İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonuncu dissident – Dünyanın ən ağıllı ermənisi 37 il öncə demişdi ki…

Onu “dünyanın ən mübariz ermənisi” adlandırmaq olar. Hələ 1967-ci ildə, 18 yaşı olarkən gizli "Ermənistan milli birləşmiş partiyası"na üzv, sonra isə onun lideri olub, sovet hökumətinə qarşı çıxıb.

“Zəmanəsinin ən əzabkeş erməni siyasətçisi” də odur. Siyasi fəaliyyətinə, dissidentliyinə görə, 1969-cu ildə həbs olunub, Mordoviyadakı sərt rejimli koloniyada 4 il həbs cəzası çəkib, 1973-cü ildə İrəvana qayıtdıqdan sonra inzibati nəzarətə götürüüb, 1974-cü ildə nəzarəti pozduğuna görə 2 il düşərgə cəzası aldı, məhkəmədən sonra DTK-nın istintaq təcridxanasına yerləşdirilib, ümumilikdə təkadamlıq kamerada 300 gündən çox saxlanılıb, 1988-ci ilin fevralında SSRİ vətəndaşlığından məhrum olunub və Efiopiyaya deportasiya edilib, 1 dəfə sui-qəsdə, öz ölkəsində xroniki təhqirlərə məruz qalıb.

“Dünyanın ən obyektiv ermənisi” nominasiyasının qalibi də, yəqin ki, odur. 1988-ci ilin fevralında Sumqayıtda baş vermis qanlı hadisələrə hamıdan fərqli, gerçəkdən obyektiv sayıla biləcək qiymət verib, deyib ki, bu hadisələrdə Azərbaycan xalqının və respublika rəhbərliyinin günahı yoxdur, qırğını sovet dövləti, SSRİ DTK-sı məqsədli şəkildə törədib. Məhz buna görə onu ölkə vətəndaşlığından məhrum ediblər.

Haqqında söhbət gedən adam Paruyr Ayrikyandır. O, Efiopiyaya deportasiya edilməsi hadisəsini xatırlayaraq yazıb ki, onu Amerikaya, Fransaya, Almaniyaya, İsveçrəyə aparardılarsa, gömrük xidmətlərinə onların ölkəsinə getmək istəmədiyini deyəcəkmiş. Bu halda mövcud qaydalara görə, həmin ölkələr onu qəbul etməyəcək, kommunistlər onu geri qaytarıb başqa variant axtarmağa məcbur olacaqmışlar. Amma təhlükəsizlik zabitləri Ayrikyanı Efiopiyaya aparıblar. Onun sözlərinə görə, deportasiyasına yarım milyon pul xərclənib. Ayrikyanı Ermənistandan Moskvaya, oradan da Efiopiyaya xüsusi dövlət təyyarəsi ilə, 8 nəfərin müşayiəti ilə aparıblar. İki ildən sonra o, yenidən rəvana qayıdıb.

1949-cu ildə İrəvanın Sovetaşen, indiki Nubaraşen rayonunda doğulan, hazırda 76 yaşı olan Ayrikyan xalqının “ən uzaqgörən siyasətçisi” adlandırılmağa da layiqdir. Çünki məhz Qarabağ münaqişəsi yeni başladığı vaxtda get-gedə qızışmaqda və qana hərislik göstərməkdə olan ermənilərə müraciət edərək deyib ki, Azərbaycanla münaqişəyə girmək yox, onunla müttəfiq olaraq Moskvaya qarşı çıxmaq, hətta vahid respublikada birləşmək lazımdır. O, Qafqazın bütün bəlalarının günahını Moskvada görürdü, bu gün də o fikirdədir.

paruyr.jpg (92 KB)

P.Ayrikyan qatı millətçi olmasa da, Ermənistan patriotudur, xalqını sevir, onun azad, müstəqil, firavan olmasını istəyir. O, hələ sovet vaxtından “Milli müqəddəratı təyinetmə” partiyası yaradaraq ona rəhbərlik edir, 1992-1993-cü illərdə Gorus rayonunun komendantı olaraq, cəbhə xəttindən qaçan ermənilərin Sünikdə yerləşdirilməsini və mühafizəsini təşkil edib.

O, 1990-cı ildə Ermənistan parlamentinin deputatı seçilib, dövlət müstəqilliyinin təsdiqi və milli siyasət məsələləri daimi komissiyasının üzvü, “Azad parlamentarlar” qrupunun katibi olub. 1995-1999-cu illərdə də deputat mandat daşıyıb.

2003-cü ilin fevralında və 2013-ci ildə Ermənistanda keçirilən seçkilərdə prezidentliyiə namizədliyini irəli sürüb, ancaq ən az səs alan namizədlərdən biri olub.

Ayrikyan yaradıcı adamdır, bir çox mahnıların, şeirlərin, nəsr əsərlərinin, memuar və ssenarilərin müəllifidir.

Bu şəxs 37 il əvvəl seçdiyi yola sadiqdir və hələ də ermənilərlə azərbaycanlıları barışdırmağın yolunu yaxşı bildiyini deyir. Başqa siyasətçilər, xüsusilə də prezidentliyə namizədlər seçkiqabağı təbliğat-təşviqat kampaniyasında çıxışlarını Azərbaycan və Türkiyə ilə düşmənçiliyi dərinləşdirmək və qızışdırmaq üzərində quranda o, barışıqdan, qarşılıqlı anlaşmadan danışıb.

Ancaq Ermənistan-Azərbaycan münaqişəsinin həlli reseptini bildiyini deyən Ayrikyan onu tam şəkildə açıqlamaqdan imtina edib və belə deyib: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli düsturu ilə bağlı bir neçə məqam var. Deyə bilərəm ki, mənim proqramım aşağıdakı ideyaya əsaslanır - mühüm olan qələbə yox, sülhdür, qələbə və ya bir neçə torpaq parçasının itirilməsi üçün qonşularla sülhü təhlükəyə atmağın mənası yoxdur. Məsələni beynəlxalq hüquq normaları əsasında həll etmək lazımdır".

O, bunu deyəndə 2020-ci ilə hələ 7 il vardı və Ermənistan ictimaiyyəti ildən-ilə şiddətlənən qələbə eyforiyasında idi. Ona görə də erməni elektoratı Ayrikyanın problemi “beynəlxalq hüquq normaları əsasında həll etmək” çağırışını qulaqardına vurub.

Hazırda isə erməni xalqının bir yarısı o deyənə gəlib, “beynəlxalq hüquq normaları” onların yadına indi düşüb. Bununla belə, Ermənistanda hələ də onu “türkofil” sayan revanş ovqatlı şəxslər çoxdur və 76 yaşlı müdrik insanın dediklərinə məhəl qoymurlar.

Maraqlıdır ki, Nikol Paşinyanın baş müxalifətçi olaraq hakimiyyətə can atdığı dönəmdə Paruyr Ayrikyan ona dəstək verib, indiki baş nazirin yürüşlərində onunla yanaşı addımlayıb. Ancaq ötən il o, Paşinyanı tənqid edib. Buna səbəb heç də Paşinyanın Azərbaycanla sülhə meyllənməsi olmayıb. Ayrikyan Paşinyanı müxalifətlə sərt davrandığı, demokratdan diktatora çevrildiyi üçün tənqid edir.

SSRİ-dən qovulmuş sonuncu dissident olan Paruyr Arşaviroviç hələ də dissident olaraq qalır. Dünyanın ən sülhpərvər, ən ağıllı ermənisi layiq olduğu qiyməti almadan gedəcək.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR