İnsanlara hürriyət, millətlərə istiqlal!

“Spinozanın tanrısı”: Məhəbbət üçbucağı, yoxsa ağır psixoloji... - FOTOLAR

Psixoloji dram janrında lentə alınan “Spinozanın tanrısı” filminin kollektivi ilə bir araya gəldik.

Musavat.com xəbər verir ki, fevral ayının 27-də qala gecəsi keçiriləcək filmdə Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Hüsniyyə Mürvətova, Elşən Rüstəmov, həmçinin gənc və istedadlı aktyorlar Türkay Cəfərli, Lalə Süleymanova, Fidan Bayram və başqaları rol alıblar.

Film psixoloji triller janrındadır və tammetrajlıdır. Filmin quruluşçu rejissoru Cavid Təvəkküldür.

İstər çəkiliş komandası, istər aktyor heyəti film haqqında ağızdolusu danışır. Onlar öz işlərinə güvənir, fərqli iş ərsəyə gətirdiklərini bildirirlər.

TEVEKUL.jpeg (187 KB)

“Filmin mövzusu insanın daxili dünyası, sevgidən yaranan duyğulardan ibarətdir. Psixoloji məqamlar əsas yer tutur. Filmdə sevgi və insanların yaşadığı bir çox hisslər təsvir olunub. Sevgidən dolayı yaranan hadisələr var. Sevgi ağır yaşanan hissdir. İstər gənc, istər yaşlı olsun. Yüngül sevgi olmaz. Sevgi sözün yaxşı mənasında bəladır. İndi gənclər ideyalar arxası ilə qaçırlar. Sevgini arxa plana atırlar. Biz də istədik, onlara sevginin hər halını göstərək”, - filmin rejissoru Cavid Təvəkkül deyib.

“Günay” obrazını canlandıran Lalə Süleymanova isə bildirib ki, “Spinozanın tanrısı”nda hər kəs özünə aid bir duyğu tapacaq:

“Son zamanlar çəkilən filmlərin heç birində sevgi görmürük. Elə başa düşülür ki, “Spinozanın tanrısı” filmi adi sevgi üçbucağıdır. Amma elə deyil, çox fərqli işdir. Öz obrazım barədə deyə bilərəm ki, “Günay” birmənalı qarşılanacaq obraz, insan deyil. Qəliz, öz hissləri ilə vuruşan qadındır. “Günay”la Lalənin fərqli cəhətləri çoxdur. “Günay” mənə oxşayan obraz deyil. Mən Lalə olaraq “Günay”ın etdiyi heç nəyi etmərəm. O, bütün hissləri maksimumda yaşayır. “Spinozanın tanrısı”nda hər kəs özünə aid bir duyğu tapacaq”.

TURKAY.jpeg (218 KB)

“Bərq” obrazını canlandıran aktyor Türkay Cəfərli qeyd edib ki, ekran işinin maraqlı süjet xətti var:

“Heç bir ssenarini birnəfəsə oxumamışdım. Mənim üçün də gedişat maraqlı idi. Hadisələri təxmin etmək olmur. “Spinozanın tanrısı” filmində köhnə dövrün sevgiləri təsvir edilib. Rejissorumuz Cavid Təvəkkül cəmiyyətə nə göstərəcəyini bilir. Biz eşqin pik nöqtəsini tamaşaçıya göstərəcəyik”.

“Fəza” obrazını canlandıran aktrisa Fidan Bayram filmi “hisslərin rəqsi” adlandırıb:

“Mən özüm də tizerə baxanda qarışıq hisslər keçirdim. “Spinozanın tanrısı” sevgi üçbucağı da deyil, gənclik filmi də deyil. Burada dərin hisslərin əksi daha çoxdur. Obrazların hər biri həyatdandır, heç biri mükəmməl deyil. Bu filmi “hisslərin rəqsi” adlandırmaq olar”.

NİCAT SON.jpeg (187 KB)

“Spinozanın tanrısı”nın bəstəkarı Nicat Qafuroğlu qeyd edib ki, filmin musiqisi simfonik klassik üslubdadır:

“Filmin musiqisi canlı alətlərlə ifa olunub. Simfonik klassik üslubdadır. Gözəl soundtreki var. Ssenarini oxuduqdan sonra çox düşündüm ki, bu filmi hansı şeir əks etdirə bilər. Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiri üzərində dayandım. Əminəm ki, filmin musiqisi də “Spinozanın tanrı”sını sevdirməyə kömək edəcək”.

Qrim rəssamı Aysu Aliz deyib ki, “Spinozanın tanrısı” komandası ilə işləyəndə zövq alıb:

“Film triller janrında olan bir melodramdır. Qrim rəssamı olaraq bu işdə işləmək mənimçün çətin oldu açığı, amma bir az da çətinlikdə daha yaxşı işləyən biri olduğum üçün buradakı çətinliklər və onlara tapdığım həll mənim üçün yaxşı təcrübə oldu.

Kiçik bir sirr bölüşüm sizinlə - rejissorla görüşə gedəndə işlə bağlı təsdiq üçün yolda hiss edirdim ki, Lalə Süleymanova və ya Türkay Cəfərli bu filmdə olacaq, hissimdə də yanılmadm. Gəlib stulda əyləşəndə cədvəldə hər ikisinin şəklini gördüm. Bu məni çox sevindirmişdi. Daha sonra Fidanla tanış olduq. Fidan kənardan baxanda eqolu kimi görünsə də, əksi bi insan idi.

Ümumiyyətlə, Cavid Təvəkkül həmişə layihələriylə seçilən rejissor olub, bu müddətdə ondan çox şey öyrənmişəm, işdən savayı “ata-qız” münasibətində də tövsiyələr verir”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR