İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonuncu ŞANS – Paşinyan və xalqı bu il o qərarı verməsə...

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla barışıq mövzusunda son günlər sensasion görünə bilən yeni açıqlamalar verib. Məsələn, ilk dəfə etiraf edib ki, ölkənin yeni konstitusiyasının mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır – hansı sənəddə ki, nəinki “Dağlıq Qarabağ”, üstəgəl, keçmiş Şaumyan (kənd) rayonu (hazırda Goranboyun tərkibindədir) Ermənistan ərazisi sayılır.

“Lakin qərarı Ermənistan xalqı verməlidir. “Lehinə” və ya “əleyhinə” arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər”. Bunu da Paşinyan ərz edib.

Əlbəttə ki, erməni xalqının hansı mövqe tutacağı ən önəmli. Ancaq aydındır ki, başda Qarabağ klanı olmaqla radikal-revanşist müxalifət, “müharibə partiyası” əhalini yönəltməyə çalışacaq, əlindən gələni edəcək ki, Paşiyanın konstruktiv, faktiki öz xalqının xilasına aparan təklifi fiasko olsun...

Söhbət xüsusən də Xocalı hərbi canisi Robert Köçəryan və başının dəstəsindən gedir. O Köçəryan ki, 1998-ci ildə, Levon Ter-Petrosyan devriləndən az sonra Ermənistanda qanunun tələb elədiyi kimi, 10 il yaşamadığı halda, məhz indiki konstitusiya əsasında prezidentliyə namizədliyi qeydə alınmış, ardınca prezident “seçilmişdi”. Çünki Ermənistanın Konstitusiya Məhkəməsi onun Qarabağda yaşadığı illəri Ermənistanda yaşadığı illər kimi təsdiqləmişdi.

Elə isə hələ də qüvvədə olan həmin konstitusiya ərazi bütövlüyü və suverenliyimiz üçün necə təhlükəli olmaya bilər? Qısacası, siyasi liderləri daxil, erməni toplumunun qərarı əsla adi mövqe olmayacaq, həqiqi mənada sülhlə müharibə arasında seçim olacaq. Yəni iqtidarlı-müxalifətli bu xain millət Azərbaycanla dinc-yanaşı yaşamaq istəyirmi, yoxsa yeni müharibənin, növbəti “dəmir qapaz”ın arzusundadır?..

Paşinyan həmçinin ölkədə “Qarabağ hərəkatı”nın davamının olmayacağını bir daha bəyan edib. Amma və lakin... Az qala həmin sözlərin səsləndiyi gün İrəvanda uydurma “artsax parlamenti”nin iclası keçirilib. Bu haqda geydirmə və mifik qurumun üzvü Metakse Akopyan bildirib.

“İclasda “artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib. Dəyişikliklərə əsasən, “dövlət institutları”nın davamlılığı təmin edilib. Ümid edirəm ki, iclas həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat qabiliyyətli olmasına stimul yaradacaq. Dəyişikliklər “prezidentin” səlahiyyətlərini genişləndirə bilər”, - Akopyan sərsəmləyib və əlavə edib ki, iclasda 30 “deputat” iştirak edib və “layihə” yekdilliklə qəbul edilib.

Bu da hələ hamısı deyil. İki gün öncə fransalı deputat Nikolas Metzdorf İrəvanda oyuncaq rejimin sonuncu qondarma başçısı Samvel Şahramanyanla görüşüb. Bu barədə o, özünün X səhifəsində yazıb. “Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ bölgəsi - red.) mühacirətdə olan prezidenti ilə İrəvanda görüşə bildim”, - fransız deputat sarsaqlayıb...

Sözsüz ki, Paşinyan Azərbaycana qarşı hər iki təxribatçı hadisədən xəbərdardır. Eləcə də İrəvanda “artsax nümayəndəliyinin” fəaliyyət göstərdiyini bilməmiş deyil. Di gəl ki, heç bir önləyici tədbir görməyib, görmür. Ya da görmək istəmir. Belə çıxır, özü şərait yaradır ki, yerli və əcnəbi avantüristlər rahatca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə pozucu fəaliyyətlərini davam etdirsinlər.

Odur ki, Azərbaycan tam haqqına, erməni rəsmilərinin yalnız əməllərinə diqqət edib qiymət verəcək. Obrazlı desək, “ilanın ağına da lənət, qarasına da”. Əgər bu bizim tanıdığımız qəbilədirsə, onların heç yazılı vədinə inanmaq çətindir, o ki ola qulağa xoş gələn quru bəyanatlarına.

O səbəbə zərrəcə arxayınlaşıb eyforiyaya düşməməli, qonşu ölkədə konstitusiya oyununun nə ilə bitəcəyini səbirlə gözləməliyik. Görək Paşinyan Qarabağı ermənilərə unutdura biləcəkmi? Özü necə, unudubmu? Hər halda, 2025 “suların” xeyli dərəcədə durulacağı həlledici il olacaq.

Azərbaycan üçün ən prinsipial, taleyüklü məsələ bu – konstitusiya dəyişikliyi. Daha bir səbəbə: referendum və onun nəticələrinə münasibət Ermənistanın havadarlarının da iç üzünü ortaya qoyacaq. Dost-düşmələrimizin səfinə bir daha aydınlıq gələcək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR