İnsanlara hürriyət, millətlərə istiqlal!

Soydaşlarımız erməni radikallarının hücumlarına səssiz qalmır

Dünya azərbaycanlıları bir arada - aksiyalar davam edir

Dünya azərbaycanlıları erməni radikalların hücumlarına səssiz qalmırlar. Sentyabrın 16-da Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Onların arasında britaniyalı siyasi şərhçi və jurnalist Niel Uatson da olub.

O, aksiya zamanı jurnalistlərə açıqlama verərək, Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatı pisləyib: “Biz bir daha Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin və bu təcavüz nəticəsində azərbaycanlıların həyatını itirməsinin şahidi olduq. Biz bu gün burada həmçinin Ermənistanın Azərbaycan torpaqlarını minalamasına etiraz etmək üçün yığışmışıq”, - deyə N.Uatson qeyd edib.

Qeyd edək ki, piketdə “Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi      şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

Niderlanddakı Azərbaycan icması isə Haaqa şəhərində icazəli piket keçirib. Soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər. Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxart!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” kimi şüarlar nümayiş etdirilib.

Azərbaycanlılar Haaqada Ermənistanın təxribatlarına görə etiraz aksiyası  keçirib - FOTO

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti fəal iştirak edib.

Niderland Krallığının Utrext şəhərində Ermənistanın son təxribatlarına etiraz əlaməti olaraq azərbaycanlı tələbələrin aksiyası keçirilib. Dam meydanında baş tutan aksiyada azərbaycanlı tələbələr Həcər Karaman, Səyyad Bağırlı və Həsən İsmayıl təcavüzkar və qəsbkar Ermənistandan fərqli olaraq Azərbaycanın sülh və barış tərəfdarı olduğunu yerli ictimaiyyətə çatdırmağa çalışıblar. Ermənistanın son təxribatı nəticəsində həlak olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər. Azərbaycanın dövlət bayrağını dalğalandıran gənclərimiz “Biz sülh istəyirik!”, “Ermənistan, sülh müqaviləsini imzala!” şüarlarını nümayiş etdiriblər.

Qeyd edək ki, aksiya sentyabrın 16-dan 24-dək Niderlandda keçirilən illik Sülh Həftəsi çərçivəsində gerçəkləşdirilib. Niderland ictimaiyyəti bir həftə ərzində bütün dünyada münaqişələrin həlli problemlərini, eləcə də ölkələrindəki daxili münaqişələri müzakirə edir.

Almaniyanın Maqdeburq şəhərində yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) sədri, Alman Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Yaşar Niftəliyev Millinitsin adından yayılan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Maqdeburqda yaşayan Azərbaycan icmasının beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə hiddətləndiyi və dərin narahatlıq hissi keçirdiyi nəzərə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistan hər vəchlə mane olmağa çalışır.

WBCA beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə və əməli addımlar atmağa çağırıb.

Çex Respublikasında yaşayan Azərbaycan icması Praqa şəhərində icazəli piket keçirib. Krizovnicke namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər. Piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, “Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib. Aksiya diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilib.

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” də ötən gün aksiya keçirib.

Mərkəzdən “Report”un Avropa bürosuna bildirilib ki, Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdikləri təxribatları İsveç cəmiyyətinə çatdırmaq üçün məlumat vərəqləri hazırlanıb. Həmin vərəqlər ölkənin bir neçə böyük şəhərində əhaliyə paylanıb. “Erməni diasporu Avropada güclüdür. Ancaq buna baxmayaraq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Yaşadığımız ölkədə insanlara tədbirlər, konfranslar və belə aksiyalar vasitəsilə Ermənistanın Azərbaycana olan aqressiya və təcavüzünü çatdırmağa çalışırıq. Ötən gün keçirilən aksiyanı da insanlar maraqla qarşıladılar. Vərəqləri alıb uzaqlaşmır, əksinə, suallar verir, baş verən son hadisələrlə maraqlanırdılar”.

Mərkəzdən həmçinin bildirilib ki, bu kimi tədbirlər növbəti günlərdə, İsveçin digər şəhərlərində də keçiriləcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR