İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial media dələduzluqları artıb: vətəndaşlar necə və niyə tora düşür

Son vaxtlar sosial şəbəkələrdə dələduzluq halları artmaqda davam edir. İnsanların inamından və məlumatsızlığından istifadə edərək müxtəlif yardım kampaniyaları adı altında onları aldadır, bank hesablarını ələ keçirərək maddi ziyan vururlar.

Məsələn, bu günlərdə jurnalist Ruhiyyə Daşsalahlının adıyla FB səhifəsi açıb Soliton şirkətinin adıyla dələduzluq edilib.

Bir neçə gün öncə isə həkimlərin adından votsap açıb, onlara qarşı dələduzluq edilməsi faktı fiksə olundu. Bununla bağlı bir neçə həkim sosial media hesabında paylaşım edib. Qeyd olunur ki, dələduzlar başqa nömrədən həkimlərin adından rəfiqələrinə yazaraq onlardan pul istəyirlər. İnandırıcı olmaq üçün yeni açılmış votsap profilinə adından istifadə edilən həkimin fotosu yerləşdirilir. Onların bu metodu işə yarayıb və dələduzluq yolu ilə pul mənimsəməyi bacarıblar.

Həmçinin tanınmış şəxslərin adından saxta səhifə yaradıb, yaxud səhifəsini ələ keçirib, bəsit mərclər təşkil edilir. Məsələn, bir neçə gün öncə Xalq artisti Naibə Allahverdiyevanın adından dələduzluq edilmişdi. Xalq artistinin sözlərinə görə, “İnstagram” və “Facebook” səhifələri dələduzlar tərəfindən oğurlanıb. Xalq artistinin adından istifadə edən dələduzlar 500 manatlıq hədiyyə kartı vermək adı ilə telefon nömrəsi tələb edir, daha sonra nömrə vasitəsilə vətəndaşın bank hesablarını oğurlayırlar.

Beləliklə, demək olar ki, hər gün müasir texnologiyalardan istifadə edərək yeni neo-dələduzluq faktları aşkara çıxır.

Bəs insanlar bundan necə qorunmalıdırlar, dələduzların toruna düşməmək üçün nələrə diqqət etməlidirlər?

Bank kartlarını necə qorumaq olar? - YouTube

 Fərhad Mirəliyev 

İT mütəxəssisi Fərhad Mirəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Son zamanlar sosial şəbəkələr üzərindən vətəndaşlara müxtəlif məzmunlu mesajlarların daxil olması halları kütləvi şəkildə artıb. Bu kiber dələduzlar şəbəkəsi əsasən xaricdən idarə olunur və saxta hesablar və ya nömrələr vasitəsiilə təmas qururlar. Bir çox hallarda olanların Azərbaycan dilində qeyri-adi fikir ifadə etməyindən də məlum olur ki, onlar onlayn tərcümə proqramları vasitəsiilə Azərbaycan dilində cümlələr qururlar. Kiber dələduzlar çalışır ki, vətəndaşlarla öz aralarında bir etimad mühiti yaradaraq sonra yaranmış inamdan sui-istifadə edirlər. Ən çox təkliflər iş ilə bağlı edilir ki, bu da ”part time", əsasən işdən sonra pul qazanmaq imkanının olması səbəbi ilə bir çox vətəndaşlarda maraq oyadırlar. Vətəndaş əgər ayıq düşməszə, kiber dələduzlar şirnikləndirici müxtəlif təkliflər edir, işin təklifinin həqiqətən real olması təsəvvürü yaradırlar. Vətəndaş da fərdi məlumatlarını qarşı tərəfə təqdim edir, sonra isə əvvəldən yaradılmış saxta hesablara pul köçürməsi əməliyyatını icra edir".

Ekspert qeyd edib ki, digər bir dələduzluq növü isə qorxu, həyəcan yaratmaq, vətəndaşa psixoloji təsir göstərməklə onun adekvat düşünməsinin qarşısını almaqdır:

“Bu cür məqsədlər üçün əvvəlcədən saxta saytlar yaradılır və qurban seçdikləri şəxslərə bu saytlar mesaj vasitəsilə göndərilir. Belə ki, ”sizin hesabınız təhlükədədir", “şifrə kimlərsə tərəfindən ələ keçirilib”, “təcili linkə keçid edərək şifrənizi dəyişin” deyə saxta, real olmayan bir təhlükədən danışılır. Bu hesablar isə fərqi yoxdur, sosial şəbəkə hesabları da ola bilər və ya internet bankinqdə müştərinin şəxsi səhifəsi də olar bilər. Proses boyu tələyə düşmüş vətəndaşı müşayiət etməklə, dələduzlar öz məkrli planlarını çox vaxt sona çatdırmağı bacarırlar.

Belə hallara qarşı mübarizə aparmaq üçün vətəndaşlar son dərəcədə ayıq-sayıq olmalı, şübhəli mesajları iqnor etməli, spam və blok kimi funkisonallıqdan istifadə etməlidirlər. Heç bir halda sosial şəbəkələr üzərindən və yaxud zənglər zamanı fərdi məlumatlarını , telefona gələn təhlükəsizlik kodlarını heç kəs ilə paylaşmamalıdırlar.

Vətəndaşlar tərəfindən şikayətlərə tez-tez rast gəlinir ki, onlara məxsus vəsaitlər bank kartları vasitəsilə #dələduzlar tərəfindən mənimsənilir. Bu məsələdə qarşılıqlı olaraq vətəndaşlar bank təşkilatlarını günahlandırır, banklar isə vətəndaşlara ayıq-sayıqlığı itirməməyi tövsiyə edir və məsuliyyətin müştərilər üzərində olduğunu vurğulayırlar. Sosial şəbəkələrdə də bu mövzu ciddi müzakirə olunur və qarşılıqlı ittihamlar səsləndirilir.

Əsində vəziyyət necədir? Kiberdələduzların elan saytları vasitəsilə qurbanlar seçərək dələduzluq əməlləri törətməsi halları geniş vüsət alır. Dələduzlar əvvəlcə psixoloji fəndlər tətbiq edərək, öz qurbanları ilə qarşılıqlı etimad mühiti yaradırlar. İnam formalaşdırqdan sonra isə plan üzrə növbəti mərhələ icra edilir, vətəndaşın etibarından sui-istifadə olunaraq vəsaitlər qeyri-qanuni ələ keçirilir.

Vəsaitlərin oğurlanması əsasən bir neçə yol ilə icra edilir.

Ən geniş yayılmış dələduzluq metodu müştəriyə məxsus bank kartı məlumatlarının ələ keçirilməsidir. Dələduzluq edən şəxslər qurban seçdiyi vətəndaşların maliyyə savadlılığının qənaətbəxş olmaması və texnoloji biliklərinin zəif olmasından istifadə edərək saxta satış üsulu qurur və qarşı tərəfi buna inandırır. Ödəniş etmək üçün vətəndaşa məxsus bank kartına ehtiyac olduğunu iddia etməklə, qarşı tərəfə psixoloji basqı edir.  16 rəqəmli kart nömrəsindən (#PAN) əlavə, aldatma yolu ilə #CVC kod və kartın etibarlılıq müddəti də əldə edilir. Bir çox bank kartı məhsullarında klassik dizayndan imtina edilməklə bütün rekvizitlər bank kartının yalnız bir üzünə həkk edilir. Bank kartın şəklini qarşı tərəfə göndərdikdə, ani bir diqqətsizlik nəticəsində qarşı tərəf bütün məlumatları əldə etmiş olur. Beləliklə, dələduz ilkin məqsədinə çataraq, vəsaitləri öz hesabına göndərməyi bacarır.

Digər bir metod olaraq mobil tətbiqlər vasitəsilə hücum reallaşdırılır. Müasir dövrdə əksər banklar çoxfunkional mobil bank tətbiqləri təklif edir. Bu cür tətbiqlərə bir neçə üsul ilə qeydiyyat etmək imkanı olur. Dələduzlar, bu cür tətbiqlərdə təkrar qeydiyyata nail olmaqla, bank müştərilərinin şəxsi kabinetlərinə giriş əldə edirlər. Bu zaman hesablar və bank kartları artıq dələduzun ixtiyarında olur. Ona görə də bəzən ötürülməsi zərərsiz görünə bilən məlumatların paylaşılması da diqqətdə saxlanılmalıdır. Ad, soyad, FİN kod və mobil nömrə dələduzlar tərəfindən ən çox istifadə edilən məlumatlardır. Bir çox əməliyyatlarda təhlükəsizlik məqsədi ilə birdəfəlik kod (#OTP) sms istifadə edilirsə də, dələduzlar etibardan sui-istifadə edərək bu sms kodun məzmununu da vətəndaşlardan ala bilirlər.

Elan saytlarında geniş yayılmış dələduzluq növü kimi #fişinq hücumlar da diqqət çəkir. Saxta linlkər və ya saytlar vasitəsi ilə, vətəndaşın öz təşəbbüsü nəticəsində bank kartı və s. məlumatlar oğurlanır. Bu cür saxta saytların dizaynı maksimum oxşadıldığı saytlara yaxın olur və vətəndaş leqal bir saytda əməliyyat etdiyini düşünür. Dizayn olaraq məşhur bankların korporativ üslubları geniş istifadə edilir. “Azərpoçt” adından da son zamanlar bu cür saxta saytlar hazırlanaraq vətəndaşlara tələ qurulur.

Bank kartlarından əlavə ödəniş terminalları vasitəsilə də vətəndaşalara məxsus vəsaitlərin aldadılma yolu ilə mənimsənilməsi hallarına rast gəlinir. Daşınan və daşınmaz əmlak saytlarında dəyərindən dəfələrlə ucuz qoyulan əmlaklar vətəndaşlar tərəfindən marağa səbəb olur və müxtəlif bəhanələr ilə beh tələb edilir. Sonradan bu dələduzlar ortadan itir və onları tapmaq müşkül məsələyə çevrilir. Eyni dələduzluq mexanizmi iş axtarma saytlarında da tətbiq olunur və iş ehtiyacı olan vətəndaşların çarəsizliyindən istifadə edilərək onlara tələ qurulur. Onu da qeyd etmək yerinə düşərdi ki, bəzən sosial şəbəkələrdə investitsiya adı altında saxta reklam blokları yerləşdirilir və yalan məlumatlar ilə vətəndaşların diqqətini çəkirlər. İnandırmaq üçün bu tip paylaşımlarda dövlət şirkətlərinin adından istifadə olunur".

Bəs sosial şəbəkə dələduzlarının hansı cəza gözləyir?

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

 Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov mövzuya bu cür şərh bildirdi:

“Cəza dedikdə, fərqi yoxdur dələduzluq hansı formada həyata keçirilib, aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakı mənimsənilibsə, bu, Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsinə əsasən dələduzluq faktıdır. Yəni bu cür  faktlar varsa və sübut olunursa ki, şəxs bunu törədib, hüquq-mühafizə orqanları həmin şəxsə qarşı cinayət işi açırlar.

Burada xüsusilə bir daha qeyd edirəm ki, dələduzluğun hansı formada həyata keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir. Lakin bir şeyi qeyd etmək lazımdır ki, internet , sosial şəbəkələr vasitəsilə törədilən cinayətlərin üstünü açmaq çox çətindir.  Yəni cinayətkarı ifşa etmək, sübut etmək ki, bunu həmin şəxs törədib, bu bir qədər qəliz məsələdir. Çünki, məlum olduğu kimi, dələduzlar bunu müxtəlif adlarla həyata keçirirlər.

Hətta ola bilər ki, həmin dələduz heç Azərbaycanda yaşamır. Bu halda vəziyyət daha da çətinləşir, artıq hüquq-mühafizə orqanları dəqiq müəyyənləşdirməlidirlər ki, həmin dələduz haradadır və bundan sonra həmin ölkənin hüquq-mühafizə orqanları ilə əlaqəyə keçməlidir. Əgər söhbət hansısa böyük məbləğlərdən getmirsə, hüquq-mühafizə orqanları artıq bunu etməyəcək. Çünki bilinmir ki, bu müraciətlərin nəticəsi olacaq, ya yox.

Başqa bir  məsələ, ola bilir ki, bu cinayəti törədənlər elə bir ölkələrdədir ki, həmin ölkələrin Azərbaycanla münasibətləri ən azı yaxşı deyil. Yəni onlar heç nə etməyəcək.

Bütün bunları nəzərə alaraq insanlar ehtiyatlı olmalıdır. Başa düşməlidirlər ki, sosial şəbəkədə, internet resurslarında kiminlə danışır, kimə pul ödəyirlər. Yəni çalışmaq lazımdır ki, aldanmasınlar. Çünki bir daha qeyd edirəm ki, bir çox hallarda bu cinayətlərin üstünü açmaq mümkün olmur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR