İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektrikli avtomobilin içində diri-diri yandı: Çinin “ağıllı texnologiya”nın qorxunc tərəfləri - VİDEO

Çinin Çendu şəhərində Xiaomi SU7 markalı elektrik avtomobili ilə baş verən dəhşətli qəza ölkə və dünya ictimaiyyətində böyük səs-küy yaradıb.

Musavat.com xəbər verir ki, qəza zamanı avtomobil qəfil alovlanıb və qapılar kilidləndiyi üçün sürücü xilas ola bilməyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yol kənarındakı baryerə çırpılıb. Zərbədən sonra maşının batareya bloku partlayaraq yanğına səbəb olub. Qısa müddətdə bütün salonu alov bürüyüb, lakin avtomobilin elektron qapı sistemi kilidləndiyi üçün sürücü içəridə qalıb. Hadisə yerinə toplaşan insanlar pəncərəni sındırmağa çalışsalar da, avtomobili vaxtında aça bilməyiblər.

Polisin açıqlamasına əsasən, yanaraq həlak olan şəxs 31 yaşlı “Deng” soyadlı sürücü olub. İlkin versiyaya görə, hadisə vaxtı o, tək imiş və qəzadan bir neçə saniyə sonra avtomobilin bütün enerji sistemi sıradan çıxıb. Bu səbəbdən həm qapılar, həm də təhlükəsizlik sistemləri bloklanıb.

Sürücünün yaxınlarının bildirdiyinə görə, o, avtomobili cəmi bir ay əvvəl almışdı. Hadisədən dərhal sonra Xiaomi şirkəti rəsmi açıqlama yayaraq polisə tam əməkdaşlıq etdiyini və hadisənin səbəblərinin araşdırıldığını bəyan edib.

Hadisədən sonra Xiaomi şirkətinin səhm dəyəri 8–10 faiz civarında azalıb. Analitiklər bu hadisəni “elektron idarəetməyə həddən artıq güvənmənin faciəvi nəticəsi” kimi qiymətləndiriblər.

Ekspertlər bildirirlər ki, bir çox müasir elektrik avtomobillərində qapı mexanizmləri tam elektron sistemlə işlədiyi üçün qəza zamanı enerji kəsildikdə qapılar açılmır. Əl ilə açma sistemi isə salonun içərisində, bəzən çətinliklə əlçatan hissədə yerləşir.

Hadisə Çin avtomobillərinə etimadı sarsıdıb. Qeyd edək ki, bu, son illərdə Çində baş verən elektrik avtomobili ilə bağlı ən faciəvi hadisələrdən biridir. Ekspertlərin fikrincə, bu qəza gələcəkdə elektrik nəqliyyatının təhlükəsizlik standartlarının yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR