Onlayn ictimai-siyasi qəzet
Ən çox hansı dairədə namizəd yarışacaq, ən gənc və yaşlı namizədlər kimlərdir?
125 seçki dairə arasında ən çox və ən az namizədlərin olduğu yerlər isə artıq bəllidir. Belə ki, ən çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Bu dairədə 13 deputatlığa namizəd qeydə alınıb.
Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsidir. Bu dairələrdə 6 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, artıq deputatlığa namizədlər arasında ən gənc və ən yaşlısı müəyyənləşib. Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O, tələbədir və 18 yaşı var. Gənc namizəd 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.
Ən yaşlı namizəd isə 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. 86 yaşlı namizəd 38 saylı Gəncə birinci seçki dairəsində rəqibləri ilə yarışacaq.
Bəs seçki prosesi bitdikdən sonra Milli Məclisin sədri və müavinləri necə seçiləcək?
Növbəti çağırış Milli Məclisin ilk iclasında parlament sədri seçilir. Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemdən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.
Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, Milli Məclisin Daxili Nizamnaməsinin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclis sədrinin birinci müavininin seçkiləri keçirilir.
Milli Məclis sədrinin seçilməsi parlamentin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır. Qeyd edək ki, növbəti çağırış Milli Məclisin ilk iclasını ən qocaman deputat açır və ilk iclası o aparır.
Milli Məclis sədrinin müavinləri isə Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir.
Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Sahibə Qafarova və Əli Hüseynlinin namizədliyini yenidən irəli sürüb. Onlar müvafiq olaraq 102 saylı Şəmkir şəhər və 53 saylı Yevlax-Mingəçevir seçki dairələrindən namizəddir. Fəzail İbrahimlinin namizədliyi isə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən irəli sürülüb.
Yayılan son məlumatlara görə, seçkilərdən sonra Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olacaq. Milli Məclisin sədri vəzifəsinə yenidən Sahibə Qafarovanın namizəd olacağı gözlənilir. Sədr müavinləri postunda isə tamamilə yeni simaların olacağı bildirilir.
Elşad Musayev
“Hazırda seçki özünün çox qızğın mərhələsinə qədəm qoyub. Belə ki, görüşlər keçirilir, buradan da hiss olunur ki, hansı namizədə dəstək, xalq tərəfindən xoş münasibət var”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. Onun sözlərinə görə, əsas odur ki, seçkilər azad, ədalətli, demokratik və sakit tərzdə, gərginlik olmadan keçirilsin: “Çünki ölkəmizdən kənarda, eləcə də ölkə daxilində elə qüvvələr var ki, onlar bu seçki prosesinə ləkə yaxmağa çalışırlar. İstəyirlər hansısa gərginlik olsun ki, sonradan da bundan istifadə etsinlər. Çünki qarşıda COP29 kimi böyük, mötəbər tədbir var. Beləliklə, indiki halda çalışmalıyıq ki, sakit və normal şəkildə seçkilər keçirək, yerlərdə görüşlər zamanı xoşagəlməz hallar olmasın. Hələlik hesab edirəm ki, yerlərdə seçki prosesi normal şəkildə keçir, heç bir maneçilik yoxdur, namizədlər istədikləri kimi görüşlər keçirirlər.
O ki qaldı kimin spiker və ya spiker müavini seçilməsinə, bu, növbəti mərhələdə olacaq. Bu baxımdan biz namizədlər hazırda indiki prosesə fokuslanmışıq. O da məlumdur ki, çoxluq qazanan partiya öz namizədini verəcək. İndidən də aydın görünür ki, Yeni Azərbaycan Partiyasının (YAP) gücü, potensialı digər partiyalardan çoxdur. Bu baxımdan hesab edirəm ki, spiker YAP-dan olacaq, digər vəzifələr isə ümumi razılıq əsasında həll olunacaq".
Yeri gəlmişkən, Mərkəzi Seçki Komissiyası son iclasında quruma daxil olmuş müraciətlərə baxıb.
Azərbaycan Ümid Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülən Ağayev Elxan Şükür oğlunun, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sərkərnamazova Könül Əhməd qızının, 7 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərəcov Aqşin Akif oğlunun, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Əsgərov Aqşin Cahangir oğlunun, 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İsrafil İkram İsrayıl oğlunun, 83 saylı Beyləqan seçki dairəsi üzrə Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Vəliyev Əli Xanəli oğlunun müraciətlərinə baxılıb. Onlar namizədliklərinin qeydə alınmaması ilə bağlı Dairə Seçki Komissiyasının qərarlarından şikayət ediblər.
MSK müraciət edənlərin heç birinin şikayətini qəbul etməyib və namizədliklərinin qeydə alınması barədə qərarları qüvvədə saxlayıb.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ