Onlayn ictimai-siyasi qəzet
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) dedikləri barədə məhkəmə-lingvistik ekspertiza rəyi hazırlanacaq.
Musavat.com xəbər verir ki, “Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı, “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.
Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı. Barəsində məhkəmə hökmü çıxmadığı halda, onun haqqında böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov İsfəndiyar Axundovu məhkəməyə verib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verilib.
Xüsusi ittihamçı İsfəndiyar Axundovun həmin maddələr üzrə azadlıqdan məhrum edilməsini tələb edir.
Məhkəmə iclası Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov təqsirləndirilən şəxs qismində tanınıb.
Emil Səməndərovun müdafiəçisi Asim Abbasov məhkəməyə son aylarda İsfəndiyar Axundovla bağlı mətbuatda dərc edilmiş şikayətləri təqdim edib. Həmin şikayətlərdə İsfəndiyar Axundovun rəhbərlik etdiyi şirkət tərəfindən vətəndaşların aldadılması və zərər görməsi faktları qeyd olunur. Vəkil onlarla şikayətçinin mətbuat vasitəsilə rəsmi qurumlara müraciətlərini hakimə təqdim edərək iş materiallarına əlavə edilməsini istəyib.
Məhkəmə prosesi bir müddət təxirə salınıb. Bunun səbəbi iş üzrə məhkəmə-lingvistik ekspertizanı həyata keçirməkdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi İsfəndiyar Axundovun dediklərində təhqir və böhtanın olub-olmaması barədə rəy verəcək.
Həbsdə olan iş adamının xanımı Vəfa Məcidova hazırkı vəziyyətdən narahatdır. O, ekspertiza rəyinə kənar müdaxilənin ola biləcəyindən ehtiyat etdiyini bildirərək, ədliyyə naziri Fərid Əhmədova və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elşən Albəndova müraciət edib. Vəfa Məcidova müraciətinin nəzərə alınmasını və ekspertiza rəyinin ədalətli şəkildə hazırlanmasını xahiş edib.
Qeyd edək ki, məhkəmə prosesində İsfəndiyar Axundov və vəkilləri bildiriblər ki, Emil Səməndərovun mərhum atası və xanımı Vəfa Məcidova onlara qarşı 5 milyonluq iddia qaldırıblar. Lakin bu iddia təsdiqini tapmamış və əsassız olduğu məlum olmuşdu.
İ.Muradov,
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ