İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda qumbara partlayan evdən ÖZƏL GÖRÜNTÜLƏR-Hadisənin təfərrüatı

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verib.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. 

Musavat.com-un əməkdaşı hadisənin baş verdiyi ərazidə olub və hadisənin detallarını öyrənməyə çalışıb.

Məlum olub ki, 66 yaşlı rus millətindən olan Truxin uzun illər tək yaşayırmış. O, ailəsindən hələ 30 il bundan qabaq ayrılıbmış.

"Boşandığı xanımı və övladları yaxınlıqda yaşayırlar. Ancaq Truxin burada tək yaşayırdı. Hər gün bir rus qadın onun evinə gəlib yemək hazırlayırdı. Çox sakit adam idi. Qonşulara salam verib keçərdi",- deyə bina sakinləri bildirib.

Onların sözlərinə görə Truxin vaxtı ilə dənizdə xilasedici kimi çalışırmış. Qonşuların ehtimalına görə kişinin evindəki silah-sursat 90-cı illərdən qalıbmış.

"Son vaxtlar çox arıqlamışdı. Deyilənə görə hansısa xəstəlikdən əziyyət çəkirmiş. Bir neçə dəfə onun qoluna girib həkimə aparıldığını gördük. Ancaq gələni-gedəni olmazdı. Təkcə o rus qadın hər gün onu ziyarət edirdi. Ziyansız adam idi. Hətta özünü öldürəndə belə qumbaranı sinəsinə sıxıb ki, qonşuların evi partlamasın. Sinəsi, qarın hissəsi bütünlüklə parçalanmışdı. Onun ölümündən sonra boşandığı ailəsi gəldi. Bildirdilər ki, heç kimdən şübhələnmirlər. İntihar ehtimalını irəli sürdülər. Yaşlı və xəstə adam idi. Görünür, canından bezibmiş", - deyə qonşular bildirib.

Şahanə Rəhimli,
Musavat.com

Fotolar müəllifindir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR