İnsanlara hürriyət, millətlərə istiqlal!

SP Sandunu tanımadı: Qalib Stoyanoğludur!

Moldova Respublikasının Sosialistlər Partiyası prezident seçkilərinin ikinci turunda qalib gəldiyi bildirilən hazırkı Prezident Maya Sandunu qeyri-legitim prezident hesab edir.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosialistlərin lideri, keçmiş prezident İqor Dodon öz Teleqram kanalında məlumat yayıb.

“Maya Sandu qeyri-legitim prezidentdir, onu ancaq xarici sponsorları və kuratorları tanıyır. Moldova xalqı özünü aldadılmış və qarət edilmiş hiss edir”, - sənəddə bildirilib.

Vurğulanıb ki, seçkiləri, xüsusilə Dnestryanı bölgədə və xarici seçki məntəqələrində səsverməni heç bir halda xalqın iradəsinin azad və demokratik ifadəsi adlandırmaq olmaz:

“Biz bir sıra ölkələrdə seçki məntəqələrinin əsassız olaraq ixtisar edilməsi, seçicilərin səsvermə məntəqələrinə girişinin əngəllənməsi, sükut günü və səsvermə günü təşviqat və digər qanun pozuntuları ilə üzləşmişik. Nəticədə yüz minlərlə ölkə vətəndaşı səsvermə hüququndan istifadə edə bilməyib ki, bu da səslərin sayındakı son fərqi izah edir”.

Sosialistlər Sandunun rəqibi, dəstəklədikləri keçmiş baş prokuror Aleksandr Stoyanoğlunu prezidentlik kampaniyasının əsl qalibi hesab etdiklərini açıqlayıblar:

“Hətta bu şərtlər daxilində Sandu ölkə daxilində məğlub oldu. Moldovan xalqının namizədi Aleksandr Stoyanoğlu Moldovada keçirilən prezident seçkilərində əsl qələbə qazanıb. Moldova sakinlərinin 51,19%-i - burada (Moldovada – red.) işləyən və ya burada pensiya alan, vergi və kommunal xərclərini burada ödəyən, burada uşaq böyüdən, ölkənin problemləri ilə yaşayan insanlar – ona səs verib. Moldova sakinlərinin əksəriyyəti mövcud hökumətin siyasətinin əleyhinə səs verib”.

Qeyd edək ki, ötən gün baş tutan prezident seçkilərinin nəticələrinə görə, Maya Sandu 55,33% səslə qalib gəlib.

Buna baxmayaraq, Moldova daxilində seçicilərin səsverməsində sabiq baş prokuror, etnik qaqauz Aleksandr Stoyanoğlu 51,19% səs toplayıb. Maya Sandu yalnız ölkədən kənardan verilən səslər, diasporun səsləri ilə qalib gəlməyi bacarıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR