Onlayn ictimai-siyasi qəzet
“Hindistanın Cammu və Kəşmir bölgəsinin yerli parlamentinə seçkilər yekunlaşıb. Seçkilər 3 turda-18 və 25 sentyabr, o cümlədən 1 oktyarda keçirilib. 3 mərhələdə keçirilən seçkilərdə 9 milyona yaxın seçici 90 yerlik parlamentə səs verib. Parlament yerləri uğrunda əsas mübarizə hakim Bharatiya Canata Parti ilə Hindistan Milli Konresi arasında olub. Parlament yerləri uğrunda müstəqil namizədlər də mübarizə aparıblar. Seçkilərdə yüksək seçici fəallığı müşahidə olunub. Seçici fəallığından Hindistanın baş naziri Narendra Modi də razı qalıb. Cammu-Kəşmir Assambleyasında 90 yerdən 47-si Kəşmiri, 43-ü isə Cammunu təmsil edəcək. Hazırki seçkilər 2019-cu ilin avqustunda bölgənin xüsusi statusu ləğv edildikdən sonra keçirilən ilk regional seçkilərdir”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Pakistan mövcud durumla razı olmasa da, Dehli seçki vasitəsilə bölgənin Hindistana inteqrasiyasını yekunlaşdırmaq istəyir:
“Dehli bölgəni iqtisadi cəhətdən də canlandırmağa çalışır. Bu arada Hindistanla Pakistan arasında münasibətlərin necə qurulması mövzusu da Dehlidə müzakirə olunur. Hindistanda bununla bağlı müxtəlif rəylər var. Bir qrup siyasətçi Pakistanla iqtisadi-ticarət əlaqələrinin inkişafını dəstəkləyərkən, digərləri qonşu dövlətlə münasibətlərdə məsafə saxlanılmasının vacib olduğunu vurğulayırlar. Ancaq münasibətlərin normallaşmasına əsas əngəl elə Kəşmirdir. Dehli Pakistanın Kəşmirə iddasından imtinasını istəyir. Dehli bu halda Pakistanla münasibətlərin normallaşacağı və iqtisadi əlaqələrin inkişafı qənaətindədir. İslamabad isə Kəşmir siyasətində dəyişiklik etməyi planlaşdırmır və Hindistanla iqtisadi əlaqələrin əvəzinə Çindən yatırımlar cəlb etməyə çalışır”.
E.Şahinoğlu vurğulayıb ki, Hindistanla Pakistan arasında yeni mübahisə predmeti yaranıb:
“Dehli İslamabadla 1960-cı ildə sərhəd çayları ilə bağlı razılaşmanın dəyişdirilməsini istəyib. İslamabad buna razı deyil. Bütün hallarda Yaxın Şərqdə gərginliyin artması fonunda Hindistanla Pakistan arasında münasibətlərin gərginləşməsi tərəflərin maraqlarına cavab vermir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ