İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Təbii fəlakətə çevrilən səssiz təhlükə: Qəhvəyi mərmər bağacığı!

Bu zərərverici harda görsəniz, öldürün! Tək bir dişisi 300-ə qədər yumurta qoyur və 300-dən çox bitki və ağac növünü məhv edir!

Qəhvəyi mərmər bağacığı təkcə alma, armud, fındıq, qarğıdalı deyil, üzüm, nar, tərəvəz və hətta dekorativ ağacların da düşmənidir. Meyvənin içini sorur, keyfiyyətini məhv edir, məhsuldarlığı 2–3 dəfə azaldır. Əgər indi qarşısı alınmasa, bu səssiz təhlükə sabah bütün bağları və ekosistemi məhv edəcək.

Zaqatala, Balakən, Göygöl və digər bölgələrdə vəziyyət kritikdir. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatını, ekosistemi və insanların gündəlik həyatını iflic edib. Qış yaxınlaşdıqca bu iyrənc iyli, sürətlə çoxalan zərərverici evlərə dolur, pəncərə açmaq belə mümkün olmur.

Qapı-pəncərələr torlu olsa belə, bağacığın istilası insanları bezdirib, kəndlərdə və şəhərlərdə insanlar carəsiz qalıb.

Bu, artıq lokal yox, ekoloji miqyaslı təhlükəyə çevrilib. Rəsmi qurumlar hara baxır? Müvafiq strukturlar, məsul şəxslər, idarələr mövcuddur, amma nəticə haradadır?

Dezinfeksiya işləri formal xarakter daşıyır, yerli əhali “öz gücü ilə” sabunlu su, tozsoran, yapışqan lentlə mübarizə aparır. Bu isə dövlət səviyyəsində ekoloji təhlükəsizlik siyasətinin fiaskosudur.
Zərərvericinin bu qədər geniş yayılmasına, illərdir kəndlərdə məhsul itkisinə, indi isə evlərə dolmasına baxmayaraq, ciddi tədbir görülmür.

Zoologiya İnstitutunun tədqiqatlarında da qeyd olunur ki, bağacığın mənbəyi Asiya ölkələri, əsasən Çin, Yaponiya və Koreyadır. 2010-cu ildən etibarən Qara dəniz regionunda yayılmağa başlayıb, 2015-ci ildən isə Gürcüstan və Rusiya Federasiyasında ciddi fəsadlar törədib. Gürcüstanda fındıq ixracı 40%-dən çox azalıb, Azərbaycan da eyni təhlükə ilə üz-üzədir.

Ekoloq Samir Əsədli deyir ki, region iqtisadiyyatının dayaqlarından olan fındıq bağları bu zərərvericinin birinci hədəflərindəndir: Bir vaxtlar Gürcüstan fındıq ixracında üçüncü yerdə idi, bu həşəratın yayılması ilə dördüncü yerə düşdü.
Zaqatala, Balakən, Qax və Şəki kimi fındıq istehsalı ilə məşğul bölgələrdə artıq məhsuldarlıq 30-40% azalıb.
Təkcə kəndlinin yox, ölkənin ixrac gəlirləri də təhlükə altındadır.

Azərbaycanda alimlər illərdir xəbərdarlıq edirlər. Zoologiya İnstitutunun materiallarında qonşu ölkələrdə fındıqda böyük itkilərdən sonra riskin bizim bağlar üçün də ciddi olduğu bildirilir.

Amma xəbərdarlıqlar kabinetlərdə itib-batır, tədbir planları kağız üzərində qalır.
Əgər bu gün tədbir görülməzsə, sabah kəndlərdə məhsul, şəhərlərdə isə rahat nəfəs qalmayacaq.

Ekoloji cəhətdən bağacıq təbii tarazlığı pozur. Yarpaqlarda açdığı dəliklər bitkilərin fotosintez qabiliyyətini zəiflədir, bu da torpaq mikroflorasına və bioloji müxtəlifliyə zərbə vurur. Nəticədə bölgələrdə həm kənd təsərrüfatı, həm də təbii həyat sistemi sarsılır".

Qeyd edək ki, ağacığın ifraz etdiyi kəskin, yanıq rezin və keşniş qoxusuna bənzər iy bir çox insanlarda allergiya yaradır.
Uşaqlarda və allergik şəxslərdə tənəffüs çətinliyi, baş ağrısı, göz yanması kimi hallar qeydə alınır. Bu zərərverici artıq təkcə kənd təsərrüfatının deyil, insan sağlamlığının da düşmənidir. Bəs bu qədər tədqiqat, xəbərdarlıq, beynəlxalq təcrübə ortada ikən niyə hələ də vahid mübarizə proqramı yoxdur? Bu böcəyin bioloji və kimyəvi nəzarət mexanizmləri niyə tətbiq edilmir?

İtaliyada, Gürcüstanda və ABŞ-də bu zərərvericiyə qarşı “Trissolcus japonicus” adlı parazit arı növü ilə bioloji mübarizə uğurla tətbiq olunur. Eyni üsul Azərbaycanda da tətbiq edilə bilər. Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA və bələdiyyələr birgə proqram çərçivəsində bu mübarizəni sistemləşdirməlidirlər.

Vətəndaşlar hazırda evlərindəki “iyli işğalçıya” qarşı təkdirlər. Şimal-Qərb zolağında vəziyyət “gözlə-görək” deyil, konkret icra tələb edir. Qurumlar “maarifləndirici posta” yox, real nəticələrə cavabdeh olmalıdırlar: neçə tələ asıldı, neçə ocaq məhv edildi, neçə təsərrüfatda zərər azaldı? Vətəndaşın qapısına dolan “iyli işğalçı”ya qarşı mübarizədə səlahiyyətli qurumların gecikməsi həm məhsulu, həm də insanın rahatlığını itkiyə atır. Bu, təkcə kəndlinin deyil, ölkənin ümumi ərzaq və ekoloji təhlükəsizliyi məsələsidir. Əgər indi tədbir görülməzsə, sabah Azərbaycanın şimal-qərbi yaşanmaz hala gələ bilər.

Yoxsa, bir gün bu səssiz təhlükə sadəcə bağları deyil, bütün bir regionun ekoloji balansını məhv edəcək.

Qəhvəyi mərmər bağacığına qarşı Türkiyədə həyata keçirilən tədbirlər praktik və xalqı prosesə cəlb edən nümunəvi model kimi göstərilir. Orada bu zərərvericiyə qarşı təkcə dövlət qurumları yox, vətəndaşlar da birbaşa mübarizənin iştirakçısına çevriliblər.

Türkiyənin Fındıq İstehsalçıları Assosiasiyası və yerli bələdiyyələrin təşəbbüsü ilə həyata keçirilən kampaniyada, vətəndaşlardan toplanan hər bir qəhvəyi mərmər bağacığına görə 1 Türkiyə lirəsi (1 TL) ödənilir.
Bu üsulun məqsədi həm zərərvericinin sayını azaltmaq, həm də əhalinin bu problemə laqeyd yanaşmamasını təmin etməkdir.

Cəmi bir neçə ay ərzində milyonlarla bağacıq toplanıb, xüsusilə Qara dəniz bölgəsində (Ordu, Giresun, Trabzon və Sakarya vilayətlərində) zərərvericinin yayılma sürəti xeyli azalıb.

Bu təşəbbüs bir daha göstərdi ki, ekoloji təhlükələrlə mübarizə yalnız dövlətin deyil, həm də vətəndaşın məsuliyyətidir. Dövlət və cəmiyyət birgə hərəkət etdikdə nəticə real olur.

Azərbaycan da bu modeldən nümunə götürməlidir. Əgər hər bir vətəndaşın əlinə bir simvolik “mükafat” və ya təşviq sistemi verilsə, həm maarifləndirmə artar, həm də real nəticə əldə edilər. Bu cür təşəbbüslər təkcə mübarizəni sürətləndirməz, həm də xalqın ekoloji şüurunu gücləndirər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR