İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi “nifaq alması”na çevrilir

Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi və Minsk Qrupu üzrə yeni həmsədri Filip Rikerin Vaşinqtondakı üçtərəfli görüşdə iştirakı haqlı suallar da doğurub

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşdə danışıqları sürətləndirmək barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan danışıqları şərh edərkən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Xarici işlər nazirlərinin danışıqları sürətləndirməyə razılaşdıqlarını deyən N.Prays tərəflərin növbəti həftələrdə görüşü birbaşa dialoq yolu ilə davam etdirmək barədə razılığa gəldiklərini bildirib. Vaşinqtonda iki ölkə XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyan Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri - dövlət katibi Entoni Blinkenlə noyabrın 7-də bir araya gəliblər. Bu, Nyu-York təmasından sonra qeyd edilən formatda ikinci görüş idi. Vaşinqtondakı müzakirələrin təfərrüatı bəlli deyil. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Vaşinqton görüşünü “ABŞ-ın əvvəlkitək Cənubi Qafqaz məsələlərinə daxil olması barədə Putinə mesajı” kimi qiymətləndirib. Onun fikrincə, Vaşinqton Ermənistan və Azərbaycanın cəlb edildiyi sonsuz forumlar “karuselini” dayandırmaq və onları bir-biri ilə birbaşa danışmağa məcbur etmək istəyir. “ABŞ-ın Moskvaya siqnal verməkdən və tərəfləri bu karuseldən çıxararaq sülh sazişinə aparan birbaşa danışıqları bərpa etməyə sövq etməkdən başqa məqsədi yoxdur”, - deyə o bildirib.

Müşahidəçilər hesab edir ki, noyabrın 16-da Konqresdə keçiriləcək dinləmələr ərəfəsində Bayden administrasiyası səylərini və liderliyini nümayiş etdirəcək. Dinləmələr zamanı Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi Filip Riker və dövlət katibinin köməkçisi Karen Donfrid açıq debatlarda çıxış edəcəklər.

Qeyd edək ki, Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi və Minsk Qrupu üzrə yeni həmsədri Filip Rikerin Vaşinqtondakı üçtərəfli görüşdə iştirakı haqlı suallar da doğurub. İndi onun gələn həftə Konqresdəki dinləmələrdə iştirakı ABŞ-ın Minsk Qrupunu yenidən dirçəltmək cəhdi kimi qiymətləndirilə bilər ki, bu da İrəvanın maraqlarına uyğundur. Yəni görünən odur ki, sülh danışıqları üzrə barəsində danışılan “ABŞ variantı” da suallar doğurmamış deyil.

Sülh müqaviləsinə kimlər mane olur - Rusiya, yoxsa...

 Rəşad Bayramov

AMİP Mərkəzi Aparatının rəhbəri Rəşad Bayramov ABŞ-ın son illərdə Qarabağ məsələsində fəallaşmasına xüsusi toxundu: “ABŞ, Rusiyanın təkbaşına vasitəçilik missiyasının faktiki olaraq süquta uğradığını gördüyü andan bu istiqamətdə səylərini artırmağa cəhdlər etdi. Lakin həmin vaxt proseslərə birbaşa müdaxilə etmək mümkün olmadığı üçün Avropa İttifaqı vasitəçiliyi ilə danışıqların aparılmasını dəstəklədi. ABŞ, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara prosesin Rusiyanın nəzarətindən çıxarılması imkanı kimi baxırdı və bu mənada öz istəyinə müəyyən qədər nail oldu. Bundan sonra proseslərdə birbaşa iştirak artıq daha rahat idi və həmin an yetişən kimi ABŞ bu imkandan maksimum istifadə etmək üçün hərəkətə keçdi.

Filip Rikerin Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi və Minsk Qrupu üzrə yeni həmsədri təyin olunması ilə özünün vasitəçilik missiyasını bərpa edən Bayden administrasiyası bundan sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda özünün səylərini və liderliyini nümayiş etdirmək üçün addımlar atmağa başladı. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri - dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə əvvəlcə Nyu-Yorkda və nəhayət, bu ayın 7-də Vaşinqtonda keçirilən görüşlər, eləcə də noyabrın 16-da ABŞ Konqresində dinləmələrin keçirilməsinin planlaşdırılması da ABŞ-ın proseslərdə aktiv rol almaq səylərini ortaya qoyduğunu göstərir. Son Soçi görüşündə hər hansı bir irəliləyişə nail olunmaması da ABŞ-ın fəallığını artırıb. Sülh danışıqlarında “ABŞ variant”nın nə kimi suallar doğurduğuna və eləcə də ABŞ-ın Minsk Qrupunun fəaliyyətini bərpa etmək cəhdlərinə gəldikdə isə qeyd edim ki, masada kimin hansı variantı ortaya qoymasından asılı olmayaraq, Azərbaycanın maraqlarının əleyhinə hər hansı bir qərarın qəbul edilməsi mümkünsüzdür. Ortada yeni reallıqlar var və beynəlxalq güclərin də bu reallıqlardan çıxış etməsi lazımdır. Əgər ABŞ üçün prioritet Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdırsa, bunun tək yolu Azərbaycanın təklif etdiyi sülh sazişinin imzalanmasından keçir. Başqa sözlə, ABŞ üçün indi prioritet hansısa lazımsız qrupu bərpa etmək deyil, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq olmaldıır."

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı proseslərin kifayət qədər mürəkkəb olduğunu söylədi: “Fikrimcə, ilin sonuna kimi gözlənilən sülh müqaviləsinin imzalanması baş tutmaya bilər. Bunun iki səbəbi var. Birincisi, geosiyasi rəqabətdir. 10 noyabr razılaşması Rusiyanın vasitəçiliyi ilə əldə edilsə də, hazırda oyunçuların sayı çoxalıb və həm Qərb, həm də Moskvanın təşəbbüsü ələ almaq mübarizəsi sülh sazişinin imzalanmasını da dalana salır. Sülh sazişinin bütün tərəflərin marağını bu və ya digər formada əks etdirməli olduğunu nəzərə alsaq, iki masanın olması tərəflərin manevr imkanlarını artırır və bu da öz istəklərinə nail olmaq üçün daim bu iki masa arasında get-gəl situasiyası yaradır. Son iki ildə prosesi uzadan Ermənistanın davranışlarında bunu aydın gördük. İkincisi, Azərbaycan və Ermənistan arasında iki əsas toqquşan məqam var. Bu, həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyasıdır. Ermənistan Naxçıvana maneəsiz keçidin açılması öhdəliyini icra etmir və açıq şəkildə etməyəcəyini bəyan edir. Eyni zamanda sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsini istəyir. Bu məsələdə Qərb Ermənistana kömək edə bilər. Bu iki məsələni Bakı qəbul etmir. Rusiya masasında kommunikasiya və sərhəd məsələsində istəyimizi almaq imkanı var, amma Qarabağdakı ermənilərlə bağlı Moskvanın mövqeyi maraqlarımıza uyğun gəlmir. Hər iki masanın bizim üçün müsbət və mənfi tərəfləri var, eləcə də Ermənistan üçün. Vaşinqtonun əsas istəklərindən biri Bakı-İrəvan ikili formatının yaranmasıdır. Bu bizim maraqlarımıza uyğundur, amma Rusiya sülhməramlıları ərazimizdə olduğu müddətdə işimiz çətinləşir. O cümlədən Ermənistan istədiklərimizi verməmək üçün lazım olanda rusları prosesə qoşmaq cəhdləri edir. Bu baxımdan prosesin kifayət qədər mürəkkəb olduğunu deyə bilərik və baş verənlər sülh sazişinin imzalanmasının gözlənilən vaxtda baş tutmayacağı ehtimalını önə çıxarır”.

Kenan Novruzov Maddi təzminat Ermənistan üzərində təzyiq alətidir »  Newscenter.az

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə nə Ağ Evin, nə də Kremlin səmimiyyətinə inanmır: “Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizə gedir. Hər iki dövlət buradakı mövqelərini gücləndirmək istəyir. Və bunun üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması "kartından" istifadə etməyə çalışırlar. Əgər əvvəllər müzakirə mövzusu Azərbaycanın ərazi bütövlüyü idisə, indi münasibətlərin normallaşmasıdır. Həm ABŞ, həm də Rusiya çalışır ki, sülh müqaviləsi öz moderatorluqları ilə imzalansın. İntensivləşən təmaslar da bu baxımdan qiymətləndirilməlidir. Əslində Vaşinqtonla Moskva arasındakı rəqabət bizə sərf edir. Çünki mübarizə yeni imkanlar ortaya çıxarır. Rəsmi Bakı bu fürsətlərdən yararlana bilər. Buna baxmayaq, Ağ Evdən və Kremldən verilən hansısa açıqlamanın səmimiliyinə inanmaq olmaz. Biz dövlətlərin hər ikisinin “fəaliyyətinə” bələdik. Onlar 30 il vasitəçi kimi heç bir işlə məşğul olmayıb, sadəcə, konfliktin uzanmasına çalışıblar. Bu mənada indi onların səmimiliyinə inanmaq sadəlövhlük olar. Dediyim kimi, iki dövlətin rəqabəti nəticəsində yaranan fürsətlərdən istifadə etməli, təmaslardan imtina etməməliyik. Amma elə etmək lazımdır ki, hər iki dövlətin proseslərə təsir imkanı minimum olsun. Əks halda, gələcəkdə ciddi problemlə üzləşə bilərik. Buna imkan vermək olmaz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR