Onlayn ictimai-siyasi qəzet
“Maştağada yaşayıram, 4 il yataqda olmuşam. Sonra bir az hərəkət edəndən sonra limon satmağa başladım. Əvvəlcə ayaqlarımın üstünə qoyub satırdım, sonra dəmir düzəltdim. 3 ildir ki, bu işlə məşğulam. 220 manat pensiya alıram, bu dolanışıq üçün çatmır. İki qız övladım var”.
Vüsal Xalıqov Xaçmaz rayonundandır. Onun 42 yaşı var. 4 il bundan öncə sümük vərəmi xəstəliyinə görə yerimə qabiliyyətini itirib. İndi əsa ilə bir ayağı üzərində dura bilsə də, əlil arabasından istifadə edir. O, hər gün Maştağadan “8-ci kilometr bazarı”na gəlir və dizi üzərində limon satır. Deyir ki, əvvəllər Xaçmazda maşın yuma yerində işləyib. Oradakı nəmişlik sonradan ayaqlarında sümük vərəmini yaradıb.
“İndi əməliyyat etdirə bilərəm. Lakin əməliyyata girsəm, uzun bir müddət işləyə bilməyəcəm. O zaman ailəmə kim baxar. Gərək əlimdə 3-4 min pul ola ki, əməliyyatdan sonra dolana bilim. 7 ildir ki, mən belə vəziyyətdəyəm. Bir bacım, bir də qardaşım var, onlar da kasıb adamlardılar.
Bir neçə dəfə limon alıb satdım, gördüm gəlir əldə edə bilirəm. Ondan sonra elə bu işlə məşğul oldum. Yoldaşım uşaqlar balacadır deyə işləmir. Qızlarımdan birinin 8, digərinin isə 10 yaşı var. 2012-ci ildə ailə qurmuşam”.
Həmsöhbətimiz bildirir ki, limonları elə bazarın satıcılarından alır. Üstünə 10 qəpik əlavə edib küçədə satır:
“40 qəpiyə alıb, 50 qəpiyə satıram. Limonları çantalara doldurub gətirirəm. Gün ərzində 30 manat gəlir götürürəm, onun 20 manatı taksi pulu edir, yerdə qalır 10 manat. Avtobusla bu qədər yükü apara bilmərəm axı. Eybi yox, canım sağdır, buna da şükür. Bəzən evdə gül əkirəm, onları da gətirib satıram. Yağışlı havalarda isə satış etmirəm. Mən bir il vergi ödəməliyəm ki, uşaqpulu alım. Çox çətindir, amma satışdan ruhlanıram. Yoldaşım da həftə sonları şadlıq evlərində gedib təmizlik işləri görür. Oradan da 20 manat qazanır”.
Vüsal deyir ki, limon satıb evə pul aparmaq onu ruhlandırır. Əsas odur ki, kiminsə əlinə baxmır.
“Ən böyük istəyim maşınımın olmağıdır. Çünki hər gün taksilərə xeyli pul verirəm. Rəhimli insanlara təşəkkür edirəm, zəhmətimə qiymət verirlər”.
Şahanə Rəhimli
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ