Onlayn ictimai-siyasi qəzet
Dünya xoşbəxtlik indeksi hazırlanıb (Gallup Analitiks tərəfindən, BMT üçün), orada birinci yeri artıq 8 ildir dalbadal Finlandiya tutub. Ancaq bizi əsas düşündürən ana yurdumuzdur, Azərbaycanın yeri isə heç yaxşı deyil: 106-cı yer. 145 ölkə arasında.
Ən qəribəsi tək bu olsa yanmazdıq. Ermənistan orada 87-ci, Gürcüstan 91-ci, Rusiya 66-cı, İran 99-cu yerdədir. Yəni, bütün qonum-qonşu arasında ən pis yerdə bizik. Türkmənistanı yazmadım, çünki onu hesabatı hazırlayanlar özləri də dəqiq bilmir, axı indeksi hesablamaq üçün ölkəyə müəyyən giriş-çıxış gərəkdir. Nəsə statistika, açıq mənbələrdə rəqəmlər olmalıdır, hərçənd, türkmən qardaşlarımız hələ Saparmurat müəllimin vaxtından əbədi xoşbəxtdirlər. Xoşbəxtlik indeksini ölkədə səhiyyənin, sosial vəziyyətin, adambaşına ÜDM-in, insan azadlıqlarının, korrupsiyanın və sairənin səviyyəsi əsasında hesablayırlar.
Bayaq “qəribə” sözünü əsasən Ermənistanın göstəricisinə görə yazdım. Belə çıxır ki, müharibəni uduzan ermənilər bizdən 19 punkt daha xoşbəxtdirlər. Adama bir az pis təsir edir. Çox yox, azca.
Üstəlik, indeksin saytında ötən illərə baxanda vəziyyətimizin pisləşdiyi görünür. 2016-cı ildə Azərbaycan 85-ci yerdə imiş. 2018-də 90, 2023-də 101-ci olmuşuq. Görəsən azərbaycanlılara xoşbəxt olmağa nə mane olur? Axı, yazdığım kimi, məntiqlə biz əsas bədbəxtlik gətirən problemimizi – vətənin işğalını aradan qaldırmışıq, ağ günlərə çıxmalıydıq?!
Bir ingilis yumoru var, deyir, xoşbəxtlik pulda deyil, onun miqdarındadır. O baxımdan, mən hesab edirəm ki, dünya xoşbəxtlik indeksini qayıranlar ana yurdumuza qarşı qərəzli mövqe tutmuşlar, uğurlarımızı gözü götürməyən xarici qara qüvvələrin şəri, böhtanıdır. Bunu isbat etmək çox asandır.
Məsələn, Novruz bayramı ərəfəsi, 19 martda Bakının şimal – avtovağzal çıxışından çıxmaq mümkün deyildi. Maşın maşın belində idi. Hamı dabanına tüpürüb paytaxtdan qaçırdı. Elə bil Bakı və Abşeron sakinlərinin dalıyca hansısa yam-yam qəbilələri düşmüşdü. Hazırda paytaxt və yarımadada nisbi sakitlikdir. Qu desən qulaq tutulur. Bizə belə şərait yaratdığı üçün hökumətə dərindən minnətdarıq.
İnşallah, növbəti illərdə paytaxtı daha da yaşanılmaz yer halına gətirsinlər. Yoxsa bir nəfər mənim bu sualıma cavab verə bilərmi: o necə paytaxtdır ki, bayram günlərində ordan hamı qaçır, əziz günlərini orda keçirmək istəyənlər barmaq sayı qədərdir? Niyə Bakı bayram şəhəri deyil?
Yeri gəlmişkən, dəmiryol idarəmizin əndrəbadi saytında Bakı-Gəncə “sürət” qatarının bilet qiymətlərindən xəbəriniz varmı? 20 martda 1 biletin qiyməti 148 manat 20 qəpik idi. 21 martda 54 manat 10 qəpiyə, 22 martda isə 20 manat 50 qəpiyə düşmüşdü. 25 mart üçünsə hətta 17 manat 20 qəpikdir. Bu nə qiymət siyasətidir, kimsə izah edə bilərmi? Bayram günləri, basabas olanda qiymət niyə qalxır? Bəlkə sərnişinlər üçün həmin günlər vaqonlarda rəqqasəli striptiz də göstərilir və bunun qiyməti biletə əlavə olunur? Hər halda, dəmiryolu özəl deyil, heç kimin atasından qalmayıb, hələlik xalqa məxsusdur və orada bu dərəcədə - az qala 10 dəfəyə çatan qiymət oynatmaq olmaz. Mənə elə gəlir. Səhv edirəmsə əlimi relsə bağlamaq olar.
Əlbəttə, xalq razıdır, bu da xoşbəxtliyimizi göstərir. İkincisi, biz həmişə deyərdik ki, xaricdə bəzi ölkələr gülməli “problemləri” gündəm edir, məsələn, filan artistin göbəyi niyə böyüyüb, behmankəs nazir velosiped sürəndə şalvarı cırılıb və sairə. Allaha şükür, artıq Azərbaycan da həmin xoşbəxt dövlətlər sırasındadır. İnanmırsınızsa, özünüz baxın, xəbərlərdə ən çox Paşinyanın yelsəbet sürməyini göstəririk.
Yaxud, bu Novruzda zəhmətkeşlərimizin əsas müzakirə mövzularından biri şəhərdə stəkan-nəlbəki abidəsinin qoyulmasıydı. İnsanlar qətiyyətlə etiraz edirdilər, söyləyirdilər ki, atam-qərdeşim, Novruza bunun nə dəxli var, Novruzda səməni abidəsi qoyulmalıdır. Sən demə nəlbəkidə armudu stəkan ümummilli bayramımızın atributikası siyahısına girmirmiş.
Bəs bu atributlar nədən ibarət olmalıdır? Onu da növbəti yazımızda.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ