İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-ni yıxan qiyamın 34 ili: bərpası riski qaldımı...

Hadisələrin canlı şahidi “Yeni Müsavat”a nələr danışdı; “rəhmətlik Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlı...”

Bu günlər, 1991-ci ilin avqust ayının 19-22-də baş verən və tarixə “QKÇP qiyamı” kimi düşən gərgin və taleyüklü hadisələrin 34-cü ili tamam olur.

O zaman SSRİ-nin güc strukturlarının (Müdafiə Nazirliyi, DTK, DİN) rəhbərliyi hakim Kommunist Partiyasının bir sıra rəhbərləri ilə birləşərək, Krımda yay tətilində olan ölkə prezidenti Mixail Qorbaçovu devirmək, hakimiyyəti ələ almaq istəmişdilər. Ancaq siyasi qüvvələrin və xalqın dirənişi ilə qiyam cəhdi uğursuzluqla nəticələnmiş, Qorbaçov Moskvaya qayıtmış, qiyamçıları həbs etdirmişdi.

Bundan sonra o, kompartiyanın buraxılması barədə fərman vermiş, ardınca SSRİ respublikaları ard-arda öz müstəqilliklərini elan edərək, “milli mənzillər”ə dağılışmışdılar.

O dövrün şahidləri baş verənləri necə qiymətləndirirlər? “QKÇP qiyamı”nın müstəqillik arzusunda olan xalqlara faydası məlumdur, bəs qiyam baş tutsaydı, nələr ola bilərdi? Bu gün SSRİ-2 yaranması təhlükəsi varmı?

Köhnə komanda”dan xilas davam edir - köklü islahatlar tələb edən sahələr

Qulamhüseyn Əlibəyli

Həmin dövrdə Azərbaycanda müstəqillik uğrunda gedən mübarizənin əsas siyasi fiqurlarından biri olan, sabiq deputat, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a verdiyi açıqlamada həmin günlərin yaddaşında xüsusi əlamətləri ilə fərqlənməyən adi bir gün kimi qaldığını deyir: “SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin yaradılması haqqında məlumat verilərkən prezidentin səlahiyyətlərini icra etməli olan vitse-prezident Yanayevin əllərinin əsməsi bütün SSRİ məkanında göstərilmişdi və diqqətləri cəlb etmişdi. Mənim də ən çox yaddaşımda qalan onun əllərinin əsməsi idi. Bu o demək idi ki, onlar etdikləri hərəkətlərin qanunsuz olduğunu başa düşürdülər, elədikləri hərəkətlərin xalqın xoşuna gəlmədiyini yaxşı anlayırdılar. Ona görə də tərəddüd edir, qorxurdular. Sərəncam elan olunduğunun səhəri gün "Azadlıq" qəzetinin redaksiyasında idim. Başqa bir işlə bağlı getmişdim. Qəzetin baş redaktoru, rəhmətlik Nəcəf Nəcəfovun iştirakı ilə ilkin müzakirələr keçirdik. Təhlükəli durumun yarandığını görürdük. Onun üçün də qərara gəldik ki, etiraz etmək lazımdır. Səhv etmirəmsə, artıq orada Fuad Ağayevin etiraz yazısı hazır idi. Sonra Xalq Cəbhəsinin qərargahına getdik. Artıq Xalq Cəbhəsinin İdarə Heyətinin bəyanatı da hazır idi. Baş verənlər dövlət çevrilişi kimi qiymətləndirilmişdi. Xalq Cəbhəsi mitinqlər keçirmək barədə qərar qəbul etmişdi. Növbəti mitinqlər Xalq Cəbhəsinin qərargahı önündə keçirilirdi. Respublikalar o dövrdə ilkin olaraq müəyyən qədər gözləmə mövqeyi tutdular. Düzdür, sonradan bəziləri QKÇP-yə dəstək verdilər. Ayaz Mütəllibov SSRİ-ni müdafiə edən bəyanatla çıxış etdi. Həmin dövrün  tanınmış hüquqşünalarından biri əvvəlcə qəzetdə QKÇP-ni müdafiə edən bəyanatla çıxış etdi, elə ki, QKÇP ləğv olundu, o, dərhal QKÇP-nin qanunazidd olduğunu deməyə başladı. “Azadlıq” qəzetində ilkin müzakirələr zamanı iştirakçılardan biri Boris Yeltsinin mövqeyini xatırlatdı. Yeltsin etiraz etmiş, xalqı küçələrə səsləmişdi. Artıq təkcə siyasi qüvvələr deyil, rəhbər də buna etirazını bildirirdi. O dövrdə həm də Yeltsin demokratik bir insan kimi tanınırdı. Onun bir çox məsələlərdə mövqeyini təqdir edirdik. O zaman özümüz üçün belə bir qənaətə gəldik ki, hələ heç nə itirilməyib. Sadəcə, təhlükəli durumun yaranması mümkündür. Yeltsinin mövqeyinin bir çox məsələləri həll edə biləcəyi düşüncəsində idik. Doğrudan da o zaman təcrübə özünü göstərdi, Yeltsinin mövqeyi həlledici oldu. Həmin vaxt SSRİ-nin demokratik qüvvələri, o cümlədən Azərbaycan Xalq Cəbhəsi öz etirazını bildirirdi. Amma bizim bu etirazlar sadəcə siyasi xarakter daşıyırdı. Faktiki olaraq, vuruşan Yeltsin və Moskva əhalisi oldu. Qarşıdurma yarandı. Ordu və təhlükəsizlik qüvvələri demək olar ki, iki hissəyə parçalandı. Bir hissəsi Yeltsini müdafiə edirdi, digər hissə isə Qorbaçovu passiv şəkildə dəstəkləyirdi. Çox az bir hissə QKÇP-ni müdafiə edirdi. Ordu küçələrə çıxarılsa da, əhaliyə atəş açmaqdan imtina etdi. Bu da mənə elə gəlir ki, bir sıra məsələlərdə həlledici amil kimi rol oynadı".

Müsahibimiz onu da qeyd etdi ki, o zaman Moskvadakı etirazlarda Azərbaycandan da nümayəndələr iştirak edirdi: “Orada Azərbaycan bayrağı da dalğalanırdı. Həmin şəxslərin adlarını unutmuşam. Səhv etmirəmsə, o zaman Xalq Cəbhəsinin Moskvada yaşayan üzvləri bunu təşkil etmişdilər. Bu proses 2-3 gün çəkdi. Qorbaçov həmin vaxt demək olar ki, bütün proseslərdən kənarlaşdırılmışdı”.

Q.Əlibəyli QKÇP-nin mahiyyətindən də danışdı: “Ötən əsrin 80-cı illərinin sonlarından etibarən mərkəzdənqaçma üstünlük təşkil edirdi. Respublikalar açıq formada olmasa da, müstəqilliyə meyl etməyə başlamışdılar. Demək olar ki, əksər respublikalarda prezident postu təsis olunmuşdu. Onlar hər şeyi Moskvanın diktəsi ilə həyata keçirmək istəmirdilər. Bunu da artıq Qorbaçov yaxşı başa düşürdü. Onun üçün də yeni ittifaq adlı sənəd hazırlanmışdı. Bu ittifaq müqaviləsində konfederativ dövlət quruluşuna uyğun dövlət yaradılması təklif olunurdu. Respublikaların səlahiyyətlərinin müəyyən dərəcədə genişləndirilməsi nəzərdə tutulurdu. Bu da o dövrdə çox adamı qane etmirdi. Hakimiyyətdə olanlar buna qarşı idi. Ona görə də həmin QKÇP-ni yaratdılar ki, daha sərt şəkildə SSRİ-ni qoruyub saxlaya bilsinlər. Amma əksi oldu. SSRİ-nin dağılmasına səbəb olan amillərdən birinə çevrildi. Qorbaçov fəaliyyətini bərpa edəndən sonra respublikalar daxilində SSRİ-nin tərkibindən çıxma prosesi başladı. Hətta Ayaz Mütəllibov QKÇP-ni müdafiə etsə də, məcbur oldu ki, Ali Soveti çağırsın və Müstəqillik Bəyannaməsi qəbul etsin. Bu bəyannamə də o cümlələrdən ibarət idi ki, Azərbaycan SSRİ özünü müstəqil dövlət elan edir və müstəqil dövlət kimi fəaliyyət göstərəcək. Amma ondan əvvəl də Azərbaycan Xalq Cəbhəsinin etiraz mitinqlərini hakimiyyət dəfələrlə kobud şəkildə dağıtmışdı. Avqustun 23-də Xalq Cəbhəsinin qərargahının önündə keçirilən aksiya dağıdılarkən rəhmətlik Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlı ciddi şəkildə xəsarətlər aldılar. Həmin şəxslərin vurulması şüurlu şəkildə idi. Amma bununla belə hərəkatın qarşısını ala bilmədilər. Əksinə, xalq hərəkatı daha da gücləndi. Son nəticədə Azərbaycanın da müstəqil dövlət olmasına gətirib çıxardı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR