İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soros uşaqları” Laçın yolundakı aksiyaya qarşı - təlimat eyni mərkəzdən gəlir!

Artıq 46-cı gündür Azərbaycan QHT-ləri, ekofəalları Xankəndi-Laçın-Gorus yolunun Şuşadan keçən hissəsində aksiya keçirirlər. Bu aksiyanın məqsədi sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərimizdə faydalı yataqlarının qanunsuz istismarına son qoyulmasına, orada dövlət təmsilçilərinin monitorinqlər aparmasına şərait yaradılmasına, Laçın yolunda nəzarət postumuzun qoyulmasına nail olmaqdır.

Çox uğurlu bir aksiyadır və kifayət qədər də ciddi nəticələri var. Faktiki olaraq bu, “dinc anti-terror əməliyyatı” kimi də qiymətləndirilir. Bu aksiya hazırda erməniləri, onların havadarlarını ciddi narahat edir, çünki gözləmədikləri halda boğazlarından yapışmışıq. Bu proseslə bağlı Azərbaycana ermənipərəst dairələr ilk günlərdən haqsız təzyiqlərə, tənqidlərə start verdilər. Maraqlıdır ki, Azərbaycanın içində də bəzilərini ələ alaraq, təlimat verərək anti-Azərbaycan kampaniyasına qoşa biliblər.

Son günlərdə Avropadan idarə olunan blogerlər, “Soros uşaqları” adlandırılan şəxslər Laçın yolundakı aksiyaya qarşı kampaniya başladıblar. Maraqlı detallardan biri də odur ki, bu kampaniyada Milli Şuraya, Əli Kərimliyə yaxın olan şəxslər, onun inhisarındakı bəzi jurnalistlər də aktiv şəkildə qoşulublar. Kiçik bir araşdırma apardıqda bəlli olur ki, Laçın yolundakı uğurlu prosesi gözdən salmaq üçün həm aksiyanın təşkilatçısı olan QHT-ləri qaralayırlar, həm də bütövlükdə dövlətin prioritetlərinə çevrilən bu aksiyanı məsxərəyə qoyurlar. Şübhə yoxdur ki, bu təlimat Avropadakı, Qərbdəki anti-Azərbaycan mərkəzlərindən gəlib. Laçın yolu ilə bağlı gedən proses faktiki olaraq Vətən Savaşımızın, Qarabağda suverenliyimizin tam bərqərar edilməsi prosesinin bir detalıdır. Buna qarşı kampaniyaya başlamaq, qoşulmaq dövlət maraqlarımızı Qərbin ermənipərəst layihələrinə satmaq anlamına gəlir.

“Sülh göyərçinləri”, “Soros uşaqları”na qarşı təbii olaraq ictimai qınaq var. Bəs onlar bu antivətən davranışlarına görə hüquqi məsuliyyət də daşıyırlarmı? Onlar özbaşına buraxılsa, qarşıda sülh prosesində daha böyük xain davranışlara yol verə bilərlər. Savaş bitməyib, ona görə də informasiya-təbliğat məkanında bütün bu kimi davranışlar diqqətdə saxlanılmalıdırmı?

Bu gün təbii ki, bu prosesi pozmaq istəyən bəzi qüvvələr var"

Xəyal Bəşirov: “Hüquqi məsuliyyətə cəlb olunmalıdırlar, söz azadlığı heç kimə o hüququ vermir ki, dövlətin, xalqın milli maraqlarına qarşı çıxışlar edəsən”

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, çox təəssüf doğuran vəziyyət olsa da, cəmiyyətimizin içərisində az sayda adamların milli maraqlara qarşı çıxışlarına, yazılarına rast gəlinir. Həm daxildə, həm də gedib xaricdə özünə yuva tapan qaragüruh Azərbaycanın uğurlarına kölgə salmaq, milli məsələmizə lağ etmək yolunu tutublar. Vətəndaş cəmiyyəti təmsilçilərinin, gənclərin Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün etdiyi fədakarlığa belə, həmin qaragüruh aşağılayıcı tərzdə yanaşır, aşağılama kampaniyası aparır: “Bu, bir daha ondan xəbər verir ki, onlar əslində Azərbaycan xalqı ilə həmrəy deyillər, faktiki olaraq xarici qüvvələrin, ermənilərin maraqlarına açıq və ya dolayısı ilə xidmət edirlər. Laçın yolunda bir ay yarımdır Azərbaycan vətəndaşlarının ortaya qoyduğu çox böyük fədakarlıq nümunəsini aşağılamaq xalqa qarşı xəyanət yolunda olmaqdan başqa bir şey deyil. Aşağılayıcı fikirlər yazan, səsləndirən şəxslər Azərbaycana düşmən olan xarici qüvvələr tərəfindən idarə olunan şəxslərdirlər. Bu şəxslərin həmin fikirləri ilə ermənilərin sosial şəbəkələrdə yazdıqları çox vaxt eyni olur. Azərbaycanın ekofəallarının Laçın yolunda aksiyasının dayandırılmaması erməniləri və ermənilərin havadarlarını narahat edir. Ona görə də onlar özünü azərbaycanlı adlandıran həmin qaragüruhun ayrı-ayrı təmsilçilərinə hərəkətə keçmək, aksiyanı qaralamaq, ələ salmaq, əhəmiyyətini kiçiltmək barədə əmr veriblər. Qaragüruh isə bu əmri can-başla icra etməyə çalışır. Belə qüvvələr, belə adamlar Azərbaycan üçün zərərli parazitlərdir. Onlar potensial vətən xainidirlər, ən həlledici anlarda vətəni satmağa hazırdırlar. Belələrini ilk növbədə Azərbaycan xalqı, cəmiyyətimiz sərt formada qınamalıdır, onlara heç kim salam verməməlidir. Müvafiq rəsmi qurumlar isə Azərbaycanın milli maraqlarına xidmət eləyən istənilən aksiyaya, prosesə qarşı aşağılayıcı fikirlər yazan, səsləndirən şəxsləri nəzarətə götürməli, onlara xəbərdarlıq etməlidir. Xəbərdarlıqdan nəticə çıxarmayanlara qarşı hüquq müstəvisində cəza tədbirləri tətbiq olunmalıdır. Söz azadlığı heç kimə o hüququ vermir ki, dövlətin, xalqın milli maraqlarına qarşı çıxışlar edəsən. Özünə azərbaycanlı deyən şəxs Azərbaycanı işğalçı adlandırırsa, beləsinə qanunun sərt üzü göstərilməlidir. Dövlətə böhtan atmaq Cinayət Məcəlləsində cinayət məsuliyyəti yaradır. Ona görə də Azərbaycan dövlətinə heç bir əsas olmadan böhtan atıb onu Ermənistanın ərazisini işğal etməkdə günahlandıran vətəndaşlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılmalıdır. Bu cür insanların fəaliyyəti çox ciddi nəzarət altına alınmalıdır. Çünki onlardan hər cür xəyanət gözlənir”.

Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Laçın dəhlizində ekofəallara dil uzadanların qanı pozuqdur”

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi və torpaqlarını işğaldan azad etməsi Qərbdə bir sıra mərkəzləri və ona bağlı olan şəxsləri narahat edir. Həmin mərkəzlər uzun illərdir ələ aldıqları bəzi azərbaycanlıları hərəkətə gətiriblər. Laçın yolundakı aksiyanı qaralama aksiyasının arxasında məhz bu məqam dayanır: “Azərbaycandan bu mərkəzlərə bağlı olan şəxslərin ekofəalların etirazına qarşı kampaniya təşkil etməsi birbaşa erməni lobbisinin və Ermənistan dövlətinin maraqlarına cavab verir. Bunun başqa adı yoxdur. Satılmış həmin şəxslər faktiki olaraq dövlət maraqlarını hədəfə alıblar. Anlamırlar ki, vətən məsələsində müxalifətçilik olmaz. Əgər, Laçın yolunda Azərbaycana qarşı düşmən mərkəzlərlə əlbir olub ölkəmizə qarşı informasiya müharibəsində iştirak edirlərsə, onlara qarşı hüquqi prosedur başlamalıdır. Erməni lobbisinə bağlı mərkəzlərdən qrant alan şəxslər üçün vətən deyilən məfhum yoxdur. Onlar üçün əsas hədəf maddi maraqlarıdır. Müxalifətçi donunda olan bu şəxslər erməni beyni ilə işləyir və düşməndən fərqləri içimizdə olmalarıdır. İçimizdə olmaları isə gələcəkdə daha önəmli həssas proseslərdə dövlətimiz üçün daha ciddi təhlükə vəd edir. Ona görə də bunların hüquq müstəvisində zərərsizləşdirilməsi mütləq lazımdır. Bir aydan çoxdur ki, Laçın dəhlizində etiraz edənlər bu vətən, bu xalq üçün ordadılar. Erməninin revanşist siyasətinin və silahlanmasının qarşını almaqla çox böyük fədakarlıq edirlər. Laçın dəhlizində ekofəallara dil uzadanların qanı pozuqdur, qanlarında erməni qanının olması şübhə doğurmur. Satqınları ciddi şəkildə cəzalandırmaq lazımdır. Sapı özümüzdən olan baltalara dur deməliyik. Bunu istər Əli Kərimlinin, istər başqa birisinin ətrafında olan şəxslər etsin, fərqi yoxdur, satqın satqındır və cəzalandırılmalıdır. Satqınlar cəmiyyətdən təcrid edilməsə, dövlətin gələcəyinə təhdidlər qalacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR