Onlayn ictimai-siyasi qəzet
ABŞ USAİD-in dəstəyi ilə yeni inqilab metodunu sınaqdan keçirmək istəyir, əsas adam da Samanta Pauerdir...
Qonşu Gürcüstanda baş verən növbəti qalmaqal ABŞ-nin Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq planı üçün düyməyə basdığına işarə edir. Rusiya ilə Ermənistan arasında iplərin qopmaq həddinə çatdığı bir dövrdə, analoji olaraq, Gürcüstanda baş verən hadisələr də sözügedən ölkədə Amerika kəşfiyyatına bağlı USAİD-in dövlət çevrilişinə hazırlaşmasından xəbər verir.
Gürcüstan cari ilin sonuna kimi Avropa İttifaqına namizəd statusunun həll olunmasını gözlədiyi bir dövrdə ölkədə iğtişaş yaratmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər.
USAİD Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə eyni üsullar, eyni taktikalara əl atılsa da, bu planlar dövlətin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilib və reallaşmasına imkan verilməyib.
Modern.az yazır ki, sözügedən qurumun Azərbaycana qarşı çirkin əməlləri bu gün də davam edir. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi regionunda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməni əsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAİD dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi. O, səfər zamanı isə “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. Samanta Pauerin adı qalmaqallarla yadda qalıb. Şübhəsiz ki, 2006-cı ildə lentə alınan qondarma erməni soyqırımından bəhs edən filmdə türkləri faşist adlandıran, soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən Pauer radikal ermənipərəstdir.
Bəs USAİD-in Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi nədir? Təbii ki, bağlı olduğu Soros Fondu.
Cəhdlərə baxmayaraq, USAİD-in Azərbaycanda rəngli inqilab, ölkədə narazılıq salmaq, dövlətlə xalq arasında qarşıdurma yaratmaq tipli arzuları ürəklərində qalır. MKİ rəhbərliyi və USAİD ağaları anlamalıdırlar ki, Azərbaycanda dövlətlə xalqın arasına girmək mümkün deyil. Amma görünür, Azərbaycanın səbir kasası bir gün dolacaq və Soros Fondu kimi qurumu ölkədən qovduğu kimi, USAİD-ə də qapını göstərəcək.
Yeganə Hacıyeva
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a çox maraqlı faktlar açıqladı: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində "Demokratiya doktrinası"nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirib ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə nəyin nəzərdə tutulması da maraqlı nüansdır. Samanta Pauer bu mənada dörd fərqli istiqamətə toxunub. Onun açıqlamalarından çıxan nəticə budur ki, “demokratik işartılar” konsepsiyası dörd mühüm əlamətlə müəyyənləşdirilir. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxildir. Diqqətçəkən məqam odur ki, bu “konsepsiya”da “vətəndaş cəmiyyəti”nə hakimiyyətdə olan lideri səlahiyyətdən kənarlaşdırmaq hüququ tanınır.
“Səfərbər olunmuş cəmiyyət səlahiyyət müddəti bitməsə belə, qeyri-demokratik lideri hakimiyyətdən kənarlaşdırmaq üçün hüquqlara malikdir və bu, demokratiyaya zidd deyil”, - deyə açıqlamada qeyd edilir.
Co Bayden administrasiyasına görə, belə yanaşma “demokratiyadan kasad ölkələr”də uğur qazanma ehtimalını artıracaq. Diqqət yetirsək, görərik ki, Samanta Pauer tərəfindən elan edilmiş bu proqram əslində ABŞ-nin yeni “məxməri inqilablar” strategiyası kimi də xarakterizə oluna bilər. Görünən odur ki, Vaşinqton digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi və amerikayönümlü hakimiyyətlərin qurulması üçün yeni strategiya reallaşdırmağa başlayıb. Yeni strategiyanın Samanta Pauerin dilindən açıqlanması da təsadüfi deyil. Həmişəki kimi, burada da USAİD ön sıradadır.
Yenilənmiş strategiyada diqqətçəkən məqamlardan biri də budur ki, qarşıdakı mərhələdə ABŞ inqilabları yalnız öz fondları vasitəsilə maliyyələşdirməyəcək. Ölkələrin daxilindəki oyunçulardan, məsələn, mövcud hakimiyyətdə olan və ya eks-məmurlardan maliyyənin qəbul edilməsi də məqbul sayılır.
Burada həmçinin demokratik açılımlara gedən ölkələrdə daxili siyasi qrupların islahatlardan bir-birinin mövqeyini zəiflətmək üçün alət qismində istifadə etməsindən faydalanmaq mexanizmi nəzərdə tutulur. ABŞ islahatlar prosesində bir qrupun geri çəkildiyi mövqelərdə digər qrupun möhkəmlənməsinə, demokratik açılım üçün nəzərdə tutulan imkanlardan bir qrupun digər qrupları gözdən salmaq üçün istifadə etməsinə dəstək verəcək".
Y.Hacıyeva Soros Fondu barədə bu fikirləri də səsləndirdi: “Azərbaycan haqqında danışsaq, Soros Fondunun bizim ölkədə əsas məqsədi ictimai-siyasi proseslərə ixrac etdiyi yad elementlərin kök atması və uzun müddətli hesabda bu elementlərin Azərbaycanın dövlət quruluşuna hədə yaratması üçün ilkin zəmini yaratmaq idi. Sorosun Açıq Cəmiyyət Fondunun Azərbaycanda əsas prioriteti gənclər və QHT sektorunda cəmiyyətə yad-radikal dini icmaların ixrac olunması, mühafizəkar dini qrupların siyasiləşməsi idi. Fəaliyyəti dövründə fondun maliyyəsi ilə Azərbaycanda dünyəvi üsul-idarənin möhkəm olmaması, ölkədə cəmiyyətin mütləq çoxluğunun dini üsul-idarənin rəğbəti haqqında yazılan yüzlərlə təbliğat materialları və bu təbliğatın yerlərdə aparılması üçün verilmiş yüzlərlə fərdi və institutsional qrantlar mövcud idi. Yekun nəticə olaraq fondun əsas missiyasi kənardan ixrac olunan radikal dini cərəyanların ölkədə inkişaf etməsinə və ən əsası bu radikal dini icmaların siyasiləşməsinə səbəb olurdu. Əlbəttə, digər təhsil və səyahət qrantları da verilirdi, lakin bu sahələr fondun Azərbaycandakı əsas missiyasının komuflyaj edilməsi üçün həyata keçirilirdi. Son illərdə fondun ölkə üzrə icraçıları radikal dini cərəyanların təbliğatçısı idi, təşkil etdiyi gənclərin siyasi aktivlik mövzusunda tədbirlərdə, qrant üçün müraciət edənlərin arasında radikal dini qrupların nümayəndələrə üstünlük verilirdi. Fond xaricdə dini təhsil və təlimlərdə iştirak üçün səyahət qrantlarını verir və ənənəvi dini qrupların nümayəndələrinin qonşu ölkələrə səyahətlərini qeyri-rəsmi maliyyələşdirirdi. Bir sözlə, fond Azərbaycanda demokratiya və bərabərlik əsaslı açıq cəmiyyət fəlsəfəsi adı altında, yerli dini təsəvvürlərdən fərqli radikal dini qrupların formalaşdırılması, inkişafı və siyasiləşməsinə təkan verəcək istiqamətdə fəaliyyət göstərirdi. Fondun Azərbaycan cəmiyyətinin dövlətin üsul-idarə baxışlarında dini üsula üstünlük verməsi haqqında cəfəng fikirlərinin biz illərlə bir sıra beynəlxalq təşkilatların hesabatlarına salınması cəhdləri ilə rastlaşdıq və onların rəsmilərinin şifahi ifadələrindən dəfələrlə eşitdik. Digər tərəfdən, Soros şəbəkəsini Azərbaycana qarşı beynəlxalq təşkilatlarda, onların iqtisadi və siyasi hesabatlarında həmişə öndə görürük. Beynəlxalq təşkilatlarda Soros şəbəkəsi ilə erməni lobbisinin alyansı illərdir ki, Azərbaycana qarşı gedən proseslərdə aparıcı qüvvədir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ