Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayət məhkəməsi Ural regionundakı Azərbaycan diasporunun tanınmış rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciəti təmin etməyib və onun həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.
Beləliklə, Mutvalı Şıxlinski 2025-ci il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq.
Mutvalı Şıxlinskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi – polis əməkdaşına zor tətbiq etmə ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, 1 iyul 2025-ci ildə onun saxlanılması zamanı güc strukturlarının əməkdaşları avtomobilinin şüşələrini çəkiclə sındırıb, Mutvalı isə qorxuya düşərək qaz pedalına basıb və bu zaman guya əməliyyatçını vurmaq təhlükəsi yaranıb. Lakin diaspor dairələri və hüquq müdafiəçiləri bu ittihamların uydurma və sifarişli xarakter daşıdığını bildirirlər.
Musavat.com-un məlumatına görə, Şahin Şıxlinski və oğlu Mutvalının həbsi təkcə hüquqi proses deyil, Azərbaycan diasporuna qarşı uzunmüddətli planın tərkib hissəsidir. Məqsəd Rusiyada nüfuzlu və təşkilatlanmış Azərbaycan icmasının aparıcı fiqurlarını sıradan çıxarmaq, diasporun iqtisadi və ictimai dayaqlarını dağıtmaq, onun siyasi təsir imkanlarını zəiflətməkdir. Kreml bu yolla Azərbaycan diasporunu parçalamaq və idarəolunan, təsirsiz vəziyyətə salmaq niyyətindədir.
Bu siyasət təkcə Şıxlinskilərlə bağlı deyil. 2025-ci ilin iyun ayında Yekatenburq şəhərində Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı genişmiqyaslı əməliyyat keçirərək evlərə və iş yerlərinə qəfil basqınlar etmiş, çoxsaylı diaspor üzvlərini əsassız şəkildə həbs etmişdi. Həmin aksiyalar zamanı Səfərov qardaşları xüsusi amansızlıqla işgəncə altında qətlə yetirilmişdi. Bu fakt Rusiyanın Azərbaycan icmasına qarşı məqsədli repressiya siyasəti yürütməsini bir daha sübut edir.
Hazırda Kremlin məqsədi aydındır – Rusiyada yaşayan azərbaycanlıları qorxu altında saxlamaq, diaspor rəhbərlərini susdurmaq, təşkilatlı müqaviməti sındırmaq və onların vasitəsilə Bakının səsini Avropada və beynəlxalq tribunalarda zəiflətmək. Şıxlinskilərin işi də bu strategiyanın növbəti həlqəsidir və onun hüquqi yox, siyasi xarakter daşıdığı getdikcə daha aydın görünür.
Azərbaycan diaspor dairələri və hüquq müdafiəçiləri bu prosesi “mütəşəkkil təzyiq kampaniyası” adlandırır və bildirirlər ki, Şahin və Mutvalı Şıxlinskiyə qarşı irəli sürülmüş ittihamlar saxta sübutlara və qərəzli yanaşmaya əsaslanır. Onlar hesab edirlər ki, bu, Rusiyada azərbaycanlı icmasının nüfuzunun qırılması üçün həyata keçirilən planın bir hissəsidir və beynəlxalq təşkilatların bu hadisəyə reaksiya verməsi vacibdir.
Musavat.com
30 Sentyabr 2025
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ