İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-də kollektivləşdirmə haqqında həqiqətlər - repressiya, aclıq, kütləvi sürgünlər

1920-ci illərin sonlarında SSRİ-də başlayan mülkiyyətsizləşdirmə və kollektivləşmə sovet tarixinin ən ağrılı səhifələrindən biri olub. Bunlar təkcə iqtisadi islahatlar olmayıb - bu, repressiya, aclıq, kütləvi sürgünlər və milyonlarla insanın ölümü ilə müşayiət olunan kənd həyat tərzini zorakılıqla məhv etmək üçün dövlət kampaniyası olub. Sovet təbliğatı “böyük dönüş nöqtəsi”, “aqrar inqilab” və “sosializm sisteminin qələbəsi” haqqında danışıb. Amma bu şüarların arxasında kasıbların varlılara, mərkəzin əyalətlərə (və əksinə), partiyanın xalqa, narazıların dövlətə qarşı apardığı savaş durub.

Uzun illər kollektivləşdirmə dövrünün neqativ halları mövzusu qaldırılmayıb. Yalnız 1990-cı illərdə arxivlərin açılması ilə faciənin miqyasını təxmini qiymətləndirmək mümkün olub. Tədqiqatçılar dəhşətli əhali itkilərini və ənənəvi kəndli mədəniyyətinin məhv olduğunu qeyd edib. Demoqraflar və sosioloqlar siyahıyaalma məlumatlarından, regional statistikadan və Birləşmiş Dövlət Siyasi İdarəsinin hesabatlarından istifadə edərək itkilərin mənzərəsini yenidən qurmağa imkan veriblər.

Absurd qanunlar

189d5f75-ce0c-4ab9-ab77-c70d0de11bfb.jpeg (94 KB)

Kollektivləşdirmə siyasəti ifrat zorakılıqla həyata keçirilirib və onun reallaşması hakimiyyətin ardıcıl olmayan, bəzən absurd hərəkətləri ilə müşayiət olunub. Kənd təsərrüfatının idarə edilməsi ilə bağlı qərarlar inanılmaz sürətlə dəyişib.

Məsələn, 1920-ci ilin dekabrında kəndli təsərrüfatının ictimailəşdirilməsi təsdiqlənib və artıq 1921-ci ilin martında yeni iqtisadi siyasət tətbiq olunub. Torpaq əvvəlcə kəndlilərin şəxsi mülkiyyəti elan edilsə də, sonra kolxozlara verilib. Eyni zamanda torpağın icarəyə verilməsinə icazə verilib, lakin bir neçə aydan sonra icarədarlar həbs edilib. Sovet hökumətinin bu dövrdəki hərəkətləri dəyişkən olub və bu da xaosu, xalqın iztirablarını daha da artırıb. 1928-1929-cu illərdə fiskal təzyiqlər başlayıb: varlı kəndlilərin təsərrüfatları üçün vergi kəskin artıb, məcburi və “könüllü” rüsumlar əlavə edilib.

5ef01469-353c-4dc1-ad95-233758e4e16e.jpeg (89 KB)

Təsərrüfat vergisi 18 rubldan 28 rubla, 890 min varlı kəndlilərin təsərrüfatı üçün isə 100 rubldan 267 rubla qədər artıb. Dövlət taxılı pulla almaqdan imtina edib, zorla almağa başlayıb. Bu, kənddə sinfi nifaqı daha da gücləndirib: taxıl varlılardan alınıb və yoxsullar arasında yenidən bölüşdürülüb, qarşılıqlı nifrət yaranıb.

Növbəti mərhələ mülkiyyətdən məhrumetmə, yəni kəndin varlı hissəsinin fiziki olaraq məhv edilməsi olub. İmkanlı şəxslər ölkənin şimal və şimal-şərq bölgələrinə sürgün edilməsi kollektivləşmənin ən mühüm mərhələlərindən birinə çevrilib. Nəticə etibarı ilə kəndlərdə hörmətli insanlar və hakimiyyətin potensial rəqibləri sıradan çıxarılıb. Kolxozlar sürgün edilənlərin torpağını, mal-qarasını, evlərini və əmək alətlərini alıblar. Yeni addımlar guya insanların sosial vəziyyətini normaya salmalı olub, amma bütün bu utopik ümidlər özünü doğrultmayıb.

e9ea5009-64fd-47e0-99ab-956e315d5a7c.jpeg (117 KB)

Rusiya arxivlərində deportasiya edilənlərin həyatı haqqında çoxlu məlumatlar var və onların sayındakı dəyişikliklərin öyrənilməsi deportasiya nəticəsində vaxtından əvvəl ölümlərin miqyasını təxmin etməyə imkan verib.

Açıq arxivlər: Rəqəmlər nə deyir?

Sovet arxivlərinin açılması itkilərin qiymətləndirilməsinə yanaşmaları kökündən dəyişib. Əgər əvvəllər tədqiqatçılar müşahidəçilərin, şahidlərin rəylərinə, Dövlət Plan Komitəsinin məxfi məlumatlarına və proqnozlarına istinad edirdilərsə, indi Mərkəzi İqtisadiyyat İdarəsinin və Mərkəzi Statistika İdarəsinin çoxsaylı sənədləri, habelə 1937 və 1939-cu illərin siyahıyaalınmalarının işlənməsi kimi materiallar əldə edilib. Bu, regional səviyyədə itkilərin daha dəqiq hesablanmasına imkan verib.

d4fef09c-f0ac-4d05-9f18-f13db7a91558.jpeg (55 KB)

Məlum olub ki, 1931-ci ildən 1933-cü ilə qədər olan aclıq illərində ümumi ölüm nisbəti əvvəllər göstəriləndən bir qədər yüksək olub. Təkcə Ukraynada 3-3,5 milyon, bütövlükdə SSRİ-də isə 6-7 milyon əlavə ölüm baş verib. Bu onillikdə ölən 40 milyon insanın 21,6 faizi sürgündə (hər beşinci şəxs) dünyasını dəyişənlər olub.
Kollektivləşdirmə, kütləvi şəkildə mülkiyyətsizləşdirmə kimi təkcə iqtisadi məqsədlərə xidmət etməyib. Onun əsas vəzifəsi köhnə həyat tərzinin əsas dayağı kimi kəndlilərin iradəsini qırmaq olub. Bütün sarsıntılar nəticəsində yeni bir şəxsiyyət tipi meydana çıxmalı olub - tamamilə asılı, itaətkar, qorxudulmuş. Bu adamın artıq mülkiyyəti olmayıb, təşəbbüs göstərməkdən çəkinib, oğurluğu yaşamaq norması kimi qəbul edib.

Rejim belə bir “yeni insan” yetişdirməyə çalışıb. Harvardda sosiologiya kafedrasının əsasını qoyan rusiyalı mühacir, professor Pitirim Sorokin “Aclıq faktor kimi” kitabında göstərib ki, aclıq insanın bütün fiziologiyasına, ilk növbədə onun ağlına və psixoloji fəaliyyətinə təsir göstərib. Sorokin yazıb: “Aclıq təkcə bədəni deyil, həm də zehni məhv edir, insanları istənilən manipulyasiya və məcburiyyət formasına həssas edir”.

Beləliklə, bu siyasətin faciəvi nəticələri onilliklər ərzində hiss olunaraq cəmiyyətin şüurunda dərin iz buraxıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR