İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqlarının dekabr mərhələsi - Müqavilə ilə bağlı VACİB AÇIQLAMA

Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır.

Musavat.com xəbər agentliklərinə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr” adlı tədbirdə deyib.

ELNUR.jpg (249 KB)

Elnur Məmmədovun sözlərinə görə, “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan Konstitusiyasında əsas kimi qəbul olunur:

“2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan sülh təkliflərini ilk dəfə Ermənistana 2021-ci ildə edib. Müharibədə qələbə qazanan ölkə heç vaxt qarşı tərəfə sülh təklifi etmir, amma biz bunu etmişik. Biz sülhlə bağlı əsas prinsipləri hazırlamışıq. 2020-2022-ci illərdə biz Ermənistanın arzularının nə olduğunu bilmirdik. Bundan sonra biz ətraflı müzakirələr aparmışıq. Bu müzakirələr ABŞ, Rusiya və Qazaxıstanda aparılıb. Həmin müzakirələrdə sülh razılaşmasını tərtib etməyə çalışmışıq”.

E. Məmmədov vurğulayıb ki, 30 ildən çoxdur Ermənistan hökuməti hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib.

“Sualımız odur ki, hazırda biz danışıq naminə danışıqlar aparırıq, ya yox?”, - XİN rəsmisi qeyd edib.

Elnur Məmmədov onu da bildirib ki, Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə çatdırılıb:

“Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan parlamenti onunla bağlı qərar verməli və Konstitusiya Məhkəməsi onu təsdiqləməlidir”.

Tədbirin “Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər” mövzulu panelində onlayn çıxışı zamanı erməni ekspert Onnik Krikoryan isə deyib ki, Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər:

“Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir. Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir. Nikol Paşinyanın bu prosesdə səmimi olduğunu düşünür”.

Delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olması sülh gündəliyinə ciddi hədədir. Danışıqların dekabr mərhələsindən gözləntilər çoxdur. Ermənistanda referenduma dəyişikliyin yalnız parlament seçkilərindən sonra mümkün olması ilə verilən açıqlamalar sülh danışıqlarının uzanacağından xəbər verir.

metin.jpg (38 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, dekabr danışıqlarından əsaslı gözləntilər var:

“Sülh müqaviləsi layihəsinin böyük hissəsi razılaşdırılıb. Bununla bağlı Azərbaycan və Ermənistan rəsmiləri ən yüksək səviyyədə açıqlamalar veriblər. Buna görə də böyük hissəsi razılaşdırılmış müqavilənin tamamlanması ehtimalı var. Eyni zamanda ciddi maneələr qalmaqdadır. Ermənistandan əsas gözləntimiz Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən konstitusiyanın preambula hissəsini dəyişməsidir. Müəyyən neqativ məqamlar da var. Bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Ermənistan hələ də bu məsələdə qeyri-müəyyən mövqe tutur.

Ermənistan konstitusiyada dəyişiklik edilməsinə razı olduğunu bildirir, amma bunu 2027-ci ildən tez etmək fikrində deyil. Digər tərəfdən, Ermənistanın baş naziri və digər rəsmiləri deyirlər ki, əslində bu da danışıqlar prosesi və sülh müqaviləsinin imzalanması üçün maneə deyil. Yəni Ermənistan hökumətinin qeyri-müəyyən və müəyyən mənada ziddiyyətli mövqeyi sülh müqaviləsinin imzalanmasına əsas maneə kimi dəyərləndirilə bilər”.

M.Məmmədli vurğulayıb ki, konstitusiyaya dəyişikliklər yalnız referendumla, yəni xalqın iradəsi ilə edilə bilər:

“Ermənistanda referendumun vaxtı önə çəkilərsə, bu, danışıqlar prosesinə müsbət təsir göstərəcək. Ermənistan hökumətinin mövqeyi bundan ibarətdir ki, 2026-cı ildə parlament seçkiləri keçiriləcək, referendum da bundan sonra keçirilməlidir. Əgər konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum 2025-ci ildə keçirilsə, sülh danışıqlarına müsbət təsir edə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR