Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Dövlət Mükafatına təqdim edilən işlərin siyahısı keçən həftə açıqlandı. Sonra Nazirlər Kabineti yazmışdır ki, işləri təqdim edən idarələr bunların xalq arasında müzakirəsini keçirməlidir. Lakin belə müzakirələr varmı, yoxmu, uca xalqımız xəbərsizdir. Pul isə heç az deyil, yanılmıramsa, Dövlət Mükafatı hazırda 40 min manatdır. Maşın almaq olar. O baxımdan mən müzakirəni açıq elan edirəm.
Mükafatlıq işlərin siyahısında birinci yerdə, daha doğrusu, sırada “Atom-hidrogen energetikasında termo və radiasion-heterogen proseslər” göstərilmişdi, dalıyca da bunun Rusiyada nəşr olunmuş monoqrafiya olması yazılmışdı. Düzdür, alim azərbaycanlıdır, akademik Adil Qəribovdur. Ancaq Rusiyada çıxan kitaba biz niyə dövlət mükafatı veririk, anlamadım. Üstəlik, kitabın müəllifinin internetdəki bioqrafiyasına (guya “tərcümeyi-hal” yazanda bizim ana dilimizdə olur?) baxanda açıq görünür ki, adam bunu 2011-ci ildə ingilis dilində də çap edibdir. Yəni yeni bir şey olmasına iddia edə bilməz.
Lakin lap hesab edək yenidir. Azərbaycanda nə atom energetikası var, nə hidrogen. Enerjimizi mazut və qaz yandırılan, ekologiyanın nənəsini ağladan arxaik İstilik Elektrik Stansiyaları təmin edir. Əsasən. Cüzi hissə də su elektrik stansiyalarının payına düşür və mikroskopik də külək-Günəş batareyalarımız vardır. Xızı-Quba tərəflərə gedərkən, yol qırağında o yel dəyirmanlarının iri pərlərini fırlanan görəndə Beşbarmaq dağına nəzir deyirik. Bəs bu atom-hidrogen prosesləri bizim haramıza yaraşır? Qədim ata sözünə əməl etməkdirmi: “Qoy desinlər Qasıməlinin çustu var, Kim nə bilir altı yoxdur, üstü var”?
Əlbəttə, siyahıda elə adlar və işlər vardı ki, bəlkə onların yanında Adil müəllimə Nobel də düşürdü. Məsələn, Ziyad Səmədzadə. “XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı və onun inkişafının aktual problemləri”- silsilə əsərlər"inə görə mükafata təqdim edilib. 2024-də yaşayırıq, Ziyad müəllim hələ də hesab edir ki, 20-ci əsrdə, misal üçün, Lerikdə kolxoz quruculuğu problemləri aktualdır.
Bugünlərdə Qaraçuxur tərəfdə (yerin adı da hadisə ilə səsləşir) bir nəfər su çəninə girmişdi, orfda təpəsi üstə, daha doğrusu, başı aşağı qalmışdı. Fövqəladə halları çağırdılar, gəlib çənin ağzını kəsdilər, kişi durdu çıxdı getdi işinin dalıyca. Yəqin xəbərlərdə o tragikomik videonu görmüsünüz.
Halbuki mən 5 dəqiqə o vəziyyətdə qalsam, ürəyim partlayardı. Hələ adamın başına, beyninə qan yığılmaq ehtimalından danışmıram. Ancaq belə adamlarımız vardır! Mətanətlə hər şeyə dözürlər, lazım gəlsə baş üstündə dayanırlar. Hansısa siyasətçi başı üstdə dayananda jurnalistlər üçün xəbər olur, bəs sadə xalqı niyə işıqlandırmırıq?
Mən su idarəsinin yerində olsam həmin vətəndaşı dövlət mükafatına təqdim edərdim. Bəlkə aldığı pulla yeni, ağzı daha geniş su çəni də ala bilərdi. Yoxsa atom belə getdi, hidrogen belə gəldi... Bizdə su çəni problemi aktualdır.
1934-cü ilin ədəbiyyat üzrə Nobel mükafatını alan italiyalı yazıçı var: Luici Pirandello. Yəqin onun adı uca millətimizə heç zad demir. Lakin Pirandellonun yaradıcılığından bir əsərin ekranlaşdırılmasını çoxunuz görmüsünüz. Bu, Gürcüstan kinosuna məxsus “Küp” filmidir, 1971-ci ildə çəkilib. Həmin filmdə şərab küpü sınırdı, usta çağırırdılar, usta küpü qayırırdı, lakin qırıqları içəridən yapışdırdığı üçün axırda elə küpün içərisində qalırdı. Bax, həmin qısametrajlı film Pirandellonun “Küp” novellası əsasında çəkilib.
Bunu ona görə xatırlatdım ki, dövlət mükafatına təqdim edilən yoldaşlardan biri də rejissor Vaqif Mustafayevdir. Ancaq həmin film su çənində qalan qaraçuxurlunu işıqlandırmır.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ