İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet Azərbaycanının əmək qəhrəmanları –Bəndalı Əliyev və çoban Həsən bu ali mükafatdan məhrum edilib


Sovet dövrünün ən ali mükafatlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adı ilə Azərbaycanda 577 nəfər, SSRİ-nin ayrı-ayrı bölgələrində yaşayan 49 nəfər təltif edilib. Bu adı Azərbaycanda ilk dəfə 1943-cü ildə Zaqafqaziya Dəmiryolunun Bakı lokomotiv deposunun maşinisti Firudin Ağayev alıb. 577 nəfər arasında qəhrəman adına iki dəfə 3 nəfər layiq görülüb: Heydər Əliyev, Bəsti Bağırova və Şamama Həsənova.

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı adı cəmi iki dəfə, 1959-cu ildə neftçi Mixail Koveroçkin və 1966-cı ildə mexanizator Sevil Qazıyeva ölümündən sonra təltif olunublar.

Azərbaycanda qəhrəman adı ilə təltif olunan 577 nəfərdən  413 nəfəri kənd təsərrüfatında, 98 nəfəri sənayedə, 27 nəfəri partiya və sovet işində, 14 nəfəri nəqliyyat və rabitə sahəsində, 13 nəfəri tikinti, 12 nəfəri isə elm və mədəniyyət sahəsində çalışıb. Azərbaycanın Sosialist Əməyi Qəhrəmanlarından 36 nəfəri Naxçıvan MSSR-də, 26 nəfəri Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayıb.

Qəhrəman adına 1986-cı ildə layiq görülən sonuncu azərbaycanlı isə Xızı rayonundan olan, heyvandarlıq sahəsində yüksək nəticələr əldə edən Əlisəfa Yaqubov olub.

Qeyd edək ki, Sosialist Əməyi Qəhrəmanı ali mükafatı 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Mükafatın əsasnaməsində qeyd olunub:

“Sosialist Əməyi Qəhrəmanı adı ölkənin təsərrüfat və sosial-mədəni həyatında fərqlənmənin ən yüksək dərəcəsidir və o, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, ixtira və elmi kəşflər, dövlət qarşısında müstəsna xidmətləri ilə xalq təsərrüfatının, mədəniyyətin, elmin yüksəlişində SSRİ-nin qüdrətinin və şöhrətinin artmasına xidmət etmiş şəxslərə verilir...”

Aliev_BM_lgst (1).jpg (53 KB)

Əsasnaməyə əsasən bu ada layiq görülənlərə xüsusi vəsiqə verilib və onlar eyni zamanda “Lenin “ ordeni ilə də təltif olunublar.

22 may 1940-cı ildə əsasnaməyə daha bir bənd əlavə olunub. Bu bəndə əsasən Sosialist Əməyi Qəhrəmanına layiq görülənlər üçün medal təsis edilib. Sovet İttifaqı Qəhrəmanlarına verilən medallardan fərqli olaraq, bu mükafatın medalının ulduzu üzərində oraq və çəkic əks olunub.

Sosialist Əməyi Qəhrəmanı adı ilk dəfə 20 dekabr 1939-cu ildə 60 illik yubileyi münasibətilə İosif Stalinə verilib. SSRİ-nin süqutuna qədər bu mükafata 20747 nəfər layiq görülüb. SSRİ-də cəmi 16 nəfər 3 dəfə qəhrəman adına layiq görülüb ki, onlardan biri də bakılı Boris Vannikov olub. General-polkovnik Vannikov uzun illər Moskvada nazir vəzifəsində çalışıb və o, sovet atom proqramının əsas təşkilatçılarından biri sayılıb.

SSRİ-də qəhrəman adına layiq görülənlərdən 87 nəfəri bu ali mükafatdan məhrum edilib ki, onlardan iki nəfəri azərbaycanlı olub: Bəndalı Əliyev və çoban Həsən kimi məşhur olan Həsən Kərimov.

1911-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində  anadan olan Bəndalı Əliyev müharibədən sonrakı dövrdə həmin rayonda Çaparidze kolxozunun sədri vəzifəsində işləyib. 1947-ci ildə kolxoz 10 hektar sahənin hər hektarından 86,8 sentner pambıq məhsulu əldə edərək yüksək göstəriciyə nail olub.  SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli fərmanı Bəndalı Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan SSR Prokurorluğuna Caparidze adına kolxozun kolxozçuları adından Bəndalı Əliyev haqqında çoxsaylı şikayət məktubları daxil olub. Əraziyə komissiyalar göndərilib və yoxlama nəticəsində onun qulluq mövqeyindən sui-istifadə edərək 400 min rubl dəyərində kolxoz mal-qarasını, 200 minə yaxın kolxoz pulunu mənimsəməsi aşkar edilib. 12 dekabr 1950-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Bəndalı Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilib. Məhkəmənin hökmü ilə o, həm də bütün dövlət mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından da məhrum edilib. Məhkəmə prosesində Bəndalı Əliyev partiya biletini, orden və medallarını məhkəməyə təhvil verməkdən imtina edib. Məhkəmə bununla bağlı Bəndalı Əlievin orden və medal daşımasının qadağan edilməsi ilə haqqında ayrıca bir qərar  çıxarıb.

Гасан_Рза_оглы_Керимов.jpg (47 KB)

Ali mükafatdan məhrum edilən digər azərbaycanlı çoban Həsən adı ilə məşhur olan Həsən Kərimov olub. 1925-ci ildə Bərdə rayonunun Qarayusifli kəndində anadan olan Həsən Kərimov elə həmin rayonda Orconikidze adına kolxozda baş çoban işləyib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 mart 1966-cı il tarixli fərmanı ilə heyvandarlığın inkişafında əldə etdiyi nailiyyətlərə görə Həsən Kərimov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Həsən Kərimov SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1985-ci il tarixli fərmanı ilə ölümündən sonra bütün titul və mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından məhrum edilib. Həsən Kərimovun həbsi, vəfatı, titullarından məhrum edilməsi səbəbləri haqqında növbəti saylarımızda yazı təqdim edəcəyik.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR