İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinə gərək qaldımı? - rəylər

Fikrət Yusifov: “Ermənistan düşünsün, sülh müqaviləsi kimə lazımdır”

Elçin Mirzəbəyli: “Sülh müqaviləsi olmadan Ermənistan ”dalan-ölkə" statusu ilə kifayətlənməli olacaq"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də tarixi şəhərimiz Xankəndidə dövlət bayrağımızı ucaltdı. Bundan sonra sentyabrın 15-dəki uğurlu antiterror tədbirlərimizdən bu yana müzakirə mövzusuna çevrilən, sülh müqaviləsi ətrafında gedən əsas söz-söhbətlər daha da qızışdı.

Azərbaycan qəhrəman ordusu, qətiyyətli Ali Baş Komandanı sayəsində ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.

İndi bundan sonra sülh müqaviləsinə gərək qalıbmı?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov sülh müqaviləsi üçün Ermənistanın düşünməli olduğunu qeyd etdi:

fikret-yusifov.jpg (41 KB)

“Heç şübhəsiz Azərbaycan Ordusunun sentyabr ayının 19-da başladığı və bir sutkadan az vaxt ərzində uğurla başa çatdırdığı lokal antiterror əməliyyatından sonra kimlərinsə yağlı vədlərinə aldanıb, bir neçə gün ərzində Qarabağ torpaqlarımızı tərk edən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəməyəcək. Çünki 30 il ərzində bu ermənilərin demək olar ki, hamısı  azərbaycanlılara qarşı törədilmiş terror əməliyyatlarında, təxribatlarda ya birbaşa, ya da dolayı yolla iştirak ediblər. Ən azından ailənin kişi üzvləri (ata, oğul) birinci Qarabağ savaşı və ondan sonra baş verən hərbi proseslərin iştirakçıları olublar. Bütün bunları dəyərləndirən və vaxtılə azərbaycanlılara qarşı cinayət törətmiş Vaqif Xaçaturyanın 30 ildən sonrakı aqibətini görən ermənilər təbii ki, geri qayıtmaq istəməyəcəklər. Onların Qarabağda qalmağı ağlından keçirən kiçik bir toplumu isə azlıqda yaşamaq istəməyəcək və bu səbəbdən torpaqlarımızı tərk edəcəklər.

Bir qədər sonra rus sülhmərəmlıları da Qarabağ torpaqlarımızı tərk edəcəklər. Bütün bunlardan sonra bizi yalnız bu günə qədər işğal altında qalan Qazax rayonunun 7 kəndi və Naxçıvanda Kərki kəndinin taleyi narahat edə bilər. Ermənilər bu kəndlərimizi işğaldan azad etməyincə Ermənistanla sərhədimizin haradan keçdiyinə biz qərar verəcəyik. Əslində biz işğal altında qalan 8 kəndimiz istisna olunmaqla, bütün digər bölgələrdə Ermənistanla real sərhədlərimizi müəyyən edib, orada postlarımızı qurmuşuq. Zəngəzur dəhlizinin də Meğridən deyil, İran ərazisindən keçməsini razılaşdırıb, bu istiqamətdə ilk addımlarımızı atmışıq. İndi söz Ermənistanındır. Ona sülh müqaviləsi lazımdırsa, gəlsin meydana. Əks halda, daha 30 il Azərbaycan və Türkiyənin blokadasında qalacaqlar. Orta dəhliz İran üzərindən keçdikdən sonra Ermənistan üçün daha bir blokada qapısı İran tərəfindən yaradılmış olacaq. Ermənistan öz ərazisində Amerika hərbiçiləri ilə təlim keçdikdən sonra İranla münasibətləri yetərincə gərginləşdi. Bu, İran üçün adi məsələ deyil.

Beləliklə, öz ərazisində bütün qonşuları tərəfindən blokadaya alınmış, Rusiya və İranla münasibətləri pozulmuş Ermənistan bir dövlət kimi bu əhatədə necə duruş gətirə bilər ki? Bu bölgədə söz sahibi olan ölkələrin qarşısında isə min kilometrlərlə uzaqda yerləşən ABŞ və Fransanın ermənilərin hayına gəlməsi nağıl kimi görünür. Vaxtılə Gürcüstan da buna bənzər addımlar atmışdı. Bu gün Gürcüstanda rusyönlü qüvvələr hakimiyyət başında, Mixail Saakaşvili isə zindandadır. Qərb də susub yerində oturub. Ermənistanı və Nikol Paşinyanı da eyni aqibət gözləyir. Bütün bunlardan sonra Ermənistan düşünsün, sülh müqaviləsi kimə lazımdır?"

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli də sülh müqaviləsinin Ermənistan üçün daha çox hava-su kimi lazım olduğunu söylədi:

Elchinmirzabayli.jpg (170 KB)

“Azərbaycan öz ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suveren hüquqlarını təmin etməklə, erməni separatizmini darmadağın etməklə, təkcə xalqımızın və dövlətimzin təhlükəsizliyinə deyil, eləcə də bütün regionun gələcəyinə böyük töhfə verdi. Çünki aqressiv, silahlı, terrorla, soyqırım cinayətləri ilə müşayiət olunan erməni separatizmi istisnasız olaraq bütün qonşu ölkələri təhdid edirdi. Digər tərəfdən, Azərbaycan dünyadakı bütün separatçı meyllərə və davranışlara, bütövlükdə separatizmin perspektivindən gözləntiləri olanlara atdığı addımlarla yeni bir presedent yaradaraq ciddi zərbə vurdu ki, bu amil də qlobal miqyasda bir sıra proseslərin tənzimlənməsi üçün istinad mənbəyi olacaq. Sülh müqaviləsi isə şübhəsiz ki, lazımdır. İlk növbədə Ermənistan üçün. Ermənistan rəsmi şəkildə qondarma və neofaşist "Böyük Ermənistan" xülyasından imtina etdiyini yazılı öhdəlikləri ilə təsdiqləməli, sivil dünyanın bir parçasına çevrilməli və bölgədə xarici qüvvələrin nüfuz müvəkkilliyindən əl çəkərək regional iqtisadi-siyasi inteqrasiya proseslərinin bir parçasına çevrilməlidir. Bunun alternativi yoxdur. Azərbaycan separatizmin kökünü kəsməklə, özünə qarşı yönələ biləcək bütün xarici təsir mexanizmlərini də zərərsizləşdirib. Sülh müqaviləsi, həm də Cənubi Qafqazda və bütövlükdə postsovet məkanında mövcud olan problemlərin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. Hazırda Ermənistan davamlı olaraq yol verdiyi yanlışlıqlar, təcavüzkar davranış və təxribatlar səbəbindən bütün regional layihələrdən kənarda qalıb və bu reallıqların bölgədən kənar dairələrin iddiaları ilə dəyişməsi mümkün deyil. Dəyişiklik yalnız və yalnız Azərbaycanın iştirakı ilə baş verə bilər. Əgər sülh müqaviləsi imzalanmayacaqsa, o zaman Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədləri qapalı qalacaq. Şübhəsiz ki, Azərbaycan və Türkiyə Ermənistan üçün kommunikasiyaları açmayacaq. Azərbaycan və Türkiyənin Gürcüstan üzərindən həyata keçirdiyi layihələrin “qapısı” da İrəvanın üzünə bağlı qalacaq. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizinin önəmli və ciddi dəstəyə malik marşrutu Azərbaycan ərazisindən keçir və uzun illərdir ki, Ermənistanın bu istiqamədəki səyləri fayda verməyib, nə yaxın, nə də uzaq perspektivdə Ermənsitan üzərindən hər hansı bir nəqliyyat dəhlizi marşrutunun keçməsi də real deyil. Yəni sülh müqaviləsi olmadan Ermənistan “dalan-ölkə” statusu ilə kifayətlənməli olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR