İnsanlara hürriyət, millətlərə istiqlal!

Spikerdən Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrə CAVAB

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, spiker dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiyanın təşkil olunduğunu bildirib:

“Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, sözügedən sənəd əsasən Fransalı deputatların təşəbbüsü ilə hazırlanıb və müzakirəyə çıxarılıb. Bu, heç də təsadüfi deyil, çünki Fransa bu gün bütün dəyərləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin yanında yer alıb. Ancaq həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlarda Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir”.

Spiker qeyd edib ki, Azərbaycan güclü dövlətdir və xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir.

“Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – bizim bölgəmizdən nə qədər uzaq dursalar, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik”” - Sahibə Qafarova deyib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR