Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan Qarabağ və sülh bəyanatlarını bir-birinə calayıb. Dayanmadan çıxışlar edir, sosial şəbəkə hesabında paylaşım edir, jurnalistlərə danışır. Parlamentdə gündəm olan çıxışından sonra da yerli mətbuata deyib ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək. Nikol Paşinyan bunu Serj Sərkisyanın Qarabağ səhifəsinin bağlanmaması və bu məsələnin siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatlarına cavabında deyib.
Bundan əvvəl isə Azərbaycanla sülh imzalamaqla bağlı status paylaşmışdı. Görünən budur ki, çox həyəcanlıdır. Niyə, Paşinyana nə olub? Təxmin etmək olar. Aprelin 16-da məğlubiyyətini Gümrü məğlubiyyətini rəsmiləşdirən daha bir hadisə baş verdi. Erməni mediası yazıb ki, Gümrü Şurasının ilk iclasında Vardan Qukasyan 18 “lehinə”, 0 “əleyhinə” olmaqla şəhərin meri seçilib. Beləcə, Paşinyan 2026-cı il parlament seçkiləri ərəfəsində məğlubiyyət acısı yaşamaqdadır. Paralel şəkildə Parkar məğlubiyyəti də var. Paşinyan üçün parlament seçkiləri ərəfəsində “əcəl zəngi” çalınır, ona görə də əndişəlidir. Ermənistanda keçirilən sorğularda onu şaqqalamağa hazır olan revanşistlərin olduğunu görürük. Bir çoxları hesab edir ki, baş verənlərə görə Paşinyan ya həbs olunacaq, ya da öldürüləcək. Sonrakı illər üçün Nikolu nəinki hakimiyyətdə, hətta mühacirətdə görmək istəmir revanşistlər. Odur ki, baş nazir aqoniya vəziyyətində özünü xilas naminə çalışır.
Görünən budur ki, Ermənistanın hökumət başçısını hazırda xilas edəcək tək yol var – Azərbaycanla sülh müqaviləsinin imzalanması. Ona görə də dayanmadan “imzalamağa hazırıq”, deyir. Ötən il Prezidentin köməkçisi Elçin Əmirbəyov demişdi ki, “Bizə Paşinyanla yox, Ermənistanla sülh müqaviləsi lazımdır”. Atəş hədəfə dəyib. Budur, Paşinyan bəyan edir ki, o, “Ermənistan xalqı adından sazişi imzalamağa hazırdır”.
Bakıdan verilən mesajı alıb. Amma hələ də dürüst mövqe ortaya qoya bilmir. Vaxtı uzatmaqdan ötrü dəridən-qabıqdan çıxır. Üstəlik, sülhün bərqərar olması üçün gərəkən addımları atmaqdan yayınır. Yarımçıq sülh müqaviləsini imzalamağa daha çox meyillidir.
Azərbaycan Prezidenti açıq şəkildə tələb edir ki, sülh müqaviləsi üçün iki şərti var: Minsk Qrupunun ləğvi barədə rəsmi mövqe və Ermənistan Konstitusiyasının dəyişdirilməsi!
“Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsi razılaşdırılıb, saziş layihəsi üzrə danışıqlar başa çatıb”, deyən Nikol Paşinyan Bakının şərtləri barədə yenə də “nala-mıxa vurur”.
Diqqət edin: “Azərbaycan sazişin rəsmi səviyyədə imzalanmasını iki məsələ ilə əlaqələndirir. Bunlardan birincisi ATƏT-in Minsk Qrupu strukturlarının buraxılmasıdır. Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün aydın gündəmdir. Əgər biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlasaq və bunu ediriksə, bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var? Amma ATƏT-in Minsk Qrupu, ən azı de-fakto, daha geniş kontekstə malikdir və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk Qrupunun buraxılmasını Azərbaycan ərazisində Ermənistan-Azərbaycan münaqişəsinin bağlanması və onun Ermənistan Respublikasının suveren ərazisinə keçməsi istiqamətində atılan addım kimi görmür.
Bu narahatlıqları aradan qaldırmaq üçün biz təklif edirik ki, Azərbaycan eyni vaxtda Sülh Sazişi və ATƏT-də Minsk Qrupu strukturlarının ləğvi ilə bağlı birgə bəyanat imzalasın. Yəni, Sülh Sazişini və ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq. Yeri gəlmişkən, bu, rəsmi təklifdir”.
Anormallıq deyilmi? Əgər Qarabağ məsələsinin bitdiyini sən də elan edirsənsə, Azərbaycan ərazi bütövlüyünü tanıyırsansa və vasitəçi, həmsədr olmadan sülhü imzalamaq niyyətində ciddisənsə, onda Minsk Qrupunun ölüsündən niyə əl çəkmirsən?! Bu, olsa-olsa, formal bir bəyanat olacaq, bunu dilə gətirməməklə nəyə nail olmaq niyyətindəsən? Yalnız erməni hikkəsimi? Təbii ki, yox. Başının üstündə dayananların diktəsi də öz sözünü deyir. Eyni zamanda Paşinyan 5 il əvvəl meyiti ortalıqda qalmış Minsk Qrupunun qalıqları üzərində alver etmək istəyir. Bununla “mən də dediyimi etdim, şərtimi qəbul elətdirdim”, mövqeyini sərgiləmək üçün. Eyni zamanda son anda Minsk Qrupunun meyitindən imtina etməklə, Avropa İttifaqının hərbi-kəşfiyyatçı missiyasının bölgədə qalmasına legitimlik qazandırmağa çalışır. Axı, Bakı Minsk Qrupunun ardınca Avropa İttifaqı cəsuslarının da bölgədən rədd olmasını istəyir və bu şəbəkənin yalnız pozuculuq fəaliyyəti ilə məşğul olduğu qənaətindədir. Avropanı xilaskar sayan Paşinyan hakimiyyətini qorumaqdan ötrü bu missiyanın mövcudluğunu vacib sayır. Aİ təmsilçiləri isə eskalasiya planları üzərində işləyirlər, sülh hazırlığında deyillər, bunu Nikol da yaxşı bilir.
Paşinyan özü də xatırladıb ki, Azərbaycanın Sülh Sazişinin imzalanması kontekstində qaldırdığı növbəti məsələ Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı iddiasıdır.
Sitat: “Hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutmaq üçün ilk növbədə Azərbaycanın bu məsələni bir sıra ekspertlərin hesab etdiyi kimi Sülh Sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırmasından çıxış etməyə çalışmalıyıq”.
Maraqlı olduğu qədər də, hiyləgər yanaşmadır. Sonra da deyir ki, “Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Və buna görə də bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistan Respublikası Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan Respublikasının Konstitusiyasında nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”. Yəni özünü “mələk” kimi təqdim edir, hətta Azərbaycanın səmimi narahatlığını bölüşür, lakin ardınca məsələni Konstitusiya Məhkəməsinin üzərinə atır. Müqayisə də aparmağa cəhd edir: “2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməmiz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında müddəalara baxmışdır. Ermənistan Respublikası və Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədin demarkasiyasının əsas prinsipi kimi qeyd edildiyi müddəaların Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildirdi.
Bu, o deməkdir ki, Konstitusiya Məhkəməmiz qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsipinə əsasən, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir. Bunun əsasında tərəflərin 2022-ci il oktyabrın 6-da Praqada münasibətləri tənzimləmək barədə razılığa gəlməsi Ermənistan Respublikasının Konstitusiyasına tam uyğundur. Buna görə də Ermənistan Konstitusiyasını şərh etmək səlahiyyətinə malik olan orqan geri alınmaz qərarı ilə müəyyən edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və ya hər hansı başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur. Yenə deyirəm, bu, ən yüksək hüquqi qüvvəyə malik qərardır və ləğv edilə bilməz”.
Diqqət edin, artıq Konstitusiya Məhkəməsinin Azərbaycana və başqa ölkəyə qarşı ərazi iddialarının ali qanunda olmadığı barədə xatırlatma edibsə, bundan sonra eyni “hava”nı çalmağın mənası qalırmı? Təbii ki, yox. Bu kimi söz oyunları ilə zaman qazanmağa çalışır.
Çünki anlayır: onun hakimiyyətini sülh bəyanatları, sülh müqaviləsi qoruya bilər. Bu halda Qərb Paşinyanın hakimiyyətini xilas edə və həm də onun özünü, ailəsini həbsdən, terror təhdidindən qoruya bilər. Lakin Paşinyan parallel şəkildə erməni ordusunu şərti sərhədlərə cəmləyir, atəşkəsin pozulmasına göz yumur. Artıq ölkəni və ordunu idarə edə bilmirmi? Bu qənaət üçün ciddi əsaslar yoxdur. Paşinyan özünü və ölkəsini xilas üçün iki, bir-birinə zidd variantlar üzərində işləyir: hərb və sülh istiqamətində. Bu, 2019-cu ilin sentyabrında Xankəndidə “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyandır. Beləsinin həftənin cüt günü sülhdən, tək günü müharibədən danışması, yaxud ordusuna “irəli” komandası verməsi təəccüb doğurmur. Sülh bəyanatlarının ardınca təxribatlara əl atmağa hazırlaşdığına da zərrə qədər şübhə yoxdur. Gümrüdə uduzan Paşinyan bir il sonrakı məğlubiyyətdən xilas naminə heç olmasa bir yüksəkliyi ələ keçirmək, təbliğatını bu istiqamətdə qurub, revanşistlərə acıq vermək niyyətindədir…
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ