İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt və Novxanıda partlayışlar - günahkar kim(lər)dir?

Ekspert qazın tərkibinin standartlara uyğun olmadığını və insanların məsuliyyətsizliyini əsas səbəb kimi göstərir

Dekabrın 3-də səhər Sumqayıtda çoxmərtəbəli yaşayış binasında və Novxanı bağlarında  partlayışlar baş verib. 

Sumqayıtdakı partlayış zamanı 6 nəfər, Novxanıdakı partlayış zamanı isə 2 nəfər xəsarət alıb.  Novxanıda partlayış zamanı xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir. FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. 

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan Həşimovlar reanimasiya şöbəsinə yerləşdirilib. 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır. 

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə baş verən partlayış nəticəsində isə 6 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar. Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar. 

Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib. Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 

Hər iki partlayışın qaz sızmasından baş verməsi ehtimalı var. Hazırda partlayışlarla əlaqəli araşdırmalar davam etdirilir. Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub. Hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Eyyub Hüseynov koronavirusa yoluxdu - Oxu.az

Eyyub Hüseynov 

“Azad İstehlakçılar Birliyi”nin (AİB)sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, qaz sızmalarından partlayışların olmasının qarşısını almaq üçün istehlakçı siyasətinə yenidən baxılmalıdır: “İllər öncə bu fikirləri demişdim və yenə də o fikirdəyəm ki, qazdan çox sayda binanın partlaması gözləniləndir. Bunu ekspertlərin sözləri əsasında qeyd edirəm. Bir neçə səbəb var. Birincisi, qanunvericilikdə tənzimlənən səbəbdir. Belə ki, Azərbaycan hökumətinin istehlakçı siyasəti olmadığından müqavilələr birtərəflidir. Bu baxımdan qaz təchizatçısının heç bir məsuliyyəti yoxdur. Məsuliyyət olmayan yerdə mütləq cinayət baş verir”.

AİB sədri istehlakçıların qazla davranış mədəniyyətinin aşağı olmasının da belə olayların baş verməsində mühüm rol oynadığını deyir: “İnsanlar qazdan istifadə etməkdə problemlər yaşayır. Qazı açıq qoyur, ya da hər hansı təhlükəli şəraitə diqqət vermirlər”.

Eyyub Hüseynov İran sobalarının təhlükəli olması barədə səsləndirilən fikirlərə də toxundu. Onun sözlərinə görə, bu sobaların heç də hamısı keyfiyyətsiz deyil. Sadəcə, İran sobaları bazarda geniş yayıldığından partlayışlarda bu cihazların adını çəkirlər. Müsahibimiz həmçinin qazın tərkibinin standartlara uyğun olmadığını dilə gətirdi. Onun sözlərinə görə, qaz açıq göy rəngdə yanmalı və spesifik cüzi qoxudan başqa, hansısa  iy verməməlidir. Qırmızı alovla yanan, cürbəcür iyə malik, bəzən qara tüstü verən qaz açıq təhlükə mənbəyidir: “Hesab edirəm ki, bədbəxt hadisələrin baş verməsində axırıncı yerdə dayanan səbəb qaz cihazlarıdır”. 

Novxanıda güclü partlayış: Vüqar Həşimovun valideynlərinin vəziyyəti  ağırdır - Oxu.az

Eyyub Hüseynov deyib ki, istənilən məkana, cihaza qaz quraşdırmaq, qarşıya çıxan qohum-qonşu ustaya qaz işi gördürmək olmaz: “Qaz işini görən usta qazla təhlükəsizlik qaydalarını bilməlidir, lisenziyası, sertifikatı, təhsili olmalıdır. Amma insanlar fəlakətlə üzləşməyənə qədər buna inanmaq istəmir. Bədbəxt hadisələr ən çox hamam otaqlarında olur. Bu səbəbdən hamam otaqları standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 m, həcmi 7,5 kubmetr olmalıdır, mətbəxin həcmi minimum 15 kubmetr olmalıdır. Hər ikisində pəncərə gözlüyü, ventilyasiya kanalları qurulmalıdır, tüstü bacaları işlək vəziyyətdə olmalıdır. Bundan əlavə, hamamın qapısı bayıra açılmalıdır. Çünki içəridə kiminsə vəziyyəti pis olduqda qapının ağzına yıxılır. Qapı içəri doğru sındırıldıqda isə həmin insana zərər dəyə bilər. Əgər bu standartlar təmin olunmursa, insan tələfatı qaçılmaz olur. Məsələni daha dəqiq izah etsək, 1 kubmetr qazın yanması üçün bundan 10 dəfə artıq həcmdə oksigen lazımdır. Oksigen çatışmayanda həmin təbii qazdan karbon oksid əvəzinə karbon monoksid ayrılır. Bu da zəhərli dəm qazıdır ki, xalq arasında  "uqar" da deyilir. Karbon oksid zəhərsiz olsa da, karbon monoksid  zəhərlidir. İnsanın səhhətindən və konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər ölümə səbəb olan bir qazdır. O səbəbdən insan hamamda çimən zaman hamam qapısının aşağı hissəsində hava gəlməsi üçün yer olmalıdır. Orada açıq yer olmadıqda içəri hava daxil olmur, bu zaman içəridəki havanın oksigeni yanmaya kömək edir, tüstü bacasından çıxaraq atmosferə atılır. Hava çatışmadıqda isə həmin dəm qazı əmələ gəlir".

Eyyub Hüseynov qaz sızması təhlükəsindən xəbərdar edən cihazlardan da söz açıb: “Detektor adlanan cihaz var ki, həmin cihaz evdəki insanlara siqnal verir ki, ehtiyatlı olun, evdə dəm qazı var. Deyim ki, çox ağıllı və lazımlı cihazdır. Maraqlıdır ki, xarici ölkələrdən bir çox lazımsız məhsullar gətirib satışını həyata keçirirlər, amma bu cür vacib cihazların ölkəmizə gətirib satışını təşkil etmək istəmirlər. Və yaxud sayğacların yanında klapanlar quraşdırılır. Bu cihaz iki hissədən ibarətdir. Qəbuledici hissəsi mətbəxdə birləşdirilir, klapanı isə bayırda, sayğacdan öndə qaz xəttinə birləşdirilir. Mənzildə dəm qazı olduqda elektromaqnit dalğaları göndərilir və klapan dərhal qazın verilişini dayandırır. Dövlət qurumları və vətəndaşlar qeyd olunan məsələlərə əməl edərsə, bu qış mövsümündə dəm qazından ölüm hallarının minimuma enməsinə nail olmaq mümkün olar. Qeyd edim ki, bunların hamısı xarici ölkələrdə icbaridir. Yəni hər kəs öz evində mütləq bu cür cihazlar quraşdırmalıdır. Təəssüf ki, bizim ölkədə bu belə deyil. Məsələn, 1 milyonluq ev tikdirir, amma o cihazdan alıb, evində quraşdırmağa xəsislik edirlər. Deyim ki, bu cihazlar heç də bahalı deyil. Beləliklə, səhlənkarlığımız, laqeydliyimiz üzündən neqativ, faciəli hadisələr baş verir”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR