Onlayn ictimai-siyasi qəzet
Sovet İttifaqı vətəndaşlarının böyük əksəriyyəti heç vaxt xaricdə olmayıb. Xaricə gedə bilənlərin bir xeylisi isə geri qayıtmaq istəməyib. Demək olar ki, hər şeyin tanışlıqla əldə edilməli olduğu Sovet İttifaqı ilə müqayisədə Qərb ölkələri sovet xalqı üçün əsl bolluq vahəsi olub.
Bu, təkcə böyüklər tərəfindən deyil, uşaqlar tərəfindən də fərq edilib. Məhz buna görə də taleyin hökmü ilə yolu ABŞ-yə düşən 12 yaşlı sovet məktəblisi vaxtı gələndə valideynləri ilə birlikdə SSRİ-yə qayıtmaqdan imtina edib və evdən qaçıb.
12 yaşlı Vladimir Polovçak özü də fərqində olmadan siyasi intriqanların əlində alətə çevrilib.
Əlbəttə, Amerikada qalmaq fikri Volodyanın ağlına dərhal gəlməyib və oğlan beynəlxalq qalmaqalın qəhrəmanı olmağı da xəyal etməyib. Sadəcə, 1980-ci illərin əvvəllərində o, ailəsi ilə birlikdə ABŞ-yə köçüb. Ailə daimi yaşayış üçün atasının bacısının dəvəti ilə Amerikaya gəlib. Ata Mixail, ana Anna və üç uşaq - böyük övlad Nataşa, 12 yaşlı Volodya və kiçik Mişa qohumları ilə Çikaqonun ətrafında məskunlaşıblar.
Həyat öz axarı ilə davam edib, ailə yad ölkədə özünə yer tapmağa çalışıb. Onlar yavaş-yavaş dil öyrəniblər, valideynlər iş tapıblar. Amma altı aydan az vaxt keçməmiş atanın ağır xəstə olduğu üzə çıxıb, onun ayaqlarının kəsilməsi təhlükəsi yaranıb.
Tibbin pulsuz olduğu Sovet İttifaqından fərqli olaraq, Amerikada müalicə baha olub. Nəticədə ailə SSRİ-yə getməyə hazırlaşıb. Dərhal sovet diplomatları da “köməyə” gəlibər. Onların ünvanına SSRİ səfirliyindən gələn məktubda yazılıb:
“Siz sovet vətəndaşlığından çıxmamısınız, antisovet hərəkətləri ilə bağlı heç bir qeydiniz yoxdur və biz hələ də sizi sovet adamları hesab edirik. SSRİ-yə qayıdın, bizim dərmanlarımız pulsuzdur, heç bir təqib olmayacaq. Əksinə, sizə yaxşı mənzil, iş, maaş vəd edirik”. Təbii ki, məktub ailənin geri dönməsi üçün tələ olub. Çünki Sovet İttifaqı Moskvaya qayıdan ailənin üzvlərini xaricdə, xüsusən də ABŞ-də yaşamağın necə ağır olduğu barədə təbliğat aparmaq uçün istifadə edəcəkdi.
Uşağın valideynləri tələyə düşüb. Ailənin Sovet İttifaqına qayıtması xəbəri ərköyün uşaqları şoka salıb. 17 yaşlı Nataşa və 12 yaşlı Volodya ABŞ-ni tərk etmək istəməyiblər və buna görə də, qohumlarının yanına qaçıblar. Polovçakın qohumları uzun müddət ABŞ-də yaşadıqlarından özlərini əsl amerikalı hesab ediblər və qaçaqları valideynlərinə təhvil verməyiblər.
Uşaqlar itkin düşəndə narahat olan valideynlər polisə xəbər veriblər və polis qaçanları tez tapıb. İllinoys qanunlarına görə, demək olar ki, yetkin olan Nataliyanı evə qayıtmağa məcbur etmək mümkün deyildi, lakin onlar uşağı valideynlərinə qaytara bilərdilər. Polis bölməsində Volodya qətiyyətlə deyib: “Valideynlərimin yanına qayıtmayacağam, ABŞ-də yaşamaq istəyirəm”.
Artıq uşağın SSRİ-yə qayıtmamaq istəyi televiziyaya və mətbuata çatıb. İş beynəlxalq rezonans doğurub və ABŞ Dövlət Departamenti məsələyə qarışaraq vəziyyətin məhkəmədə həll edilməsi ilə bağlı göstəriş verib.
Həqiqət əvvəlcə Volodyanın valideynlərinin tərəfində olub. Onlar valideynlik hüquqlarından məhrum edilməyiblər, buna görə də məhkəmə qərarı ilə uşaq valideynlərinə qaytarılmalı olub. Yeganə problem o idi ki, məhkəmə bu qərarı verənə qədər ata və ana ABŞ ərazisini tərk ediblər və ABŞ rəsmiləri Volodyanı səfirlik nümayəndələrinə təhvil verməkdən imtina edib.
Dərhal SSRİ mətbuatında oğlanın Amerikada zorla saxlanması ilə bağlı qəzəbli yazılar çıxıb, Vovanın sinif yoldaşları Amerika prezidentinə məktub yazaraq onun azadlığa buraxılmasını xahiş ediblər, o özü isə bunun baş verməməsi üçün dua edib. Qaçaq oğlanın atası ABŞ vizası alıb uşağı götürmək üçün Çikaqoya gedərkən amerikalı hüquq müdafiəçiləri apelyasiya şikayəti veriblər.
Bunun ardınca sovet səfirliyinin vəkilləri işə dini məsələləri bağlamaqla ciddi səhvə yol veriblər. Onlar oğlanın yunan katolik ailəsində böyüdüyünü və ABŞ-də protestant kilsəsinə aparıldığını bildirdikdə, onun əleyhdarları dərhal bundan istifadə ediblər.
Sonra məlum olub ki, oğlanın vətənində nə yunan katolikləri, nə baptistlər, nə pravoslavlar, nə də digər dindarlar yumşaq desək, xoş qarşılanmayıblar və hətta təqib olunublar. Buna görə də, məhkəmə oğlanın məhz bu səbəbdən ABŞ-də qalmasının daha düzgün olduğuna dair qərar verib. Beləliklə, yeni adı Valter olan uşaq dini zəmində Amerikadan müvəqqəti sığınacaq, 18 yaşında isə Amerika vətəndaşlığı alıb.
Müsahiblərinin birində Valter deyib ki, o, uzun illər səksəkə içində yaşayıb, qorxub ki, DTK agentləri onu küçədə mütləq tutub ana və atasının yanına aparacaqlar. Lakin sovet kəşfiyyatçılarının uzun qolları Vovaya toxunmayıb.
Vəziyyət düzləldikdən sonra Vladimir-Valter tez-tez ukraynalı qohumlarını ziyarət etməyə başlayıb. Münasibət dərhal istiləşməyib, amma zaman bütün yaraları sağaldıb. Amerikada ailə həyatı quran Volodya “Azadlığın uşağı” kitabını nəşr etdirib və ofis meneceri kimi işləyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ