bizim əməkdaşlığımız keçmişə əsaslanmayacaq; o, qanuna hörmət və məsuliyyətin bölüşdürülməsi üzərində qurulacaq. Biz rusiyalı tərəfdaşlarımıza vurğulayırıq ki, dövlətimizi qurmaq üçün səylərimizi davam etdirəcəyik".

O, həmçinin vurğulayıb ki, “Suriya bu gün beynəlxalq arenada ənənəvi yerini bərpa edir və suveren tərəfdaşlıqlar qurur”.

Bu gün Moskvaya səfər edən Suriya nümayəndə heyətində müdafiə naziri Murhaf Əbu Kasra da var. Suriyanın SANA agentliyinin məlumatına görə, səfər zamanı onun rusiyalı həmkarı Andrey Belousovla görüşü və bir sıra ümumi məsələləri müzakirə etməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzinə və Latakiya əyalətinin Cebla şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazasına malikdir. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə təşkil edilib. Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu 2015-ci ildə Bəşər Əsəd rejimini dəstəkləmək üçün yaradılıb. Əsəd rejimi devrildikdən sonra yeni hakimiyyətlə Rusiya arasında bu bazaların taleyinə dair müzakirələr aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR